Mənfi xəbərlər sağlamlıq problemlərinə səbəb olur?
29 Mart 2024 13:10 SosialYaşadığımız dövrdə informasiya almaq hüququ və azadlığı şəxsiyyətin ən fundamental hüquq və azadlıqlarından biridir və hər bir ölkədə olduğu kimi, Azərbaycanda da konstitusiya ilə təmin edilir. İnformasiya almaq cəmiyyətin düzgün işləməsi, yaxşı ünsiyyət şəbəkəsi və xəbərlərin ən yüksək səviyyədə sərbəst dövriyyəsi üçün tələb olunan əsas elementdir. Demokratik cəmiyyətlərdə fərdlər xəbər almaq, fikirlərini ifadə etmək və yaymaq kimi əsas hüquq və azadlıqlarından istifadə edərək xəbərlər vasitəsilə xarici dünyanın reallığına çatmağa çalışırlar. Xəbərlər insanın xarici aləmə olan maraq və gözləntilərini qarşılamaqla ehtiyac duyduğu psixoloji və sosioloji rahatlığı qarşılamağa kömək edir və fərdi sosial varlıq kimi ünsiyyət şəbəkəsində yerləşdirir. Bu səbəbdən xəbər almaq və ya xəbər vermək vəzifəsi sadə, səthi və ya fərdi bir işdən daha çox, istehsal, təqdimat və qavrayış üçbucağında öz mənasını tapan mürəkkəb və çoxfaktorlu proses kimi meydana çıxır. Xəbər həm də istehsal, təqdimat və qavrayış proseslərində bir sıra sosial və psixososial funksiyaları yerinə yetirir. Xəbərlər vasitəsilə cəmiyyətə siyasi, iqtisadi, sosial, bədii və elmi məlumatlar təqdim olunur. İctimai rəy müəyyən istiqamətdə formalaşır və maarifləndirmə, əyləncə, istirahət və reklam kimi bir sıra məqsədlərə xidmət edir. Bütün bu proseslər xəbərin sosial həyatda əvəzolunmaz əhəmiyyətindən və əvəzolunmaz xüsusiyyətindən xəbər verir. Lakin bu vəziyyət həm də KİV vasitəsilə ictimaiyyətə təqdim olunan xəbərlərdə müəyyən meyarların olmasını zəruri edir.
Bununla belə, jurnalistika praktikasının və xəbərə tələbatın çap mediasından audio və vizual mediaya keçməsi də xəbər fenomeninin dəyişməsinə səbəb olub. Xüsusilə, vizuallığın ön planda olduğu televiziya, xəbər istehsalı və təqdimatında tamamilə yeni bir dövr açıb, məlumatlandırma funksiyasından kənara çıxaraq, daha çox insana çatmaq, daha çox insanın diqqətini cəlb etmək üçün şouya çevrilib. Düşüncədən çox hərəkət, izahdan çox təəccübləndirici element olan və fikirdən çox şəxsi düşüncəyə əsaslanan bu şou cəmiyyətin əsas dəyərlərini formalaşdıran bir fenomendir. Televiziya jurnalistikasında yaşanan dəyişiklik və transformasiyalar xəbərin əsas meyarları olan xəbər dəyərlərinin də dəyişməsinə səbəb olub. Bu nöqtədə bir hadisənin xəbər dəyəri onun tamaşaçılara göstərəcəyi təsirlə ölçülməyə başlayıb. Tamaşaçıları hədəfləyən xəbər istehsalçıları daha çox təsir və daha çox sensasiya üçün informasiya aspektlərini bir kənara qoyaraq hadisələrin dramatik tərəflərinə diqqət yetirməyə başlayırlar. Bu vəziyyət təbii fəlakətlər, qəzalar, qətllər, qəsb və soyğunçuluq, təcavüz və zorlama kimi çoxlu zorakılıq, şiddət və digər mənfi hallar ilə müşayiət olunan mənfi hadisələrin digər sıradan hadisələrdən daha çox xəbər dəyərinə sahib olmasına və daha çox televiziya xəbərlərində, mediada yer almasına səbəb olub.
Sosial medianın, ümumiyyətlə informasiya vasitələrinin həyatımızın ayrılmaz bir hissəsi olduğunu nəzərə alsaq, qeyd etməliyik ki, mənfi xəbərlərlə, görüntülərlə qarşılaşmağımız qaçınılmazdır. Buna misal olaraq, ailəsinin 5 üzvünü qətlə yetirən şəxsin qətli törədərkən lentə alınan videogörüntülərini göstərmək olar ki, uzun müddət sosial şəbəkələrdə müzakirə olunan bu videolar demək olar ki, uşaqdan böyüyə hər kəsin qarşısına çıxdı.
Bəs bu kimi mənfi xəbərlər insan psixologiyasına necə təsir edir? Özümüzü bu xəbərlərin təsirindən necə qorumalıyıq?
Psixoloq Ülkər Məmmədli bildirir ki, mənfi xəbərlərin geniş yayılması insan psixologiyasına da mənfi təsir edir:
"Medianın psixologiyamıza təsiri günü-gündən artan bir məsələdir. Bu gün televiziya, radio, internet və sosial media kimi ünsiyyət vasitələri gündəlik həyatımızın mərkəzindədir. Media emosional vəziyyətimizə, davranışımıza və düşüncə tərzimizə təsir edə bilir. Müsbət xəbərlər insanların mənəviyyatını, əhval-ruhiyyəsini yüksəldə bildiyi halda, mənfi məzmunlar narahatlıq, stress, travma və hətta depressiya kimi psixoloji problemlərə səbəb ola bilir.
Ölkəmizdə baş verən hadisələr, dünyada artan fəlakətlər, böhranlar da bizə bu xəbər mənbələri vasitəsilə çatır və buna görə də daha çox neqativ xəbərlər qəbul edirik. Psixologiya ilə bağlı aparılan bir çox araşdırmalarda mənfi xəbərlərin insan psixologiyasına mənfi təsir etdiyi vurğulanır və bunun bir çox insan tərəfindən yaşandığı da mütəxəssislərin təcrübələrində görülür. Bu gün sosial şəbəkələrdə, televiziyalarda izlədiyimiz mənfi xəbərlər bizə psixoloji olaraq çox təsir edir. Travmatik hadisələr, bu hadisələrə məruz qalma, sağlam məlumat əldə edə bilməmək, informasiya çirklənməsi fərdlərdə etibarsızlıq, narahatlıq, məyusluq, çarəsizlik, qorxu və travma kimi bir çox duyğular yaradır. Bu duyğuların yüksək intensivliyi çox vaxt insanın sağlam düşünməsinə və hərəkət etməsinə mane ola bilər. Bütün bunlar fərdin mövcud psixoloji problemlərinin artmasına səbəb ola bilər və hətta çox vaxt travma sonrası stress pozğunluğu dediyimiz pozğunluğa da səbəb ola bilər.
Media və informasiya vasitələrində bu hallara az da olsa diqqət edilsə də, təəssüf ki, sosial şəbəkələr haqqında bunu demək mümkün deyil. Çünki şiddət, zorakılıq, qətl və digər mənfi xarakterli görüntülər əsasən sosial şəbəkələr vasitəsilə yayılır və insanların diqqət mərkəzinə çatır. Sosial media hər nə qədər ünsiyyət və məlumat mübadiləsi kimi bir çox sahədə həyatımızı asanlaşdırsa da, xüsusilə şüursuz və həddindən artıq, yalnış istifadə edildikdə psixologiyamıza mənfi təsir göstərə bilir.
Bu cür xəbərlərə məruz qalmamaq, yalnız bir neçə etibarlı mənbəni izləmək, informasiya çirklənməsinin həqiqətini bilə-bilə xəbərləri dəyərləndirmək, emosiyalarımızın normal olduğunu bilmək, belə halların qarşısının alınması üçün əlimizdən gələn hər cür konkret dəstəyi vermək, həmçinin gündəlik həyat rutinlərini qoruyub saxlamaq, psixoloji sağlamlığın qorunmasında mümkün qədər dəstək olacaq".
Sosioloq Lalə Mehralının sözlərinə görə, bu cür xəbərlərin üzə çıxarılmaması daha məqsədəuyğundur:
"Mən ümumiyyətlə, bu tip xəbərlərin oxunmamasının tərəfdarıyam. Düzdür, biz mətbuat adamıyıq, hamımız işimizlə bağlı olaraq, gündəmi izləməyə məcbur oluruq. Amma mətbuatla əlaqəsi olmayan sadə bir vətəndaşın bu cür məlumatlardan uzaq durmasını həmişə müdafiə etmişəm. Çünki insan nə oxuyursa, psixoloji vəziyyəti də ona bir növ adaptasiya olunmuş vəziyyətdə olur. Nə görürüksə, bizim alt şüurumuza təsir edir, nə oxuyuruqsa, alt şüurumuzda yerləşir. İntihar xəbərləri, qətl xəbərləri, zorakılıqla bağlı və digər bu tip materialların həm yayılmasının, dərc edilməsinin, həm də istehlak edilməsinin heç vaxt tərəfdarı olmamışam və özüm də bir mətbuat insanı olaraq heç vaxt bu tip xəbərləri oxumuram. Çünki bəzən məndən asılı olmayan səbəblərdən oxuyanda, qarşıma qəfil çıxanda belə bu cür kadrlar, həmin gün ciddi formada sağlamlıq problemləri yaşayıram. Mənəvi problemləri bir tərəfə qoyuram. Yəni bu, sağlamlığımda ciddi formada özünü büruzə verir. Mən sağlam bir insan olaraq bu cür hallara düşürəmsə, o zaman ürək, təzyiq, şəkərli diabeti olan insanların bu cür xəbərlərdən sonra sağlamlıq vəziyyətinin hansı səviyyədə təsir eləməsi görün nə qədər real ola bilər. Yəni ürək xəstəsi olan bir insanın şəkəri olan, diabetli xəstə olandan sonra, təzyiqi olan bir insan bu cür kadrları görsə, qətl xəbəri, zorakılıq xəbəri oxusa, izləsə görün onun sağlamlığında nə qədər problem yarana bilər. İnsanlar özləri belə özünün fərqində deyil, belə xəbərləri acgözlüklə oxuyurlar. Bunu da anlamış deyiləm. Bu cür xəbərlərə tələbat niyə çoxdur? Niyə insanlar zorakılıq xəbərlərini oxumaqdan, bu cür videogörüntüləri izləməkdən bu qədər zövq alırlar? Niyə belə xəbərlərə bu qədər acgözlüklə davranırlar? Bax bu da müəmmadır. Ona görə, bəlkə də bu qədər yayılmasa, bu qədər istehlak da edilməz, bu cür xəbərlərin istehsalını dayandırmaq lazımdır. Mən demirəm ki, baş vermir, bu cür zorakılıq vəziyyətləri, qətl hadisələri, döyülmə anı, cəmiyyətdə çox baş verir. Amma oldusa, mətbu orqanlar, saytlar özünü bunu yayımlamaq məcburiyyətində hiss eləməlidir, elə qaranlıqda qalsa yaxşıdır. Çünki nə qədər çox yayılırsa, bir o qədər də çox problemlər meydana çıxarır".
Röyalə Xəyal