Dövlət insanların özünü ifadə edə bilməsi üçün şərait yaradır
29 Mart 2024 11:29 Sosialİstiqamət 5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Fikir, söz və məlumat azadlığı, hər bir ölkə üçün demokratiyanın əsas prinsipidir və insan hüquqları ilə bağlı bütün sənədlərdə ilk növbədə vurğulanır. Açıq cəmiyyətlərdə hər bir fərdin heç kimin müdaxiləsi olmadan istədiyini düşünmək hüququna malik olması və bu hüququn qorunmalı olması, düşüncə azadlığının sadəcə olaraq beyində qalan mücərrəd bir proses olmadığı açıq cəmiyyətlərdə konsensusun əsas prinsipinə çevrilmişdir.
Azərbaycanda da fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır, layihələr həyata keçirilir.
Media eksperti Azər Həsrət bildirir ki, fikir, söz və məlumat azadlığı dedikdə, təməl insan hüquqları başa düşülür:
"Yəni, BMT-nin insan hüquqları üzrə bəyannaməsindən başlamış üzü aşağı, bütün beynəlxalq, müvafiq beynəlxalq qurumların sənədlərində, eyni zamanda, dövlətlərin milli qanunlarında bu məsələ öz əksini tapıb. O cümlədən də, Azərbaycan Respublikasının Konstitusiyasında, həmçinin ayrı-ayrı sahəvi qanunlarda bu məsələyə geniş yer verilib. Yəni biz, əlbəttə, qlobal səviyyədə deyil, Azərbaycan müstəvisində bu məsələni dəyərləndirmiş olsaq, Azərbaycan Respublikasının Konstitusiyası birmənalı olaraq fikir, söz və məlumat azadlığını təmin edir, plüralizmin inkişafı üçün dövlətin yaratmalı olduğu şərait və imkanları təsbit edir. Yəni bu sahədə Azərbaycan Respublikasında hər hansı bir sıxıntı, problem müşahidə edilmir. Qanunlarımız, həqiqətən də Azərbaycanın üzv olduğu BMT və digər beynəlxalq qurumların müvafiq tələbləri ilə uyğundur və bu baxımdan hər hansı narahatlıq və narazılıq müşahidə edilmir.
Digər tərəfdən də sadəcə Konstitusiya deyil, bütövlükdə sahəyə aid olan qanunlarda fikir, söz və məlumat azadlığı plüralizmin inkişafı üçün yetərincə çərçivələr cızılmışdır. Yəni, çərçivə deyəndə biz məhdudiyyətlərdən söz açmırıq. Əlbəttə, bunların necə gerçəkləşdirilə biləcəyi ilə bağlı çərçivədən danışırıq. Yəni insanlara həqiqətən də ən yüksək səviyyədə bu yöndə azadlıqlar verilib. Əlbəttə ki, azadlıqlar da bərabərində məsuliyyət gətirir. Təəssüflər olsun ki, bəzən bəzi insanlar bu məsuliyyət həddini aşaraq başqalarının yenə də fikir, söz və məlumat azadlığı, plüralizm hüquqlarına bu və ya digər şəkildə müdaxilə edir, həmin müdaxilə də narazılıq və münaqişə şəraitinə səbəb olur. Belə olanda da bəzi dairələr artıq hay-küy salmağa başlayırlar ki, dövlət bizi əngəlləyir. Halbuki dövlətin belə situasiyalarda davranışı yalnız ona yönəlib ki, bir fərdin, yaxud bir qrupun maraq və məqsədləri, mənafeləri başqa bir fərdin və ya qrupun maraq və məqsədlərindən üstün olmasın, yaxud da ki, onların maraqlarına zərər vurmasın. Bunu bütün dövlətlər belə edir. O cümlədən də, bizim tərəfdaş çıxdığımız beynəlxalq sənədlərdə də bu təsbit edilib. Yəni Azərbaycan dövləti bu yöndə hər hansı pozuntuya yol verilməsinə imkan yaratmır. Pozuntuya yol verənlərin də bu və ya digər şəkildə qanuna dəvət edilməsi üçün tədbirlər görülür. Əlbəttə, bu istiqamətdə görülən işlər deyəndə, əslinə qalanda, mən elə məsələnin qanunvericiliklə təsbit edilən yönünə işıq tutmuş oldum. Eyni zamanda, onu da vurğuladım ki, beynəlxalq qurumların üzvü olaraq bir sıra vacib beynəlxalq sənədlərə, qanunlara tərəfdaş çıxmışıq, onlarla bağlı öhdəliklər götürmüşük. Bu, BMT, ATƏT, Avropa Şurası və eləcə də müxtəlif istiqamətli beynəlxalq qurumlardır ki, bu cür məsələlərlə məşğul olurlar. Yəni Azərbaycan dövləti o öhdəlikləri öz üzərinə götürüb, götürməklə qalmayıb, onlara əməl edir.
Fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən layihələrə gəlincə, dövlətin və qeyri-dövlətin gerçəkləşdirdiyi layihələr haqqında danışa bilərik. Dövlət əslinə qalanda, mümkün qədər söz, mətbuat, fikir azadlığı məsələlərinə müdaxilə etməməyə çalışır. Yəni dövlət sadəcə olaraq insanların, istər vətəndaş olsun, istər qeyri-vətəndaş, fərdi şəkildə, yaxud qrup şəklində özünü ifadə edə bilməsi üçün o şəraiti yaradır. Şərait, əlbəttə, var və o şəraitin gerçəkləşdirilməsi, şəraitdən istifadə edilməsi üçün hər şey də mövcuddur.
Bundan başqa, Qeyri-Hökumət Təşkilatları, eləcə də medianın özü söz, fikir, məlumat azadlığı məsələləri ilə bağlı yetərincə sərbəst davranış, bu yöndə ayrı-ayrı qurumlar layihələr icra edir, həmin layihələri bir sıra Qeyri-Hökumət Təşkilatları, həmçinin media qurumları icra edir və bununla bağlı da hər hansı narahatlıq, narazılıq yoxdur.
Bundan əlavə, bəzi qurumlar, bəzi şəxslər var ki, onlar bu yöndə layihələr icra etdiklərini irəli sürərək, bəzən qanunsuz fəaliyyətlərlə məşğul olurlar. Özəlliklə də, xaricdən gizli şəkildə, qanunsuz yollarla maliyyənin əldə edilməsini vurğulamaq istərdim və bunun qarşısını dövlətin alması şəraitində də, həmin şəxslər artıq dövlətin üzərinə yürüyür ki, bizim azadlıqlarımız pozulur. Halbuki, birmənalı şəkildə qanunlarda yazılıb ki, belə fəaliyyətlər müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır və yalnız bundan sonra icra edilə bilər."
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.