Sosial müdafiə sistemində yeni yol xəritəsi
29 Mart 2024 12:35 SosialPensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və başlıca istiqamətlərdən biri sayılır. Həm əhatə dairəsinin genişliyinə, həm də sığorta prinsiplərini ehtiva etdiyinə görə, pensiya sistemi həmişə əhalinin xüsusi maraq dairəsində olur. Ölkəmiz iqtisadi və sosial cəhətdən inkişaf etdikcə hər bir vətəndaş pensiya sistemində iştirakı özü üçün zəruri sayır və əmin olur ki, bu gün onun sığortalanması gələcək pensiya təminatı ilə birbaşa əlaqədədir. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Əvvəlki illərlə müqayisədə bu gün iqtisadi sferada qeyri-rəsmi fəaliyyət göstərən daha çox vətəndaş əmək müqaviləsinin bağlanmasını mütləq hal kimi qəbul edir.
Hazırda ölkədə tətbiq olunan pensiya sistemi artıq 2006-cı ildən etibarən fərdi uçot əsasında müasir standartlara və sosial sığorta prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Həmin vaxta qədər ölkədə sovet dövründən qalmış, müasir iqtisadi prinsip və metodlarla uzlaşmayan, sığorta prinsiplərinə əsaslanmayan pensiya sistemi mövcud idi. Pensiyaların hesablanması aparılarkən son 2 ilin əməkhaqqına istinad edilməsi vətəndaşların ümumi əmək fəaliyyətini müəyyənləşdirən uğurlu meyar hesab oluna bilməzdi. Eyni zamanda, sosial sığorta haqlarının yığılması zamanı kifayət qədər problemlərin yaranması, sığorta haqqı hesablanarkən fərdiliyin gözlənilməməsi sistemə marağı azaltmaqla bərabər, həm də pensiya sisteminin maliyyə dayanıqlığına kölgə salırdı. Sadalanan amillər təbii olaraq, pensiya sistemində yeni islahatların reallaşdırılmasına ciddi əsaslar yaradırdı. Dövlət başçısının bu sahəyə xüsusi diqqəti sayəsində 2006-cı ildən etibarən sosial müdafiə sistemində yeni yol xəritəsi müəyyənləşdirildi. Həmin tarixdən ölkədə fərdi uçotun tətbiqinə start verilməklə bütün işləyən vətəndaşları əhatə edən sosial sığorta-pensiya sisteminin formalaşdırılmasına başlandı. İslahatlar çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında vətəndaşların nə qədər işlədiklərinə və onların fərdi hesablarında nə qədər pensiya kapitalının formalaşdığına dair məlumatların elektron şəkildə uçotu aparıldı. Sosial sığorta prinsiplərinin həyata keçirilməsinin ən üstün tərəflərindən biri əmək qabiliyyətli vətəndaşın işlədiyi dövrdə səmərəli və effektiv şəkildə fəaliyyət göstərməklə onu "sabahın narahatçılığı" düşüncəsindən xilas etməsi idi. Bundan əlavə, fərdi hesabda toplanan vəsaitin hər il mümkün inflyasiyaya uyğun şəkildə indeksləşdirilməsi, yığılan məbləğin heç bir itkiyə məruz qalmadığına və əməyinin nəticəsinin dövlətin himayəsində - etibarlı əllərdə olduğuna vətəndaşda inam yaranmasına ciddi əsaslar verdi.
Bu modelin uzunmüddətli uğurlu tətbiqi pensiya təminatı sistemində yeni inkişaf mərhələsinə yol açdı. Pensiya sistemində atılan addımlar həm vətəndaşların pensiyalarının məbləğlərinin artmasına, həm də pensiya hüququ əldə etmə imkanlarının kifayət qədər mülayimləşməsinə səbəb oldu. Belə ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2006-cı ildən 1 iyul 2018-ci ilə kimi hətta bir gün belə stajı (burada şərt sığorta ödənişinin şəxsin fərdi hesabında pensiya kapitalı şəklində formalaşmasıdır) olan vətəndaşlara 2006-cı il tarixinədək 25 il iş stajı tanındı. 25 il staj dövrü pensiya hüququnun yaranması üçün tələb edilən staj norması olduğundan dövlət tərəfindən edilən bu jestdən minlərlə vətəndaş müsbət mənada faydalana və pensiya hüququ əldə edə bildi. Burada zəruri qeydə ehtiyacı olan məsələlərdən biri də bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsidir. Hazırda olkədə pensiya yaşı tamam olan hər bir vətəndaş elə həmin gün mobil telefon nömrəsi vasitəsilə pensiya hüququ əldə etməsinə dair mesaj almaqla xoş xəbər əldə edə bilir. Mesaj bölməsində vətəndaşa pensiyanın məbləği və plastik kartı müvəkkil bankdan neçə gündən sonra ala biləcəyi ilə bağlı məlumat verilir.
Pensiya təminatı sistemində pensiyaların məbləğinin minimum həddinə yenidən baxılması və əhəmiyyətli şəkildə artırılması da yaddaqalan önəmli hadisələrdən biri idi. Pensiyaların sığorta hissəsində həyata keçirilən indeksləşdirilmə isə vacib əhəmiyyət daşıyırdı. Qeyd edək ki, pensiyaların indeksasiyası ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımına uyğun həyata keçirilir. Ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı atılan addımlar, eyni zamanda, Prezidentin 2019-cu ilin ortalarında dövlət qulluqçuları, hərbi qulluqçular, bir sıra xüsusi rütbəli şəxslərin əməkhaqlarının böyük həcmdə artırılması ilə bağlı sərəncamları ümumilikdə ölkə üzrə orta aylıq əməkhaqqının önəmli ölçüdə artımına səbəb oldu.
Onu da qeyd edək ki, ölkələrin iqtisadi sistemlərində mühüm göstərici olmaqla ölkə üzrə orta aylıq pensiyanın məbləğinin orta aylıq əməkhaqqına nisbəti şəklində müəyyən edilir. Azərbaycanda əldə olunan göstəricilər Avropa Sosial Xartiyasının müəyyənləşdirdiyi minimum 40 faizlik öhdəliyə, artıq neçə ildir, tam cavab verir. Pensiyaların ödənilməsi xərcləri inkişaf etmiş ölkələrin iqtisadi və sosial siyasəti içərisində daima əhəmiyyətli paya sahib olub. Sosial dövlətin təməl prinsipləri məhz vətəndaşın rifahını təmin etməkdir. Ümumi daxili məhsulda (ÜDM) pensiya ödənişi xərclərinin payının artması dövlətin məhz sosialyönümlü olmasının əsas göstəricilərindəndir. Uzun illərdir, müstəqillyin səadətini yaşayan Azərbaycan vətəndaşları pensiya təminatının artan xətt üzrə inkişafını zaman-zaman, mərhələ-mərhələ öz həyatlarında hiss edirlər. Göründüyü kimi, son illər ərzində pensiya sistemində bir sıra göstəricilər üzrə müsbət dəyişikliklər baş verib. Görülən tədbirlər zamanı sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması niyyəti ilə bərabər, dövlətin öz vətəndaşının yanında olması, onun sosial rifahını hər şeydən üstün tutması, vətəndaşları həyatda baş verəcək mümkün sosial risk və təhlükələrdən müdafiə etməsi baxımından xoş niyyətin təzahürü kimi də qiymətləndirilə bilər.
Nurlan