"Azərqaz"ın qazlı əməlləri
1 Aprel 2022 18:42 SosialAzad sahibkarlığın inkişafına kimlər mane olur?
Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Elə bu səbəbdən də ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Nəticədə ölkənin dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu artıb. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə ölkə başçısı tərəfindən "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Çox təəssüf ki, bəzi qurumlar dövlətin bu siyasətinin ziddinə gedərək ölkədə azad sahibkarlığın inkişafına süni maneələr yaradırlar. Redaksiyamıza müraciət edən Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşən "Hacı Camalxan Kəndli Fermer Təsərrüfatı"da eyni problemlə üzləşib. "Hacı Camalxan Kəndli Fermer Təsərrüfatı"nın direktoru Vəkil İsgəndərov bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə "Hacı Camalxan Kəndli Fermer Təsərrüfatı" arasında 2019-cu ilin noyabr ayında qaz istehlakına dair bağlanan müqaviləyə əsasən "Azəriqaz" və onun yerli qurumu olan Salyan Regional Qaz İstismar İdarəsi fermer təsərrüfatını fasiləsiz təbii qazla təmin etməli, fermer təsərrüfatı isə ayda bir dəfə olmaqla sayğaca uyğun olaraq istehlak etdiyi qazın pulunu ödəməlidir. Müqavilə öhdəlikləri texniki şərtlərə uyğun olaraq 2004-cü ilə qədər davam edib. 2017-ci ildə isə "Azəriqaz" yeni şərtlər tətbiq etməklə qaz sayğaclarını dəyişdirib. Başqa sözlə, bütün istehlakçılara qaz sayğaclarını dəyişmək adı ilə özlərinin maraqlarına uyğun yeni texniki şərtləri diktə ediblər:
"Dünya standartında belə bir texniki şərt yoxdur ki, qaz borusu mənbədən birbaşa sayğaca birləşdirilsin. Lakin "Azəriqaz" 2017-ci ildən ərazidə olan bütün istehlakçıların sayğaclarını birbaşa mənbəyə birləşdirib. Bu zaman mənbədə olan təzyiq birbaşa sayğaca ötürülür. Normativ texniki şərtlərə görə mənbədən sonra qazın təzyiqini ölçən monometr, onun ardınca siyirtmə (zadvişka), ardınca tənzimləyici, filtr, sonra isə sayğac birləşdirilməlidir. Sayğacdan sonra monometr, siyirtmə, sonra isə abonentin boru mənbəyinə birləşdirilməlidir. Lakin 2017-ci ildən sayğaclar birbaşa mənbəyə birləşdirilib. Məlumdur ki, 6 atmosfer altında mənbəyə birləşən sayğac kifayət qədər artıq qazın istehlak olunduğunu qeydə alıb. 2018-ci ilə qədər davam edən proses bütün istehlakçıların narazılığına səbəb olub və onların təzyiqi ilə ilin axırından sayğacları əvvəlki vəziyyətə qaytarıblar. Camaatın narazılığından sonra araşdırılaraq məlum olub ki, ümumiyyətlə sayğacların dəyişdirilməsi düzgün olmayıb. Sayğaclar yenidən dəyişdiriləndə isə istehlakçılar 1700 manat texniki şərtə görə, 2000 manat isə onun təsdiqinə görə pul ödəməli olublar. İndi belə bir sual meydana gəlir, əgər "Azəriqaz" sayğacları normalara uyğun quraşdırmışdısa, niyə dəyişib, yox, əgər səhv quraşdırılmışdısa istahlakçılara dəyən zərər niyə ödənilmir? Mövcud normaları "Azəriqaz", Fövqəladə Hallar Nazirliyi və digər aidiyyati qurumlar təsdiq ediblər. Nədən "Azəriqaz" heç bir normativ şərtləri nəzərə almadan sayqacları öz istədiyi kimi quraşdırır? Qurumun marağı nədən ibarətdir ki, birdən-birə sayğacları dəyişmək eşqinə düşür?"
Onun bildirdiyinə görə, 2019-cu ildən fermer təsərrüfatının sayğacının əvvəlki vəziyyətinə qaytarılması sənəd üzrə təsdiq edilib. Lakin sayğacın əvvəlki vəziyyətə qaytarılması elə sənəd üzərində qalıb. Dəfələrlə Salyan Regional Qaz İstismar İdarəsinə müraciət edilməsinə baxmayaraq yeni texniki şərt tətbiq edilməyib. Nəhayət 2020-ci ilin 13 noyabrında "Azəriqaz"ın rəhbəri Ruslan Əliyevə müraciət edilib. Yalnız 2021-ci ilin yanvar ayının 26-da sayğacın yeri dəyişdirilib. Nəticədə 2017-2021 ci il ərzində fermer təsərrüfatının sayğacı birbaşa mənbəyə birləşdiyi üçün istehlak edilən qazın qiyməti 3 dəfə artıq hesablanıb: "Biz yaranan əlavə istehlakı istifadə etməmişik. Bu əlavə istehlak korreksiya əmsalına uyğun olaraq yaranıb. Korreksiya əmsalı elektron sayğacın mexaniki sayğaca bölünməsindən alınan əmsaldır. Normativə görə bu əmsal 1,6-1,7 olmalıdır, amma sayğac birbaşa mənbəyə birləşdiriləndən bu göstərici 5-5,6 olur. Bu isə qazın 2-3 dəfə artıq sərfiyyatı deməkdir. Belə məlum olur ki, "Azəriqaz" sayğacı birbaşa mənbəyə birləşdirərək bilərəkdən, qəsdən artıq istehlak yaradıb. Nəticədə bizə 31 min 664 manat əlavə cərimə gəlib. Lakin əlavə istehlakın yaranması müvafiq sənədlər də, eləcə də "Azəriqaz"ın qaimə-fakturaları da təsdiq edir. Bu müddət ərzində təsərrüfata "Azəriqaz" 31 min 664 manat ziyan vurub".
Lakin "Azəriqaz"ın hoqqaları bununla da bitməyib. Fermer təsərrüfat haqqını tələb etmək, pozulmuş hüququnu bərpa etmək məqsədilə məhkəməyə üz tutub. Belə ki, "Hacı Camalxan Kəndli Fermer Təsərrüfatı" aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə qərar çıxarıb ki, 31 min manat 664 manat mübahisələndirilən məbləğ olduğundan həmin vəsaitə toxunmaq olmaz: "Yəni bu məsələ məhkəmə predmetidir, müvafiq məhkəmədə biz uduzacağıqsa həmin vəsaiti ödəyəcəyik, əgər "Azəriqaz" uduzsa mütləq mənada bizim pulumuzu qaytarmalıdır. Çox təəssüf ki, "Azəriqaz" dövlət adından çıxarılan məhkəmənin qərarını saymadan həmin vəsaitin ödənilməsini tələb edir. Hansı ki, biz "Azəriqaz"a tələb etdiyi vəsaiti artıqlaması ilə ödəmişik. Belə halda məcburuq ki, pozulmuş hüquqlarımızın bərpasını məhkəmə yolu ilə təmin edək. Bakı Kommersiya Məhkəməsinin qərarında göstərilir ki, "Hacı Camalxan Kəndli Fermer Təsərrüfatı"nın "Azəriqaz" İstehsalat Birliyinə qarşı artıq hesablanmış borcun silinməsi barədə iş üzrə məhkəmə mühəndis texniki ekspertiza təyin olunsun. Artıq belə bir ekspertiza təyin olunub və araşdırma aparılır. Biz sözügedən vəsait toxunulmaz olduğundan istehlak etdiyimiz qazın pulunu hər ay vaxtında ödəyirik. Buna baxmayaraq iki ay əvvəl istixanalara verilən qazı qeyri-qanuni olaraq dayandırıblar. Araşdırma zamanı məlum olub ki, Bakı Kommersiya Məhkəməsinin çıxardığı qətnamə "Azəriqaz" İstehsalat Birliyində yoxa çıxıb. Biz əlavə olaraq beş min manat ödəsək də qazın verilişi təmin olunmadı. Hazırda fermer təsərrüfatının istixanaları məhv olmaq üzrədir, üstəlik insanlar iş yerlərini itiriblər. Biz sahibkar olaraq həmin istixanalara 80 min manat vəsait yatırmışıq. Ona görə, Salyan Regional Qaz İstismar İdarəsi, eləcə də "Azəriqaz" İstehsalat Birliyi dövlət qarşısında cavab verməlidirlər. Hətta məhkəmənin dövlət adından çıxardığı qərarın da bu quruma heç bir təsiri yoxdur. Onlar məhkəmənin qərarını qəbul etməyərək əlavə hesablanmış vəsaitin ödənilməsini tələb edirlər. Onların ya qaz təsərrüfatı haqqında məlumatları yoxdur, ya da bilərəkdən sahibkarlara ziyan vururlar. Biz isə hüquqlarımızın bərpa olunması istiqamətində axıra qədər mübarizə aparacağıq. Fermer təsərrüfatına vurulan 70 min manat vəsaitin və əlavə hesablanmış 31 min 664 manatın bizə ödənilməsi tələb olunacaq. Dövlətin qanunlarına söykənərək məhkəmədə öz hüquqlarımızın bərpasını axıra çatdıracağıq. Belə məlum olur ki, "Azəriqaz" xalqın, dövlətin əleyhinə işləyən bir təşkilatdır. Hazırda dövlət kənd təsərrüfatı sahəsinə subsidiya ayırır, sahibkarlara dəstək olur, onların fəaliyyəti üçün lazımi şərait yaradır, ölkə başçısı tərəfindən sahibkarların hüquqları qorunur, lakin Salyan Regional Qaz İstismar İdarəsi, eləcə də "Azəriqaz" İstehsalat Birliyi birbaşa sahibkarların cibini soymaqla məşğuldur".
Nurlan