Avropadakı erməni diasporunun Qarabağ gündəliyinin arxasında nə dayanır?- ÖZƏL

Erməni diasporası son aylarda fəaliyyətini daha koordinasiyalı şəkildə təşkil etməyə çalışır. Parisdə keçirilən Diasporanın Milli Səfərbərliyi Konfransı və daha sonra onun vahid internet platformasının yaradılması müxtəlif ölkələrdəki erməni təşkilatlarını ortaq siyasi gündəlik ətrafında birləşdirmək məqsədi daşıyır. Diqqətçəkən məqam isə diasporanın lobbiçilik fəaliyyətində Parisin rolunun gücləndirilməsidir. ABŞ əsas siyasi mərkəz olaraq qalsa da, Fransa Avropadakı erməni diasporasının yeni koordinasiya platformasına çevrilmək iddiasındadır. 

Mövzu ilə bağlı politolpq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Avropadakı erməni diasporası qlobalist dairələrlə iş birliyindədir və onun Qarabağ erməniləri ilə bağlı mövqeyi rəsmi İrəvanın mövqeyindən kəskin fərqlənir. Ermənistanın baş naziri Paşinyan hələ 2022-ci ilin oktyabrında Praqada dördlərin görüşü zamanı bəyanatla çıxış edib Azərbaycanın bütövlüyünü və suverenliyini tanıdığı halda, Avropadakı erməni diasporası "Dağlıq Qarabağ" erməniləri, onların problemləri ilə bağlı məsələləri Avropa institutlarının daim gündəmində saxlamağa çalışıb. 
Qeyd etmək yerinə düşər ki, Avropa institutlarının Azərbaycanla bağlı ikili mövqeyi də, əslində, bu reallıqlardan, habelə Cənubi Qafqazla bağlı geosiyasi maraqlardan irəli gəlir.  AŞPA-nın və Avropa Birliyinin bununla bağlı mövqeyi deyilənlərə sübutdur. AŞPA, onun bürokratik təmsilçiləri ilə lobbiçilik əlaqələrinə malik olan erməni diasporasının sifarişi ilə dəfələrlə rəsmi Bakını Qarabağ ermənilərinə münasibətdə etnik təmizləmə siyasətində ittiham etdiyi halda, AB Azərbaycanla enerji təhlükəsizliyi ətrafında əməkdaşlığa önəm verir. Bu isə müstəqil siyasət yeridən rəsmi Bakıya erməni diasporasının qlobalistlərin dəstəyi ilə təzyiq etmək istəklərindən irəli gəlir.
Böyük Britaniyanın AB-dən uzaqlaşmasından sonra rəsmi Paris Avropadakı qlobalist dairələrin koordinatoru rolunda çıxış etmək üçün iddialarını artırıb.
Erməni diasporasının məhz Fransa iqtidarının dəstəyi ilə son vaxtlar atdığı addımlar da məhz bununla bağlıdır. Digər tərəfdən, Paris tarixən erməni diasporasının toparlandığı məkanlardan olub. Millətçi və qismən də solçu mövqelərdə dayanan Daşnaksütyun partiyasının özünün təsis konfransını məhz Parisdə keçirməsi danılmaz tarixi faktdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31