Türkiyə bu qanlı olayla ÇALXALANIR – ŞOK İDDİA yayıldı

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbində 9 şagird və müəllim Ayla Karanın öldüyü, 15 şagirdin yaralandığı silahlı hücumla bağlı məhkəmənin ilk iclası keçirilib.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, hücumda təqsirləndirilən İsa A.M.-nin həbsdə olan atası Uğur Mersinli oğlunun silahları ondan xəbərsiz götürdüyünü deyib.

Lakin onun mərhum uşaqların ailələrinin yanında qəhqəhə çəkdiyi iddiası böyük etiraz doğurub.

Məhkəmə zalında baş verənlərlə bağlı ən çox diqqət çəkən iddialardan biri hücum zamanı həyatını itirən Kerem Erdem Güngörün atası Mustafa Güngör tərəfindən səsləndirilib. Güngör Uğur Mersinlinin məhkəmə zalındakı davranışına sərt etiraz edib. O, oğlunu itirməyin acısını yaşayan bir ata kimi məhkəmədə baş verənlərə dözə bilmədiyini bildirib.

Güngör deyib:

"10 türk övladı qətlə yetirilib. Adam içəridə qəhqəhə çəkdi, güldü, bizi ələ saldı".

Mustafa Güngör məhkəmə zamanı oğlunu öldürən şəxsə etiraz etdiyi üçün hakim tərəfindən xəbərdar edildiyini də bildirib.

O, həmin anları belə ifadə edib:

"O adama etiraz etdiyim üçün hakim mənə dedi: "Bağırmaq olmaz". Mən deyirəm, sən o canini məhkəmədə necə güldürürsən? Övladımın haqqını axtararkən niyə məni susdurmağa çalışırsınız?"

Xatırladaq ki, aprelin 15-də Kahramanmaraşın Ayser Çalık məktəbində silahlı hücum törədilib. Hadisə nəticəsində 9 şagird və müəllim Ayla Kara ölüb, 15 şagird yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31