Rusiya-Ukrayna müharibəsi: Avropanı ən çox narahat edən risk nədir? - ÖZƏL

"Rusiya-Ukrayna müharibəsi uzandıqca Avropa ölkələri bu münaqişəni öz təhlükəsizlikləri üçün daha böyük təhdid kimi qiymətləndirir və müharibənin Ukrayna ərazisindən kənara, Avropanın digər bölgələrinə yayılmasından ehtiyat edirlər. Məhz bu və digər səbəblərdən Avropa ölkələri Ukraynaya daha çox yardım göstərməyə çalışırlar. Çünki Avropada müharibənin yalnız Ukrayna ərazisi ilə məhdudlaşmaya biləcəyi ilə bağlı narahatlıq artır. Bununla yanaşı, Avropa ölkələri öz təhlükəsizliklərinə qarşı yönələn bir sıra fəaliyyətləri hibrid təhdid kimi qiymətləndirirlər".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Ümumilikdə isə Avropa ölkələri Rusiyaya qarşı yeni məhdudiyyətlər, sanksiyalar və Moskvaya iqtisadi və siyasi təzyiq göstərə biləcək müxtəlif qanun layihələri və təşəbbüslər irəli sürürlər. Lakin müharibə uzandıqca daha kiçikmiqyaslı tədbirlərin, məsələn, Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin məhdudlaşdırılmasının Rusiyanın müharibə aparmaq imkanlarına və ya xarici siyasətinə ciddi təsir göstərməsi ehtimalı aşağıdır. Çünki Rusiyanın əsas siyasi və hərbi qərarları vətəndaşlarının Avropaya səfər imkanları ilə bağlı deyil.
Diplomatların Aİ daxilində hərəkətinin məhdudlaşdırılması məsələsi isə daha ciddi nəticələr doğura bilər. Bunun əsas səbəbi belə tədbirlərin qarşılıqlı xarakter daşımasıdır. Məsələn, Avropa ölkələri Rusiya diplomatlarının hərəkətinə məhdudiyyətlər və digər qadağalar tətbiq edərsə, Moskvanın da eyni və ya oxşar tədbirləri Avropa diplomatlarına qarşı həyata keçirməsi ehtimalı yüksəkdir. Bu isə onsuz da gərgin olan Rusiya-Avropa münasibətlərini daha da pisləşdirə və diplomatik kanalların daralmasına səbəb ola bilər. Bu səbəbdən Avropa ölkələri belə addımlara müəyyən qədər ehtiyatla yanaşırlar.
Rusiyaya daha ciddi təsir göstərə biləcək əsas istiqamətlər isə iqtisadi sanksiyalar, hərbi-sənaye kompleksinə tətbiq edilən məhdudiyyətlər və Rusiyanın neft ixracında istifadə etdiyi "kölgə donanması"na qarşı tədbirlərdir. Bu mexanizmlər Rusiyanın iqtisadi imkanlarına, enerji gəlirlərinə və müharibəni maliyyələşdirmək qabiliyyətinə birbaşa təsir göstərə bilər.
Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir davam edir və belə bir mərhələdə ayrı-ayrı kiçikmiqyaslı tədbirlərin müharibənin dayandırılmasına və ya Rusiyanın geri addım atmasına ciddi təsir göstərməsi real görünmür. Buna görə də Avropa ölkələrinin hazırda atdığı addımların əsas məqsədi Rusiyanı qısa müddətdə müharibəni dayandırmağa məcbur etməkdən daha çox, öz təhlükəsizliklərini qorumaq, mümkün hibrid təhdidlərin qarşısını almaq və müharibənin Avropanın digər ərazilərinə yayılması riskini azaltmaqdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31