Vaşinqtonda kadr istefaları dalğası: Ordudakı qalmaqalların ardından müdafiə nazirinin müavini də gedir?

Ağ Ev ABŞ müdafiə nazirinin (müharibə nazirinin) müavini Stiv Faynberqin vəzifədən kənarlaşdırılması və onu əvəz edə biləcək namizədlərin nəzərdən keçirilməsi variantını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mövzuya bələd olan üç mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, namizədlər ətrafında müzakirələr ən azı iyun ayından bəri davam etsə də, Faynberqin istefası ilə bağlı hələlik son qərar qəbul olunmayıb.

Bununla belə, Pentaqon rəhbərliyi onun əvəzlənməsi üçün hər hansı hazırlıq işlərinin aparıldığını qətiyyətlə təkzib edib. ABŞ-nin müdafiə naziri Pit Heqset bəyan edib ki, Faynberq onun tam dəstəyindən yararlanır və "heç bir yerə getmək niyyətində deyil".

Mümkün istefa gerçəkləşəcəyi təqdirdə, bu, son dövrlər Pentaqonda baş verən ən böyük kadr dəyişikliyi olacaq. Qeyd edək ki, son bir neçə həftə ərzində ABŞ Müdafiə Nazirliyini bir sıra yüksək rütbəli rəsmilər və generallar tərk edib. Sentyabrın 1-də isə ABŞ Quru Qoşunlarının naziri (Ordu naziri) Dən Driskoll da gözlənilmədən istefa ərizəsini təqdim etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31