TRIPP, ticarət və enerji: Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıq- ÖZƏL

Bişkekdə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə dövlət sərhədinin delimitasiyası və sülh prosesinin digər istiqamətləri müzakirə olunub. Tərəflər sərhəd komissiyalarının işinin əldə edilmiş razılaşmalar əsasında davam etdirilməsinin vacibliyini vurğulayıblar. Ticarət, tranzit, enerji və TRIPP üzrə praktiki addımların müzakirəsi isə münasibətlərin yalnız sülh müqaviləsi ilə məhdudlaşmadığını göstərir.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Bu görüşdə bir çox məsələlər müzakirə olundu. İxrac, tranzit, ticarət əlaqələrinin qurulması, rəsmi şəxslər arasında təmasların davam etdirilməsi, mülki-iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, dövlət sərhədinin delimitasiyası məsələsi də müzakirə olunan əsas mövzulardan biri idi.
Təbii ki, bütün bu istiqamətlər üzrə işlərin davam etdirilməsinin vacibliyi görüş zamanı bir daha vurğulandı. Çünki bu məsələlərin hər biri yekun sülh müqaviləsinin əldə olunması prosesində mühüm rol oynayır. Xüsusilə dövlət sərhədinin delimitasiyası başa çatdıqca, tərəflər arasında mövcud olan ərazi və sərhəd mübahisələrinin hüquqi müstəvidə həllinə daha möhkəm zəmin yaranacaq. Bu isə sülh müqaviləsinin əsas elementlərindən biridir.
Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni mərhələnin başladığını deyə bilərik. 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmalar, sülh prosesinin hazırlanması və irəli aparılması istiqamətində atılan addımlar bu mərhələnin əsasını formalaşdırır. De-fakto olaraq müəyyən sabitlik və sülh mühiti mövcuddur. Lakin bunun tam və hüquqi şəkildə rəsmiləşdirilməsi üçün hələ də çoxşaxəli işlərin görülməsinə ehtiyac var.

Sülh asan əldə olunan məfhum deyil. Bunun üçün tərəflər bir sıra həssas məsələləri həll etməlidirlər. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, bir-birinə qarşı ərazi iddialarının olmaması və bu prinsiplərin hüquqi sənədlərdə də öz əksini tapması xüsusi əhəmiyyət daşıyır. Ermənistanın hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarına istinadların mövcudluğu məsələsi də bu baxımdan həllini tapmalı olan əsas məqamlardan biridir.
Ona görə də bütün bu məsələlər sülh müqaviləsinə gedən yolda olduqca vacib elementlərdir. Bunlar həll olunmadan tam, həqiqi və davamlı hüquqi sülhdən danışmaq çətindir.
Hazırda Azərbaycanla Ermənistan arasında müəyyən sabitlik var və tərəflər razılaşdırılmış sülhə gedən yolda mütəmadi təmaslar həyata keçirirlər. Bu proses yalnız siyasi və diplomatik müstəvi ilə məhdudlaşmır. TRIPP layihəsi, tranzit, enerji və ticarət sahələrində də konkret işlər görülür.
Artıq Ermənistan cəmiyyəti də bu əməkdaşlığın praktiki nəticələrini görməyə başlayır. Azərbaycandan neft məhsullarının alınması, üçüncü ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana taxıl və digər məhsulların tranziti kimi nümunələr göstərir ki, sülhün iqtisadi və sosial dividendləri artıq müəyyən mənada hiss olunur.
Nikol Paşinyanın daxili siyasi mövqeyinin möhkəmlənməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki Ermənistan rəhbərliyi sülhün Ermənistan cəmiyyəti üçün gətirə biləcəyi faydaları daha açıq şəkildə təqdim etmək və cəmiyyətə izah etmək imkanına malikdir. Bu da yeni mərhələnin davamlı olması baxımından mühüm amildir.
Bundan sonrakı mərhələdə əsas məsələ Ermənistanın öz hüquqi bazasında Azərbaycana qarşı ərazi iddiaları yarada biləcək müddəalara münasibətidir. Konstitusiyada və Müstəqillik haqqında Bəyannamədəki müvafiq istinadların aradan qaldırılması və gələcəkdə bu sənədlərin Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsası kimi istifadə olunmamasının təmin edilməsi sülh prosesinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bu məsələlər öz həllini tapdıqdan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərdə tamamilə yeni mərhələnin başlanması və həqiqi, davamlı və hüquqi baxımdan dayanıqlı sülh üçün daha möhkəm zəminin formalaşması mümkün olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31