Bu hadisə bir daha göstərdi ki, İcra Hakimiyyətlərinin aidiyyatı şöbələri fəaliyyətsizdir - ÖZƏL
16 May 2023 15:32 Sosial"Hər dəfə belə hadisə olur, biz də yazırıq, amma...Amması odur ki, heç bir müsbət nəticə əldə edə bilmirik. Hər dəfə demişəm ki, erkən nigahla bağlı regionlar daha çox diqqət mərkəzində olsa da, paytaxtda da belə hadisələr heç də az olmur. Hətta bəzi hallarda Bakıda vəziyyətin daha acınacaqlı olduğunu görürük". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası Qadınlar Şurasının sədri Almaz Məmmədovanın sözlərinə görə, elə son hadisəni götürək: "13 yaşlı qızı (körpə uşaq yəni) 37 yaşlı oğlanla nişanlayıblar. Valideyinlər müxtəlif bəhanələrlə bu "izdivaca" haqq qazandırmağa çalışırlar, amma bu hadisə həqiqətən çox biabırçı, ağır məsələdir. Bu hadisədə günahsız olan yalnız bir nəfər var, o da 13 yaşlı körpə qızcığazdır. Ən böyük günahkar isə onunla nişanlanan, buna razılıq verən 37 yaşlı şəxsdir. 37 yaş hər şeyi anlamaq, başa düşmək üçün kifayət qədərdir, amma görünən odur ki, bu şəxs hələ də çox şeyi başa düşmür. İkinci günahkar isə valideyinlərdir. Həm o qızı oğluna istəyən "ağsaqqal" və "ağbirçəklər", həm də "hə" deyən qız tərəfinin böyükləri! Bu hadisə bir daha göstərdi ki, İcra Hakimiyyətlərinin aidiyyatı şöbələri fəaliyyətsizdir! Cənablar və xanımlar, kimliyindən asılı olmayaraq uşaqlarımızı, gələcəyimizi qorumalıyıq! Bu, hər birimizin məsuliyyəti, borcudur! Bu cür hadisələr qonşuda, qohumda, dostda, tanışda baş verirsə, bunun qarşısını almağa çalışaq, əks halda körpə qızlarımız ciddi təhlükələrlə üz-üzə qalacaq, necə ki, qalır!"