Uşaqlarda depressiya: yara dəridə iz buraxdığı kimi depressiya da insan ruhunda iz buraxır
8 Dekabr 2023 17:40 SosialBu gün günümüzün qlobal sosial problemi olan, çox rast gəlinən depressiya yalnız böyüklərdə deyil, uşaq və körpələrdə də müşahidə oluna bilir. Əvvəllər belə hesab olunurdu ki, uşaqlar depressiyadan əziyyət çəkmirlər. Uşaqlarda depressiya nisbəti təxminən yüzdə 3-5 olarkən, yeniyetmələrdə bu nisbət təxminən yüzdə 4-8-ə yüksəlir. Depressiya əlamətləri cinsə görə dəyişə bilir. Araşdırmalara görə, qızlar problemlərə zahiri deyil, daxili reaksiya verirlər. Bu reaksiyaya görə onların depressiya əlamətləri göstərmə ehtimalı oğlan uşaqları ilə müqayisədə artır. Stress altında olan, diqqət çatışmazlığı, öyrənmə və ya davranış pozğunluğu olan uşaqlarda depressiyaya düşmə riski daha yüksəkdir. Uşaqlarda depressiya ehtimalını artıran səbəblər bunlardır: Ailədə depressiyaya düşmüş üzvlərin olması, ailədaxili problemlər, valideynlər arasında davamlı münaqişələr, şəxsiyyətlərarası münasibətlərdə problemlər, tərk edilmə və itki qorxusu...
Bəs uşaq və yeniyetmə depressiyası böyüklərin depressiyasından fərqlənirmi?
Psixoloq Ülkər Məmmədli bildirir ki, əslində depressiyanın əsas xüsusiyyətləri bütün yaşlarda eynidir:
"Bunları yemək vərdişlərindəki dəyişikliklər, yuxu problemləri, asanlıqla ağlamaq, dəyərsiz hiss etmək və emosional dalğalanmalar kimi sıralamaq olar. Ancaq bəzi əlamətlər müəyyən yaşlarda daha çox müşahidə olunur. Məsələn, böyüklərin depressiyasında çox rast gəlinən həzz almama və durğunluq əlamətləri uşaqlıq depressiyasında o qədər də aydın görünmür. Əksinə, depressiyaya düşən bəzi uşaqlar ümumi göstərişlərin əksinə olaraq daha aktiv, narahat və həyəcanlı ola bilir, qarşısıalınmaz qəzəb və ya ağlama krizləri keçirə bilər. Bu, uşaqlıq depressiyasının başa düşülməsini və ailənin vəziyyəti tanımasını çətinləşdirə bilər".
Bəs uşaq və yeniyetmələrdə hansı səbəblərdən depressiya yaranır?
Psixoloq bildirir ki, böyükləri depressiyaya salan bioloji və psixoloji səbəblər uşaq və yeniyetmələrə də təsir edir:
"Serotonin və bəzi digər maddələrin çatışmazlığı depressiyanın ən yaxşı bilinən bioloji səbəbidir. Uşaq və yeniyetmə depressiyasının yaranmasında irsi faktor da rol oynayır. Bəzi düşüncə tərzi uşaqları və yeniyetmələri depressiyaya meylləndirir. Hadisələrin yalnız mənfi tərəflərini görmə meyli, problemləri həll olunmaz kimi qəbul etmək, ümidsizlik, özünü bəyənməmək kimi faktorlar da buna misaldır.
Valideynlərdən birinin depressiyaya düşdüyü ailədə uşaq çox vaxt laqeyd və əsəbi olur. Çünki ona pis rəftar edən ana və ya ata ilə qarşılaşır. Bu, valideyn-övlad münasibətlərində münaqişəyə, uşaqlarda etibarsızlığa, bədbinliyə gətirib çıxarır. Həyat yoldaşları arasında fikir ayrılığı da ailədəki uşağın depressiyaya düşməsinə səbəb ola bilər. Yeniyetmələri ən çox intihara sürükləyən faktor ailə münaqişələridir.
Bir ailə üzvünün başına gələn kədərli bir hadisə digər ailə üzvləri tərəfindən paylaşılmır, buna görə də yalnız kədəri yaşamaq depressiyaya səbəb ola bilir. Bütün ailəni əhatə edən hadisələr hər bir üzv tərəfindən paylaşıldığı üçün depressiyaya o qədər də səbəb olmur.
Valideynlərin boşanması və ya ailə üzvünün ölümü də depressiyaya səbəb olur. Ailə üzvünün intiharı uşaqda depressiya riskini üç dəfə artırır.
Döyülən, davamlı qışqıran və ya cinsi istismara məruz qalan uşaqlarda depressiya riski kifayət qədər yüksəkdir. Fiziki və cinsi zorakılıq qədər pis olan, lakin insanların xəbərsiz olduğu başqa bir sui-istifadə növü emosional istismardır. Uşaq sözlə təhdid edilirsə, alçaldılırsa, sərt və ya davamlı olaraq tənqid edilirsə, ona həddindən artıq nəzarət edilirsə, "ideal uşaq" olması üçün onu öz seçimlərindən başqa seçimlər etməyə məcbur edirlərsə, uşaq emosional istismara uğrayır deməkdir.
Uşağın başına gələ biləcək ən pis şeylərdən biri ona qarşı diqqətsizlikdir. Bu diqqətsizliyi üç növə bölə bilərik: fiziki laqeydlik, emosional laqeydlik və təhsilə etinasızlıq.
Uşağın dəfələrlə dərsdən yayınmasına baxmayaraq valideynlərin müdaxilə etməməsi, uşağı yetkinlik yaşına çatmasına baxmayaraq müvafiq məktəblərə yazdırmaması, uşağın uzun müddət məktəbdən uzaq qalmasına göz yumması, yersiz səbəblərə görə uzun müddət məktəbə göndərilməmək (məsələn, bacı-qardaşlara qulluq etmək, işə göndərilmə kimi), xüsusi təhsilə ehtiyacı olmaq və s. təmin edilməməsi təhsilə laqeyd münasibətə misaldır. Valideynlərin uşağa kifayət qədər diqqət və məhəbbət göstərməməsi emosional laqeydliyin nümunəsidir. Bir dəfə depressiyaya düşmüş uşaq çox güman ki, ömrünün sonuna qədər depressiyada qalacaq. Çünki yaranın dəridə iz buraxdığı kimi depressiya da insan ruhunda iz buraxa bilər. Bir dəfə də olsa depressiya epizodu uşağın özünə inamını azalda, həyata baxışını bədbinləşdirə, kədərli hadisələrə qarşı həssaslığını artıra bilər.
Təbii fəlakətlər və qəzalar insanların həm bədənində, həm də ruhunda dərin yaralar yaradır. Amma insanları ən çox incidən başqa bir insanın vurduğu yaralardır. Dözülməsi ən çətin vəziyyət pis rəftar edilən şəxsin "asılı" vəziyyətdə olduğu münasibətlərdə yaşanır. Uşaq-valideyn münasibətləri yalnız bir tərəfin asılı olduğu münasibətlərin tipik nümunəsidir. Valideynin uşağa pis münasibət göstərməsinin ən acınacaqlı tərəfi uşağın qarşı tərəfdən sevgi gözləməsidir.
Depressiyanın əsas əlamətləri bütün yaşlarda eynidir. Ancaq bəzi yaşlarda bəzi simptomlar daha çox və ya daha tez-tez baş verir. Depressiyaya düşən uşaqlar kədərli və cansıxıcı hiss etdiklərini söyləyə bilirlər. Ancaq uşaqlar böyüklər qədər kədərli görünməyə bilər. Depressiyada olan uşaqlar və yeniyetmələr kədərlənməkdən daha əsəbi görünürlər.
Birdən depressiyaya düşən uşaqlar dərhal fərq edilir. Çünki onların əhval-ruhiyyəsində, davranışında, ətraf mühitlə münasibətlərində, məktəb uğurlarında qəfil geriləmə olur. Yeniyetmələrdə günahkarlıq hissi, ümidsizlik və gələcəklə bağlı narahatlıq kimi simptomlar uşaqlara nisbətən daha çox nəzərə çarpır.
Uşaqlıq depressiyasında fiziki şikayətlər (baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma kimi) tez-tez baş verir. Fiziki şikayətlər demək olar ki, bütün azyaşlı uşaqlarda, xüsusilə depressiyada olanlarda müşahidə olunur. Yaşlı uşaqlar və yeniyetmələr fiziki şikayətlərdən daha az şikayət edirlər.
İntihar düşüncələri, diqqəti cəmləyə bilməmək, bədbəxtlik və yuxusuzluq demək olar ki, bütün yaşlarda nəzərə çarpan depressiya əlamətləridir. İntihar düşüncələri bütün yaşlarda baş versə də, intihar cəhdləri və intiharla əlaqəli ölümlər demək olar ki, yalnız yeniyetmələrdə baş verir.
Uşaq və yeniyetmələrdə arıqlamaqdan çox, gözlənilən çəkinin yaşa görə alınıb-alınmadığına diqqət yetirilməlidir.
Depressiyada olan məktəbəqədər uşaqlarda oyunlara və bütün fəaliyyətlərə maraq göstərməmək əlamətləri diqqəti çəkir. Bu uşaqlar tez ağlayır və tez narahat olurlar. Məktəb yaşındakı uşağın akademik uğurunda birdən-birə azalma olarsa və uşaq yaşıdlarından uzaqlaşmağa meyllidirsə, ağıla dərhal depressiyada olduğu gəlməlidir. Bu uşaqlarda narahatlıq, davakarlıq, mübahisəyə meyl kimi əlamətlər də ola bilər".
Bəs uşaqlarda yaranan depressiyanı necə müalicə etmək lazımdır?
"Psixoterapiya böyük əhəmiyyət kəsb edir, çünki uşaq və yeniyetmələrdə dərmanlardan istifadə etmək şansımız azdır. Müalicə prosesində bu yaş qrupunda olan insanlara mənfi düşüncələrini tanımaq və dəyişdirmək bacarıqları verilir, ümidsizlik hissləri aradan qaldırılır, problemlərinin həlli yolları öyrədilir. Onların özlərinə inamları artır, cəmiyyətdə daha yaxşı olmağa imkan verəcək üsullar vurğulanır.
Uşaq və yeniyetmə depressiyasında ailə və həmyaşıdları ilə problemlər çox vaxt böyük əhəmiyyət kəsb etdiyi üçün xəstənin digər insanlarla münasibətlərini yaxşılaşdırmaq vacibdir. Buna görə də uşaq və ya yeniyetməyə ünsiyyət bacarıqlarına öyrədilir. Valideynlərlə də əlaqə saxlanılır və onların müalicədə fəal iştirakı təmin edilir. Müəllimlə əlaqə saxlanılır, onların rəyi alınır, təkliflər verilir. Depressiyanın müalicəsi adətən 6-20 seans tələb edir. Problemlər xroniki və həlli çətin olarsa, psixoterapiyanın müddəti təbii ki, uzadılacaq.
Əksər insanlar uşaqlarda neyromedikamentlərin istifadəsinə qarşı qərəzli olsalar da, bu gün bir çox antidepresan dərmanlar asanlıqla istifadə edilə bilər. Bu gün istifadə edilən bir çox antidepresanlar asılılıq yaratmır. Nə beyinə, nə də uşağın inkişafına zərər vermir. "Uşağa antidepresan vermək olarmı?", "uşağa antibiotik vermək olarmı?" və s. kimi suallar verilir ki, əslində antidepresan dərmanların antibiotiklərdən də bir fərqi yoxdur. Məsələn, uşağa verilə bilən antibiotiklər var, verilməyən antibiotiklər var. Eynilə, uşağa verilə bilən antidepresanlar da var, verilməyən antidepresanlar da var. Bütün dərmanlar hamilə qadınlarda, ana südü verən qadınlarda, yaşlılarda və uşaqlarda ehtiyatla istifadə edilməlidir. Köhnə antidepresanlar ürək ritmini poza bilər. Ona görə də 15-20 il əvvələ qədər uşaqlara çox zərurət olmadıqca depressiya dərmanı verilmirdi. Bununla belə, 1990-cı illərdə hazırlanmış bir çox dərman milyonlarla uşaqda uğurla istifadə edilmişdir və bu dərmanların təhlükəsiz olduğu sübut edilmişdir.
Uşaqlarda elektroşok terapiyası heç vaxt istifadə edilmir. Ancaq xəstəlik çox ağırdırsa və digər müalicə üsulları ilə yaxşılaşmamışsa, yeniyetmələrdə tətbiq oluna və faydalı ola bilər".
Röyalə Xəyal