Diplomatik kanal açıqdır, Kiyev sınaq nöqtəsidir

Ukrayna ABŞ-Rusiya münasibətləri paketinin bir hissəsinə çevrilə bilər

Son zamanların önəmli görüş və bəyanatlarında Ukrayna məsələsinə ayrıca toxunulmamasına Rusiya tərəfindən yanaşma sərgilənsə də, gözlər yenidən 5 sentyabr 2026-cı ildə Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndələri Uitkoff və Kuşner arasında Moskvada keçirilən 3 saatdan artıq davam edən görüşə yönəldi.
Həm Qərb, həm də Rusiya analitiklərini düşündürən bir sual var: Bu, ABŞ və Rusiya arasında yeni diplomatik mərhələnin başlanğıcıdır, yoxsa sadəcə növbəti taktiki gedişdir?

Şübhəsiz ki, görüş Ukrayna müharibəsinə dair son aylardakı ən önəmli təmaslardan biri oldu.
Görüşdən sonra ABŞ nümayəndələrinin Kiyevə getməsi isə hadisəyə yalnız Rusiya-ABŞ görüşü kimi deyil, Vaşinqtonun Rusiya və ABŞ arasında paralel diplomatik kanal qurmaq cəhdi kimi baxmağa əsas yaradır.
Görüşdə diqqət çəkən məqam odur ki, hər iki tərəf bilir ki, danışıqlar faydalı və konstruktivdir. Lakin ortada konkret siyasi razılaşma və yaxud gözlənilən sıçrayış yoxdur.
Rusiya tərəfi təmasları faydalı və məzmunlu xarakterizə edir. ABŞ isə növbəti addımların müzakirə edildiyini bildirdi.
Mövcud mənzərə ondan xəbər verir ki, əsas məsələ sülh sazişinin dərhal imzalanması deyil. Çünki indiki məqamda bu, reallıqdan çox uzaqdır.
Önəmli olan məsələ Moskva və Kiyevin maksimalist mövqeləri arasında balans yaratmaq, həmçinin Vaşinqtonun necə bir kompromis modeli formalaşdırmağa çalışmasıdır.
Moskvanın mesajı aydındır. Rəsmi Kiyev dialoqun mümkün olduğunu bildirir. Geri çəkilməni isə tamamilə başqa, mümkün olmayan bir məsələ kimi xarakterizə edir.
Rusiya analitiklərinin yanaşmalarında diqqət çəkən məqamlar var. Lakin ümumi tezis bundan ibarətdir ki, Putin nümayəndələrlə görüşməklə diplomatik kanalı bir tərəfdən açıq saxlayırsa, digər tərəfdən Rusiyanın Ukrayna məsələsində əsas hədəflərindən geri çəkilmədiyini göstərir.
Sözügedən mövqenin Qərb mənbələrində də təsdiqləndiyini görürük. Məsələn, Reuters yazdı ki, görüşdə heç bir "breakthrough" əldə olunmadı və Moskvanın Ukrayna haqqında əsas mövqelərində dəyişiklik yoxdur.
Deməli, Kremlin strategiyası maraqlıdır. Danışıqlara "yox" deyilmir, habelə danışıqların öz şərtləri çərçivəsində aparılması əsas qoyulur.
Rusiya üçün diplomatik kanalın açıq saxlanılmasının bir neçə üstünlüyü mövcuddur.
İlk olaraq, Moskva Vaşinqtonla birbaşa əlaqəni saxlayır. İkincisi, ABŞ-ın mövqeyini Ukraynadan öncə öyrənmək imkanı əldə edir. Üçüncüsü isə Rusiya birbaşa olaraq tələblərini daha aydın şəkildə çatdırır.
Bununla da Kiyevin vasitəsiz olaraq ABŞ üzərində təsir imkanlarını balanslaşdırmağa çalışır.
Ona görə də Uitkoff və Kuşnerin öncə Moskvaya, daha sonra Kiyevə getməsi də təsadüfi ardıcıllıq deyil. ABŞ nümayəndələri hər iki tərəfin mövqelərinə qulaq asaraq vasitəçi kimi rolunu gücləndirməyə çalışır.
Vaşinqtonun əsas məqsədləri önəmlidir. Habelə vəziyyət ABŞ üçün son dərəcə mürəkkəbdir. ABŞ prezidenti bir neçə dəfə müharibəni bitirmək niyyətini ifadə edib, konkret addımlar da atıb.
Habelə, Vaşinqtonun qarşısında iki ziddiyyət var. Bunlardan biri odur ki, Rusiya müharibəni özünün strateji hədəflərinə müvafiq şəkildə bitirmək istəyir. Ukrayna isə ərazi güzəştləri hesabına sülhün əldə edilməsinə razı deyil.
Bu bir-birindən uzaq iki mövqe arasında kompromisə nail olunmalıdır.
Kompromisin əldə edilməsi ABŞ diplomatiyasının əsas tapşırıqlarından biridir. Habelə Uitkoff və ABŞ nümayəndələrinin bu səfəri sadəcə Moskvaya deyil, Kiyevə də reallaşdırması ondan xəbər verir ki, Tramp administrasiyası masaya yeni format gətirməyə çalışır.
Bu, dayanmış sülh prosesinin yenidən hərəkətə gətirilməsi cəhdidir.
ABŞ daha öncə Putini necə razı salmaq yollarını axtarırdısa, bu gün vəziyyət daha da mürəkkəbləşib. Rusiyanın dəyişməyən tələbləri ilə Ukraynanın qəbul edə biləcəyi şərtlər arasında siyasi formul yaradılmalıdır.
Görüşün ən diqqət çəkən tərəflərindən biri Rusiya və Ukrayna arasında uzunmənzilli zərbələrin müvəqqəti dayandırılması oldu.
Putin Kiyevə edilən zərbələrin 72 saatlıq dayandırılması barədə göstəriş verdi. Təbii ki, bu addımı tam atəşkəs kimi xarakterizə etmək düzgün olmazdı. Tam əksinə, bu, diplomatiya üçün məhdud təhlükəsizlik pəncərəsinin açılmasıdır.
Rusiya daha geniş atəşkəsə hazır deyil, bunda maraqlı da deyil. Çünki Moskva əsas strateji məqsədlərindən geri çəkilmir.
Başqa sözlə ifadə etsək, tərəflərin heç biri müharibəni dayandırmaq mərhələsində deyil. Hətta tərəflər müharibənin dayandırılması üçün ilkin şərtlərin müzakirə edildiyi mərhələdə də deyil. 
Bu hazırsızlıq mərhələsində ən mühüm məsələ isə ərazi məsələsidir.
Moskva indiyə qədər əldə etdiyi ərazilər, hətta əldə etməyi planlaşdırdığı ərazilər üzrə danışıqlar aparmaq belə istəmir. 
Ukrayna isə bu yanaşmanı birmənalı qaydada qəbul etmir. Buna görə də həmin görüşün nəticəsiz qalması gözlənilməyən məsələ deyildi. 
Moskva ərazi məsələsində güzəştə getmir, Kiyev ərazi güzəştlərini rədd edir. Deməli, ABŞ-ın qarşısında yeni bir yol açılır.
Tərəflərin baxışları bir-birinə yaxınlaşdırılmalıdır, lakin bu, mərhələli həll variantını tələb edir. Bu isə şübhəsiz ki, qısa müddətdə mümkün deyil. Bir neçə mərhələni və daha çox görüş tələb edən prosesdir.
İqtisadi gündəm də olduqca önəmlidir, çünki Rusiya ABŞ-la münasibətlərə sadəcə Ukrayna məsələsi üzərindən baxmır.
Mümkün iqtisadi layihələr müzakirə edilir, çünki hərbi məsələlərə paralel olaraq potensial iqtisadi layihələr qapıda gözləyir. Bu, artıq daha geniş siyasi mənzərə formalaşdırır.
Burada isə Ukraynanın taleyi zəifləyir və tərəflər maraqlara fokuslanır. Deməli, Ukrayna ABŞ-Rusiya münasibətləri paketinin bir hissəsinə çevrilə bilər.
Bu da Ukraynanın aqibəti üçün təhlükəli tendensiyadır.
Rusiya və Qərb analitiklərinin hər nə qədər fərqli baxışları olsa da, ortaq nöqtələr daha çoxdur.
Görüş diplomatik mərhələnin başlanğıcıdır, amma sülh razılaşması deyil. Rusiya hesab edir ki, ABŞ Moskvanın mövqeyini daha ciddi nəzərə almalıdır. Qərb analitikləri bildirir ki, Putinə təzyiq göstərmək və müharibənin diplomatik həllini yenidən gündəmə gətirmək ABŞ-ın məqsədləri sırasında idi.
Diplomatik kanal açıqdır, Kiyev sınaq nöqtəsidir.
Nümayəndələrin Moskva görüşündə eşitdikləri təkliflərin Ukrayna rəhbərliyinin qarşısına çıxarılması önəmlidir.
Çünki əks halda bu görüş faydalı, lakin nəticəsiz kimi daha məyusedici formada yaddaşlara yazıla bilərdi.
Deməli, görüşün siyasi əhəmiyyəti konkret sövdələşmələrdə deyil, diplomatik mexanizmin yenidən gündəm qazanmasındadır. Moskva danışıqlar qapısını bağlamır, Rusiyanın mövqeyini dəyişmir, ABŞ vasitəçilik imkanlarını yenidən aktivləşdirir. Burada hər hansı bir tərəfin qələbəsi və ya uğursuzluğundan söz getmir. Habelə, bunu sülh prosesində dönüş nöqtəsi kimi xarakterizə etmək də tezdir. 5 sentyabr görüşü sülhün başlanğıcı olmadı, yeni siyasi bazanın formalaşdırılmasının başlanğıcı kimi yadda qaldı. Moskvanın əsas təhlükəsizlik tələbləri ilə Kiyevin ərazi və təhlükəsizlik narahatlıqları arasında Vaşinqton balans yaratmalıdır. Əks təqdirdə, Moskva ilə Vaşinqton arasında belə yüksək səviyyəli təmaslar davam etsə də, müharibə diplomatiyanı yenidən üstələyə bilər.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31