İntihar çarəsizlik, tükənmişlik vəziyyətidir...

Son zamanlar ölkədə intiharların sayı həddən artıq artıb və artmaqdadır. İntiharın səbəbləri müxtəlif olsa da, sosial şəbəkələrin bu yöndə rolu az deyil. İntihar görüntülərinin sosial mediada yayılması ilə bu düşüncədə olan insan özünün də intihar edə biləcəyini düşünür. İnsanlar bir-birindən cəsarət alaraq bu addımı atırlar. Sosial şəbəkələr bunu o qədər yayır ki, intihar adi hal alır.

Uzman-psixoloq Mələk Kərimova deyir ki, sosial sferanın inkişafı da intihar hadisələrində özünü büruzə verir:

"Son zamanlar texnologiyanın inkişafına bağlı olaraq da sosial sferada informasiya daha sürətli ötürülür. İnformasiyanın bu qədər sürətlə ötürülməsi təbii ki, intihar hadisələrində də özünü göstərir. Çünki, intihar düşüncəsi olan insanlar da sosial şəbəkələr vasitəsilə ya statuslarla, ya mesajlarla, ya emojilərlə öz duyğularını səhifələrində paylaşır, fikirlərini əks etdirirlər. Bütün bu fikirlər, düşüncələr və ya ölümlə bağlı paylaşılan hər şey əslində ətraf üçün bir ipucu olmalıdır. Çünki, bəzən ətrafında ailə, dost çevrəsi bunu ciddiyə almasa da, bu eyni zamanda həyəcan təbili ola bilər. Çünki, bir insanın sosial səhifələrində hər zaman ölümlə, intihar düşüncəsi ilə bağlı fikirlər yer alırsa, bu bizim üçün həssas bir mövzudur və mütləq o insanın dəstəyə ehtiyacı olduğunu anlamalıyıq. O ki qaldı sosial şəbəkələrdə intihar hadisələrinin paylaşılmasına, təbii ki, yaşı kiçik olanları da düşünsək, bəzən bunu problemi həll etmə yolu kimi görmələrinə səbəb ola bilir. Təbii ki, intihar çıxış yolu deyil. Sadəcə, intihar bir çarəsizlik, tükənmişlik vəziyyətidir. Şəxs bu mərhələdə olduğu zaman ona elə gəlir ki, onun artıq davam etmək gücü və problemi həll etmək yolu yoxdur. Əgər şəxsin yaxşı münasibətləri, sosial dəstəkləri yoxdursa, o zaman bu təklik, çarəsizlik hissi daha da artmış olur. Cəmiyyət olaraq, ən azından bir insan olaraq, ətrafımızda belə insanlar gördüyümüz zaman bəzən bir gülümsəmə, bəzən 1 saatlıq bir söhbət, anlaşılmaq hissi insanı həyata qaytara bilir. Təbii ki, bu hər zaman bu qədər sadə olmur. Bəzən psixiatrik pozuntularla paralel göründüyü üçün də mütləq bu hissədə psixoloq-həkim, psixiatr yardımına ehtiyac olur. Ailəyə bu barədə mütləq məlumat verilməli, şəxs mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır ki, ən azından onunla iş aparılsın və bununla həyata qaytarılsın".

Özünü psixoloq, uzman-psixoloq, klinik-psixoloq olaraq təqdim edən, fəqət həyatının həssas məqamında üzləşdiyi psixoloji məqamlarda insanlara kömək edə bilməyən neçə-neçə insan var. Bəzən pasiyentin psixoloq seçimi düzgün olmaya bilər. Bəzən həyatını qaydasına qoymaq üçün müraciət etdiyi psixoloq hər şeyin daha da sıradan çıxmasına səbəb ola bilər. Bəzi dırnaqarası psixoloqlar "uğurlarını" nümayiş etdirmək üçün peşə etik prinsiplərini kobud şəkildə pozub, pasiyentin anonimliyini qorumurlar. Bu da pasiyenti intihara qədər sürükləyə bilir.

Psixoloqun sözlərinə görə, pasiyentlərin anonimliyinin qorunması etik prinsiplər içərisində ən önəmli prinsiplərdən biridir:

"Psixoloqların etik prinsipləri var və bu etik prinsiplər Amerika Psixoloqlar Assosasiyasının qaydalarına əsaslanır. Bu etik prinsiplər içərisində ən önəmli prinsiplərdən biri də pasiyentlərin anonimliyinin qorunmasıdır. Pasiyentlə danışılan hər bir məlumat psixoloqla pasiyent arasında qalmalıdır, məxfi olmalıdır. Bu məxfilik nə zaman pozula bilər? Bu məxfilik pasiyent özünə zərər verərsə və ya pasiyentin kənara zərərverici davranışları olarsa, pozula bilir. Ancaq burda hissə var. Adətən psixoloqlar etik qayda, prinsip olaraq pasiyentlərlə görüşdüyü zaman ilk seansda pasiyentə bu haqda məlumat verməlidirlər ki, danışdığımız hər şey bizim aramızda qalır və yalnız bir az öncə dediyimiz şərtlər, yəni, özünə və ya digərlərinə zərər verərsən, mən ailən və ya əlaqədar şəxslərə bunu bildirə bilərəm. Bu birinci məsələdir. İkinci məsələ, bəzən dediyimiz hissələri müşahidə etmək olur ki, psixoloqlar öz işlərini və ya öz uğurlarını nümayiş etdirmək üçün işini qurmayan və ya etik prinsiplərə əməl etməyən dırnaqarası psixoloqlara da rast gəlmək olur. Bəzən onlar ya öz uğurları ya da pasiyentin yaxşı olduğu haqqında məlumat vermək üçün onun üzünü və ya ad, soyadını yanlışlıqla qeyd edə bilirlər, paylaşırlar. Bu təbii ki, doğru olmayan bir yanaşmadır. Bəs nə zaman pasiyentlə əlaqədar məlumat paylaşıla bilər? Necə ki, cərrahiyyədə cərrahlığı öyrənmək üçün tələbə həkim namizədi bu prosesdə iştirak edirsə, xüsusən, universitetlərdə təhsil verən psixoloqlar ad və soyadı, məkanı, zamanı dəyişərək müəyyən situasiyalar, yəni, pasiyent nümunələri olaraq bunu tələbələri ilə bölüşə bilər. Amma burada yenə mütləq anonimlik qorunur. Sadəcə belə bir situasiyada, belə bir pasiyentiniz olarsa, belə əlamətləri olarsa, bu pasiyentə necə yanaşmaq lazımdır hissəsi müzakirə edilir və həmin hissə sadəcə öyrənmək məqsədi daşıyır. Bir az öncə də qeyd etdiyim kimi, bu hissədə heç bir ad, soyad, məkan, zaman kimi məlumatlar, önəmli məqamlar dəyişdirilir və belə təqdim olunur.

Təbii ki, ümumi olaraq fikrimizi toplasaq, onu deyə bilərəm ki, pasiyentlərin məlumatları, adları, hekayələri paylaşılmamalıdır. Sadəcə o halda paylaşıla bilir ki, o özünə zərar vermək istəyir. Bu halda mütləq ailə və ya əlaqədar psixiatra yönləndirilməlidir. Yəni, onun canını qorumaq məqsədilə haqqında məlumatı paylaşmalıyıq. Və ya kənarda kiməsə zərər verəcəyini, öldürəcəyini deyirsə, o zaman da əlaqədar qurumlara bu haqda məlumat verilməlidir. Onun xaricində sosial şəbəkələrdə belə paylaşımların olması doğru deyil. Yalnız pasiyentin icazəsi alınaraq seanslarda məxfilik qorunmaqla səs və ya video qeydiyyat aparıla bilər. Ancaq mütləq pasiyentin icazəsi olmalıdır. Əgər belə bir icazə olmasa, pasiyent bu barədə əlaqədar qurumlara şikayət edə bilər. Hətta xarici ölkələrdə belə nüanslar olduğu zaman o psixoloqun diplomu belə ləğv edilə bilir. Ona görə də, bu çox həssas məsələlərdən biridir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31