Biz gözəl yazırıq, amma gözəl danışa bilmirik - Elçin İsmayılov
8 Dekabr 2023 13:31 SosialMüsahibimiz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur.
-Azərbaycan müstəqillik qazanandan sonra, xüsusilə də son illərdə dilimizdə olan problemlərdən danışılır və bunun müxtəlif aspektləri göstərilir. Dilçilik İnstitutu olaraq, sizcə Azərbaycan dilindəki başlıca problem nədir?
-Müstəqillik qazanandan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, dilçilik sahəsində də böyük uğurlar var. Dilçiliklə bağlı xeyli ədəbiyyat çap olunub. Eyni zamanda dilimizin təbliğatı ilə bağlı dövlət səviyyəsində işlər aparılır. Bir il ərzində Dilçilik İnstitutunda 40-dan çox elmi əsər, ədəbiyyat çapdan çıxıb. Yüzlərlə məqalə xaricdə və ölkə daxilində çap olunub. İstər respublika, istər beynəlxalq səviyyəli elmi konfranslar keçirilib. Ancaq dilçiliyimizdə çatışmazlıqlar da yox deyil. Bizim əsas problemimiz müxtəlif televiziya kanallarının və əhalinin orfoepiya və orfoqrafiya qaydalarına uyğun olmayan nitqidir. Gözəl danışmaq, nitq etmək qabiliyyəti bizim xalqda hələ də bir az zəifdir. Təsəvvür edin ki, biz gözəl yazırıq, elmi-nöqteyi nəzərdən dilimizi öyrənirik, amma danışarkən hələ də başqa ölkələrin əhalisi ilə müqayisədə yaxşı, obrazlı danışa bilmirik. Bundan başqa dilimizin əsas problemlərindən biri bəzi paralel terminlərin hələ dəqiqləşməməsi, dilimizdə olan bəzi istisnalara aydınlıq gəlməməsi, orfoqrafiya və orfoepiya lüğətlərinin çapı zamanı mübahisələrin meydana gəlməsidir. Böyük marketlərin, apteklərin, küçə reklam lövhələrinin tətbiqi, dərmanların satışı zamanı Azərbaycan dili qaydalarına uyğun olmayan halların baş verməsi artıb. Məsələn, hələ də avtomobil xidməti sahələrində qaynaqçı yox, "svarşik" yazırlar. Çilingər yox, "motorist" yazırlar. Ümumiyyətlə, bizim dilçiliyimizin tətbiqindəki bəzi nöqsanlarımız hələ də qalmaqdadır. Azərbaycan dilini, tarixini yaxşı öyrənmirlər. Son zamanlar televiziya kanallarının təsiri ilə Azərbaycan dilinə qardaş Türkiyə türkcəsindən lazımsız, ehtiyac olmayan sözlərin keçməsi halları müşahidə olunur. Düzdür, bəzi sözlərə ehtiyac var, amma bəzilərinə yox. Televiziya kanallarında tərcümə məsələlərində arzuolunmaz hallar baş verir. Görünür, hədsiz dərəcədə "səviyyəsiz" tərcüməçilərin xidmətindən istifadə edirlər. Saytlarda Azərbaycan dilinin orfoqrafiya qaydaları kobud şəkildə pozulur. Bəzən sözlər yarımçıq yazılır, bəzən demək olar ki, yazı qaydalarına heç əməl olunmur.
- Hazırda nəşr olunan bir çox kitab, qəzetlərdə dilimizin qaydaları kobud şəkildə pozulur, dilimiz oxuculara bərbad halda təqdim olunur. Bu məktəb dərsliklərində belə öz əksini tapır. Belə halların qarşısının alınması, dilimizin bərbad hala düşməməsi üçün nə təklif edirsiniz?
-Dərsliklərin, qəzetlərin, televiziya kanallarında gedən verilişlərin dilinə nəzarət olmalıdır. Mən siyasi nəzarəti nəzərdə tutmuram, məsələnin məzmununa münasibəti, deyək ki, demokratiyanın pozulmasına gətirib çıxardan nəzarəti nəzərdə tutmuram. Səviyyəni qorumaq üçün dilin tətbiqi ilə bağlı müəyyən bir nəzarət olmalıdır. Bu təkcə dilə münasibətdə olmamalıdır. Musiqiyə, bədii ədəbiyyata münasibətdə də belə olmalıdır. Qrif, yəni kitabın sənədi 30 manatadır. Kitabın da birini 5 manata nəşr etmək olur. Aparırlar mətbəəyə, 25-30 manat verirlər bir qrif alırlar. Ondan sonra 200-300 manat tapır, bir kitab buraxır. Onun nə redaktoru, nə korrektoru olur, nə onu kimsə oxuyub bir rəy verir. Elə statistika üçün necə gəldi çap edirlər ki, bax, filankəsin filan qədər kitabı var. Bir dəfə bir yazıçı ilə tanış oldum. Məlum oldu ki, 80 kitabı var. Mən ədəbiyyat adamıyam, dilçiyəm, mən o 80 kitabın birinin də adını eşitməmişdim. Elə o dedi, mən özümü elə göstərdim ki, güya hardasa yadıma salıram. Ancaq məlum oldu ki, bu kitabların ildə 5-6-sını çap edir. Bu adamın yaradıcılığı etsin 30 il, 80-90 kitabı varsa, deməli ilə 3 roman yazır. Təbii ki, orda səviyyə gözlənilməyəcək, dil qaydalarına əməl olunmayacaq. Dilin korrektəsi, redaktəsi düzgün aparılmayacaq.
-Hər gün dəfələrlə rastlaşdığımız küçə reklamlarından, elanlarından danışaq. Belə deyək, kimə nə lazım olursa, nə axtarırsa, nə satırsa, elə danışdığı kimi də yazıb, çap etdirib, divarlara yapışdırır. Görün gündə neçə nəfər bu reklamları, elanları görür, hətta oxuyur, zehninə həkk edir. Görəsən, bu elanlar, yazılar dilçilərin qarşısına heçmi çıxmır, onları narahat etmir? Dilimizlə bağlı məsələlərə nəzarət edən qurumlar bu hallarla qarşılaşanda nəsə edirlərmi?
-Reklamlar məsələsinə yuxarıda da toxundum.Reklamın texniki məsələlərinə Bakı meriyasının xüsusi bir qurumu baxır. Sən reklamı vurmusansa, bu qədər ölçüdədirsə, dövlətə bu qədər pul ödəməlisən. Yəni həmin o qurum bu məsələnin texniki yönlərinə baxır. Ancaq onun dilinə cavabdeh olan qurum, dediyim kimi təzə yaradılıb, 3-4 ildir. Azərbaycan Nazirlər Kabineti yanında Monitorinq Qurumu var, o nəzarət edir. İndi inzibati cəza da nəzərdə tutulub, amma hər yetənə inzibati cəza tətbiq oluna bilmir. Məsələn, bayaq dediyim kimi, qaynaqçıya nə inzibati cəza yazacaqsan? Götürüb boya ilə dəmir qapının üstünə yazıb "svarka". O adama cərimə tətbiq edəcəksən, onun da orda bir qaynaq aparatı var, vuracaq qoltuğuna, çıxıb ordan gedəcək başqa yerə. O "svarka" sözünü də boya ilə siləcəklər. Kimə sübut edəcəksən, kimdən cərimə alacaqsan? Yaxud dövlət qurumunda hansısa bir səhv söz yazılıbsa, mübahisə predmetinə çevirirlər. "Yox, biz filan yerdə belə oxumuşuq, belə etmişik". Bu bir az ictimai məsələdir. Xalqın özünün də buna nəzarəti olmalıdır, eyni zamanda vicdan məsələsi var. Hər kəs dilini qorumalıdır, çalışmalıdır ki, dil qaydalarını pozmasın.
-Neçə müddət ərəb, fars dilindən keçən sözlərlə mübarizə aparmışıq. Dilimizi hələ fars, ərəb sözlərindən təmizləyə bilməmişkən, dünyanın fərqli ölkəsindən yeni söz daxil olur. Bu hal artıq qarşısıalınmaz bir vəziyyətə çevirilir. Dilçilik İnstitutu bu məsələni diqqətdə saxlayırmı?
-Dilimizə sürətlə sözlər daxil olur. Bu İKT ilə, həm də Azərbaycan xalqının kənara çıxışı ilə də bağlıdır. İngilis dilli insanlarının sayının artması ilə beynəlxalq terminlərin dilimizə daxil olması məsələləri var. Məsələn, sovet vaxtı "imicmeyker" sözünü kim eşitmişdi? Bu gün müasirləşmə, kənarla əlaqə məsələləri dilmizə sözlərin daxil olmasına gətirib çıxardıb. Bu sözlər təsbit olunmalı, qeydə alınmalıdır. Əgər söz dilimizdə vətəndaşlıq qazanıbsa, qarşılığı yoxdursa, birinci növbədə onlara münasibət formalaşmalıdır. Necə eləyək? Bu sözə ehtiyac varmı? Varsa, bəlkə bu sözün azərbaycanca, türkcə variantını tapaq? Yaxud onu fonetik cəhətdən dilimizə uyğunlaşdıraq. Uyğunlaşdıraqsa, necə uyğunlaşdıraq? Translitrasiya məsələləri necə baş versin? Bax, belə problemlər var. Yeri gəlmişkən deyim ki, bu problemlərin içərisində ən böyüklərindən biri də sahə leksikası, terminologiyasıdır. Təsəvvür edir ki, həyatımızın hər sahəsində müxtəlif terminlər var. Məsələn, deyək ki, avtomobil texnologiyaları, avtomobillə bağlı terminologiya. Vaxtı ilə Azərbaycanda bir neçə söz təklif olunub, məsələn, "sükan", "əyləc" sözləri. Amma ondan başqa avtomobildə nə qədər cihaz, funksiya var. Onların hamısının Azərbaycanca adı varmı? Varsa da onları bilənlər varmı? Əgər bilən varsa, işlədən varmı? Yaxud dəmiyolu, tibb, biologiya, kənd təsərrüfatı terminləri. Həyatımızın hər sahəsində minlərlə belə termin var. O terminləri azərbaycanlılaşdırmaq lazımdır. Sözün qarşılığını tapmaq, xalqın qəbul etməsi üçün cəhdlər etmək, əgər bunlar mümkün deyilsə, onda təcrübədən istifadə etmək lazımdır. Qardaş türkdilli ölkələrin praktikası öyrənilməlidir. Əhalisi çox olan, bir az proqressiv ölkə Türkiyədir, onların təcrübəsindən istifadə etmək lazımdır. Yaxud Özbəkistanın, ya Qazaxıstanın. Yəni demək istəyirəm ki, bu sahə terminologiyasının azərbaycanlılaşdırılması, türkləşdirilməsi dilimizə gələn alınma sözlərin əksəriyyətini mütləq qaydasına salacaq. Çünki, dilə daxil olan sözlərin 99.9%-i hamısı terminlərdir. Ya öz dilimizin, ya qardaş dillərin imkanları hesabına terminlərin qarşılığını tapıb, onları tətbiq etmək lazımdır.
- Bəs sizcə başqa ölkələr, gəlin deyək Fransa, İngiltərə. Onlar digər ölkələrdən gələn sözləri bizim qədər "rahat" qəbul edə bilirmi?
-Bizim dilimizi ingilis, fransız dili ilə müqayisə etmək hələ tezdir. Onların da dilinə kifayət qədər əcnəbi söz keçib və keçməkdədir. Həyat belədir ki, heç kəs özünə qapanıb qala bilməz. Birincisi ekzonimlər var, məsələn deyək ki, ekzotik sözlər var. Bunlar elə sözlərdir ki, həmin dil məcburdur onu qəbul etsin. İrandan danışırsa, İranın pul vahidi tüməndir. Məcburdur tümənin adını çəksin. Yəni spesifik sözlər var ki, onları əvəz etmək mümkün deyil. Elə sözlər var ki, lap keçmişdən onların dillərinə keçib, şərqdən, qərbdən, ingilis, fransız dillərindən bir-birlərinə söz keçib. Fransız dili vasitəsilə latın sözlərinin ingilis dilinə keçməsi baş verib. Elə latın dilindən birbaşa keçmələr də baş verib. O sözlərin bəzilərini vaxtı ilə ingilis latın dilindən götürüb. Uzun müddət qərbdə, xristian dünyasında latın dili aparıcı dil olub. Bu gün o sözlər fransız dilində işlənilir, çünki fransız dilində latın sözləri çoxdur. Ümumi german sözləri də var. Deyək ki, bir dildə başqa formadadır, o biri dildə başqa, amma kökü birdir. Onlar bir-biri ilə mübadilə edirlər o sözləri. O sözlərdə də, ispan, fransız, ingilis və s. dillərində də alınma var. Ərəb dili dünyanın ən zəngin dilidir, onun özündə də alınmalar var. Məsələn, avtomat silaha "aftomatkum" kimi bir ifadə deyirlər. Yəni alınmadan istifadə etməmək mümkün deyil, amma bizim dildə bir az həddindən çoxdur.
- İnsanları tez-tez çaşdıran məsələlərdən biri də bitişik yazılan sözlərin artıq ayrı yazılma qərarı, ya da tam əksi olaraq ayrı yazılan sözlərin bitişdirilib yeniləşdirilməsidir. Tutaq ki hansısa sözü biz illərlə ayrı yazırıq, bir qərarla onun artıq bitişik yazılışına keçirik. Bu qədər böyük problemlər varkən, üzərinə düşülməli olan məsələ həqiqətən bu olmalıdır?
-Sözlərin ayrı, bitişik, defislə yazılma məsələləri probleminə toxunursunuz. Bu problemlər Azərbaycan dilçiliyində çoxdan həll olunub və o qaydalar təsbit olunub. İndi insanlar onu bilmirlər, o cür yazırlar. O qaydaları öyrənmək lazımdır və tələb etmək lazımdır ki, adamlar qaydalara əməl etsinlər. Orfoqrafiya lüğətində hansı sözün necə yazılması təsbit olunub və o məsələyə ümumi baxış, münasibət də məlumdur. Hansı söz təsadüfən həmin o lüğətdə yoxdursa da, o prinsip əsasında o birisi sözə baxıb bununda yazılmasını orda müəyyənləşdirmək olur. Ona görə də, qaydalara sadəcə əməl etmək lazımdır. Dilçilər o problemləri həll ediblər, əməl etmək lazımdır.
- Yaxın keçmişdən bir misal gətirək. Pandemiyanın ilk aylarında bütün insanlar təlaş içində idi, dünya alimləri korona virusun peyvəndini tapmaq üçün dayanmadan səy göstərirdilər. Gəlin həmin dönəm Azərbaycandakı mübahisələri yada salaq. "Korona virus, yoxsa koronavirus?", "korona, yoxsa korono?" İndi heç "korona"nı nə yada salan yoxdur, nə işlədən. Amma dilimizdəki problemlər hələ də həllini tapmadan olduğu kimi qalıb. Dilimizə salınan ləkələri təmizləməkdənsə, nə üçün öz sözümüz belə olmayan sözlərin yazılışı, deyilişi üçün bu qədər çalışırıq?
-Çox maraqlı, mənim özümə də maraqlı gələn bir məsələyə toxundunuz. Bu translitrasiya məsələləridir. Korona sözü də, koronavirus sözü də Azərbaycan sözü deyil. Translitrasiya məsələlərinə, sözün 1 qaydada yazılma məsələlərinə bir baxış olmalıdır. Hansı söz necə yazılsın? Görkəmli dilçilərdən, jurnalistlərdən ibarət b bir komissiya, heyət yaranmalıdır. O sözləri bir-bir hamısını bir formada deməlidir ki, məsələn, koronavirus bundan sonra belə yazılacaq. Yaxud Xankəndi sözü. Xənkəndinə gedirəm, ya Xankəndiyə gedirəm mübahisəli sözü belə yazılacaq. Belə sözlər çoxdur. Ya o komissiya bir-bir o sözlərə münasibət bildirməlidir, ya da bir prinsip ortaya qoymalıdır ki, bu tip sözlər belə yazılacaq. Daha o qaydalar qəbul olunandan sonra həm dilçi alimlər, həm də xalq qəbul olunmuş qaydanı tənqid etməyi yığışdırmalıdır. Dil bir formada, bir qaydaya uyğun olaraq o sözləri mənimsəməlidir və bu birdəfəlik belə qalmalıdır. Məsələlərə bu cür yanaşma olmalıdır. Harda mübahisə doğuran, istisna sözlər varsa, müəyyənləşməlidir, aydınlıq gətirilməlidir.
QİYMƏT MAHİR