QAN YADDAŞIMIZ ATANIZIN DİVARI DEYİL! - Cavid İSMAYIL yazır

Əfəndilər.
İnsan hara gedirsə, orada iz qoymaq istəyir. Amma insanın qoyduğu hər iz fəxr ediləsi iz deyil. Elə izlər var ki, adamın kimliyini, mədəniyyətini, mənəviyyatını yox, əksinə, mənəviyyatsızlığını göstərir.

Qayanın, daşın, ağacın üzərinə boya ilə ad yazmaq da belə bir izdir.

Son günlər Şuşada Cıdır düzündə qayaların üzərinə müxtəlif yazıların yazılması ilə bağlı yayılan görüntülər bir daha hamımızı ciddi düşünməyə vadar edir. Adam baxdıqca dəhşətə gəlir. İnsan necə düşüncəyə sahib olmalıdır ki, Şuşanın qayasına boya ilə öz adını yazsın?

Axı bu, adi qaya deyil!

Bu, Şuşadır.

Bu qayaların üstündə, bu torpağın hər qarışında tariximizin, mübarizəmizin, qəhrəmanlığımızın izi var. Şuşanın qayaları sadəcə təbiətin yaratdığı daş parçaları deyil. Bu qayalar Qarabağın yaddaşıdır. Bu torpaqlar uğrunda canından keçən qəhrəman oğullarımızın ayaq izləri, şəhidlərimizin qanı, xalqımızın mübarizəsi, qələbəmizin şərəfi bu məkanın mənəvi yaddaşının bir parçasıdır.

Belə bir qayanın üzərinə boya ilə ad yazmaq nədir?

Bu, xatirə deyil. Bu, "mən də burada olmuşam" demək deyil. Bu, romantika deyil.

Bu, müqəddəs yaddaşa hörmətsizlikdir.

Şuşanın qayalarının üzərini öz adı ilə ləkələyən adam oraya özünü yazmır. O, ilk növbədə öz mənəvi səviyyəsini nümayiş etdirir.

Çünki mənəviyyatlı insan müqəddəs yerə öz imzasını atmağa yox, onun qarşısında baş əyməyə gedər.

Amma gəlin özümüzü aldatmayaq. Problem yalnız Şuşada deyil.

Bu xəstəlik ölkənin müxtəlif guşələrində gözümüzün qarşısında yayılır. Dağların ətəklərində, meşələrdə, çayların kənarında, şəlalələrin yanında, göllərin sahilində, mağaralarda, qədim daşların üzərində eyni mənzərə ilə qarşılaşırıq.

Bu yaxınlarda Naxçıvanda Qapıcıq dağının ətəyində, Göygöldə olarkən suyun içindəki qaya parçasının üzərində boya ilə yazılmış yazı gördüm. Mənzərə adamı sarsıdırdı.

Düşünürsən, bu adam həmin yerə nə üçün gəlib?

Dağın əzəmətini görməyə? Təbiətin möhtəşəmliyindən zövq almağa? Dədə ruhları hiss etməyə? Yoxsa min illərlə orada dayanmış qayanı öz şəxsi divarı hesab edib üzərinə adını yazmağa?

Qapıcıq dağının ətəyi də adi məkan deyil.

Orada Gəmiqaya var.

Gəmiqaya isə bəşəri yaddaşın daş kitabələrindən biridir. Minilliklərin sınağından çıxaraq bu günümüzə gəlib çatan qayaüstü təsvirlər bizə minlərlə il əvvəl burada yaşayan dədə kökümüzün həyatından, düşüncəsindən, dünyagörüşündən xəbər verir.

İndi təsəvvür edin, minilliklərin qoruduğu daşa müasir insan boya ilə öz adını yazır.

Minilliklər buna dözür, amma XXI əsrin "mədəni" insanı dözə bilmir.

Əcdadımız daşın üzərinə öz dünyasını həkk edib gələcək nəsillərə tarix qoyub. Biz isə həmin daşların üzərinə bəzən öz adımızı, ürək şəkillərini, mənasız sözləri yazıb gələcək nəsillərə nə qoyuruq?

Öz cılızlığımızın izini.

Qobustan da başqa bir dərsdir.

Qobustan ərazisindəki qayaüstü təsvirlər minilliklər əvvəl yaşamış dədələrimizin bizə göndərdiyi mesajlardır. Onlar daşlara həyatlarını, ov səhnələrini, inanclarını, dünyagörüşlərini həkk ediblər. Onlar bunu gələcək nəsillər üçün ediblər.

Bəs biz nə edirik?

Minilliklər əvvəlki insanın toxunulmaz qoyduğu daşa bu gün öz adımızı yazırıq.

Burada böyük bir paradoks var. Qədim insan daşın tarixini qoruyub, müasir insan daşı öz adının reklam lövhəsinə çevirir.

Bundan böyük mənəvi yoxsulluq təsəvvür etmək çətindir.

Əslində insanın təbiətə münasibəti onun mədəniyyətinin ən dəqiq göstəricilərindən biridir.

Savadlı olmaq hələ mədəni olmaq deyil. Universitet bitirmək hələ mədəni olmaq deyil. Bahalı avtomobil sürmək, xarici ölkələrə səyahət etmək, sosial şəbəkədə vətənpərvərlik paylaşımları etmək də milli mənəviyyatın göstəricisi deyil.

Sənin milli mənəviyyatın bir daşa münasibətində də görünür.

Çünki Vətən yalnız xəritədə göstərilən ərazi deyil. Vətən onun dağlarıdır. Vətən onun çaylarıdır. Vətən onun meşələridir. Vətən onun gölləridir. Vətən onun qədim qayaüstü təsvirləridir. Vətən onun tarixi abidələridir. Vətən onun daşına, torpağına, suyuna hopmuş yaddaşdır.

Bu yaddaşa boya ilə ad yazmaq isə vətənpərvərlikdən danışan insanın öz sözünü öz əli ilə təkzib etməsidir.

Bir məsələyə də açıq və sərt şəkildə toxunmaq lazımdır.

Şuşanın qayalarının üzərində şəhidlərimizin qanının, qəhrəman oğullarımızın şərəfli mübarizəsinin mənəvi izi var.

Bu torpaqların azadlığı bizə hansısa təsadüf nəticəsində nəsib olmayıb. Bu torpağa qayıdışın arxasında şəhid məzarları, qazilərimizin yaraları, əsgərlərimizin fədakarlığı, şəhid analarının göz yaşları dayanır.

Belə bir məkana gedib qayanın üzərinə boya ilə öz adını yazan adam ən azı həmin müqəddəsliyin nə olduğunu anlamır.

Şəhid qanının rənginə bürünmüş torpaqda öz adını boya ilə yazmaq mənəvi korluqdur.

İnsan Şuşaya gedəndə özünü göstərməyə yox, özünü dərk etməyə getməlidir!

Cıdır düzünə çıxanda ilk növbədə "mən burada nə yaza bilərəm?" yox, "bu torpağın tarixinin qarşısında mən kiməm?" sualını verməlidir.

Bəs bu adamlara nə deməliyik?

Deməliyik ki, qaya sənin atanın divarın deyil! Daş sənin dəftərin deyil! Ağac sənin albomun deyil Gölün sahili sənin şəxsi xatirə kitabın deyil! Təbiət sənin sosial media səhifən deyil ki, orada öz adını hər yerə yazasan.

Hər kəs anlamalıdır ki, milli kimliyimizin, mənəvi dəyərlərimizin izi olan hər bir şeyi olduğu kimi saxlamaq lazımdır.

Çünki - sən gedəcəksən, o qaya qalacaq. Sən öləcəksən, o dağ qalacaq.
Sənin adını heç kim xatırlamaya bilər, amma həmin daş min illər sonra da orada qalmalıdır! 

Bir düşün, elə isə niyə öz keçici adını əbədi təbiətin üzərinə yazmaq istəyirsən?

Bu məsələdə dövlətin də, cəmiyyətin də münasibəti daha sərt olmalıdır.

Belə əməllərə "uşaqlıq edib", "xatirə yazıb", "nə olacaq ki?" deyə yanaşmaq olmaz.

Çünki "nə olacaq ki?" deyə-deyə bir gün baxacağıq ki, qorunmalı hər daşın, hər ağacın, hər tarixi məkanın üzərində insan əli ilə vurulmuş izlər var.

Doğrudur, cərimə lazımdır. Nəzarət və maarifləndirmə də lazımdır. Lakin bunlardan əvvəl, vicdan lazımdır!

Hər birimiz dərk etməliyik ki, biz gələcək nəsillərə yalnız iqtisadi sərvət ötürmürük.

Biz onlara yaddaş ötürürük. Gəmiqayanı ötürürük. Qobustan qayaüstü təsvirlərini ötürürük. Şuşanı ötürürük.
Cıdır düzünü ötürürük. Qarabağın dağlarını, Naxçıvanın qayalarını, Azərbaycanın meşələrini, göllərini, çaylarını ötürürük.

Bizim borcumuz onları öz adımızla çirkləndirmək yox, bizə gəldiyi kimi - hətta mümkün qədər daha yaxşı vəziyyətdə - gələcək nəsillərə çatdırmaqdır.

Əcdadlarımız daşlara tarix yazdılar. Biz daşlardan tarix silməməliyik. Əcdadlarımız təbiətlə yaşadılar. Biz təbiəti öz əlimizlə məhv etməməliyik.

Şəhidlərimiz Vətən uğrunda can verdilər. Biz onların azad etdiyi torpaqları öz əlimizlə mənəvi baxımdan çirkləndirməməliyik.

Və nəhayət, bir həqiqəti hamımız dərk etməliyik - qayanın üzərinə ad yazmaqla heç kim tarixə düşmür!

Tarixə düşənlər Vətən üçün can verənlərdir! Tarixə düşənlər mədəniyyət yaradanlardır! Tarixə düşənlər milli kimliyə xidmət edənlərdir!

Qayanın üzərinə boya ilə adını yazan isə sadəcə bir şey göstərir - özündən böyük olanı qorumaq üçün lazım gələn mənəvi məsuliyyəti hələ dərk etmədiyini.

Əfəndilər!
Qoy bizim təbiətdə izimiz, adımız olmasın. Qoy izimiz təbiətin salamat qalması olsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31