140 yaşlı Azərbaycan rabitəsi inkişaf və tərəqqi yolunda
2 Dekabr 2021 11:31 SosialMüasir dövrün insanlarını, elə özümüzü belə günümüzdə informasiya kommunikasiya texnologiyalarsız (İKT) təsəvvür etmək mümkün deyil. Bu gün İKT, onun bir qolu olan rabitə vasitələri həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Uzun tarixi bir yol keçmiş, elm, texnika inkişaf etdikcə yenilənmiş, müasirlənmiş rabitə vasitələri indi insanları belə bir-birinə əliçatan vəziyyətə gətirib. Onun imkanlarından istifadə edən cəmiyyət bu gün qısa müddətdə, asanlıqla istədiyi, arzuladığı şəxslə əlaqə, ünsiyyət yarada bilir.
Qeyd etdiyimiz kimi İKT-nin bir qolu olan rabitə keçmişdən bu günə qədər geniş bir yol keçib. Rabitənin bu günkü duruma, tərəqqi dövrünə gəlib çatması üçün insanoğlu bir çox mərhələlərdən keçib, yaxud həmin mərhələlərə şahidlik edib. Tarixdən də bildiyimiz kimi, günümüzə qədər xəbərləşmə zamanı, bir-biriylə rabitə yaratmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunub. Bu mənada uzaq keçmişdən bizə ilk rabitə əlaqəsinin göyərçinlər vasitəsilə yaradıldığı məlumdur. Paralel olaraq çaparlar, həmçinin elçilər də uzaq tariximizdə ən yaxşı rabitə vasitəsi sayılırdı. Lakin bir sıra hallarda çaparların, elçilərin həyatı təhlükə mənbəyinə çevrildiyindən və onların gətirdikləri xəbər qarşı tərəfin qəzəbinə səbəb olduğundan xəbər daşıyıcılarının edamına qərar verilirdi. Ona görə də zaman və mövcud situasiya yeni bir rabitə vasitəsinin yaradılmasını zəruri edirdi və beləliklə, həmin zərurətdən irəli gələrək XVI əsrin əvvəllərində poçt rabitə üsulu yaradıldı. Tarixi mənbələrdən aydın olur ki, 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən dövlət səviyyəsində ilk poçtun əsası qoyulur və bununla da xəbərləşmə, əlaqə yaratmaq proseduru bir qədər asanlaşır. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci yarısına təsadüf edir. Belə ki, 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılır. Bakı Quberniyasının nəzdində Bakı poçtamtı isə 1860-cı ildə təşkil edilir.
Azərbaycanda ilk telefon xətti
Sovetlərin zamanında isə insanların bir-biri ilə rabitə əlaqəsi qurmasında poçtolyonlar mühüm rol oynayırdı. Yəni, nəqliyyat vasitələri, poçt vasitəsilə gələn məktub və teleqramalar, son mərhələdə məhz poçtalyon tərəfindən alıcıya çatdırılırdı. İndiyə kimi xatirimdədir, bizim məhəllə ilə də rabitə əlaqəsini poçtalyon Əhəd dayı yaradırdı. Uşaq olarkən bizə gələn məktub və teleqramların Əhəd dayı vasitəsilə ilk mənbədən gətirildiyini zənn edirdik. Hər kəs poçtalyonun gələcəyi günü səbirsizliklə gözləyər, gün boyu gözlərini poçtalyonun gələcəyi yola dikər, əsgərlikdə olan əmisi, dayısına, tələbə həyatı yaşayan qardaşına yazdığı məktubun cavabının həsrəti ilə yaşayardı. Aldığımız məktuba cavab yazıb poçtalyona verərkən isə sanki kiməsə yazdığımız bir neçə cümləlik vərəq parçasını məhz poçtalyon qarşı tərəfə çatdıracaq inamı ilə "Əhəd dayı, xahiş edirəm özünə ver məktubu" deyə bərk-bərk tapşırardıq.
Texnika, texnologiya inkişaf etdikcə artıq şəhər və rayonlarda kütləvi şəkildə telefonlaşdırma prosesi gedirdi. Tədricən insanların bir-birinə xəbər ötürməsi prosesi də asanlaşırdı. Daha nənə-babalarımıza hər hansı bir xəbəri çatdırmaq üçün kənd sovetliyi ilə əlaqə saxlayıb onlardan hansısa məlumatı ünvanına çatdırmaq xahişinə ehtiyac qalmırdı. Əvvəllər yalnız kənd sovetliyində olan telefon vasitəsilə bir ünvana xəbər çatdırmaq mümkün idisə, artıq kənd sakinləri özləri də sərbəst şəkildə evlərinə, mənzillərinə telefon xətti çəkdirə bilərdilər.
Azərbaycanda telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə ilk telefon xətti 1880-cı ilin dekabr ayında istifadəyə verilir. Sözügedən telefon xətti "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa olunub. 1881-ci ildə isə Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilir. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur.
Telefon rabitəsi inkişaf mərhələsində
Telefon rabitəsi sahəsində geniş miqyaslı tədbirlərə isə 1970-80-cı illərdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə start verilir. Nəticə etibarilə 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 20 dəfədən çox artır, Beləliklə, telefon Azərbaycan əhalisinin məişətində mühüm yer tutur.
Azərbaycanda telefon rabitəsinin inkişafının ikinci mərhələsi isə Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Belə ki, Heydər Əliyev 1994-cü ildə Böyük Britaniyaya etdiyi rəsmi səfər zamanı bir sıra sənədlərlə yanaşı, rabitə sahəsində də saziş imzalayır. Bu ölkənin Baş naziri ilə imzalanan sazişdə Azərbaycanda Telekommunikasiya sektorunda Avropa standartları səviyyəsində xidmətləri təşkil etmək, bunun üçün "Azərbaycan- İngiltərə birgə müəssisə" yaratmaq, İngiltərə telekommunikasiya texnologiyalarının ölkəmizdə tətbiqinə nail olmaq əksini tapırdı. Sözügedən saziş əsasında İngiltərənin baş nazirinin tövsiyyəsi ilə Böyük Britaniyanın "Ci-Pi-Ti" telekommunikasiya şirkəti Bakıda "Sistem-X" texnologiyasının tətbiqi üçün Azərbaycan tərəfinə kontrakt lahiyəsi və təkliflərini təqdim edir. Bu kontrakt ilə "AzEvroTel" Birgə Müəssisəsi yaradılır və ən müasir olan rəqəmli "Sitem-X" ingiltərə texnologiyası əsasında 92/97 indeksli yeni rəqəmli elektron avtomat telefon stansiyası qurulur və qısa vaxtda istifadəyə verilir. Onu da qeyd etmək lazımdır ki, həmin lahiyənin həyata keçirilməsi o qədər də asan başa gəlməyib. Prosesin icrası zamanı İngiltərə tərəfi öz iqtisadi və siyasi maraqlarını daha çox önə çəkərək həmin stansiyanı bu ölkəyə məxsus "44" beynəlxalq kodu ilə İngiltərə Beynəlxalq telefon Stansiyasına qoşmaq istəyirdi. Belə olan halda Azərbaycanın paytaxtı Bakı şəhərinin əsas telefon şəbəkəsi İngiltərənin bir əyalətinə çevrilir və Azərbaycan rabitəsinin müstəqilliyi pozulurdu. Lakin Heydər Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində 92/97 saylı telefon stansiyası beynəlxalq şəbəkəyə Azərbaycana məxsus " 994" telefon kodu ilə qoşulur.
Müstəqil Azərbaycanın müstəqil rabitə sistemi
1994-cü ilin fevralında isə Heydər Əliyev qardaş Türkiyə Respublikasına səfərin zamanı bu ölkənin telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanır, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən "NETAŞ" şirkətində olur və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurmasını tövsiyə edir. Nəticədə, Türkiyənin "NETAŞ" və "TELETAŞ" şirkətləri ilə geniş əməkdaşlıq əlaqələri başlayır və Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görülür. Beləliklə, 1993 -2003-cü illər Bakı şəhərində və ətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verilir. Bununla da Bakının bütün kənd və qəsəbələri telefonlaşdırılır. 2002-ci ildən isə paytaxda telefon növbəliliyi ləğv edilir. 1993-cü ilin avqust ayında Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı ölkəmizin telekommunikasiya sisteminə xarici investisiyaların qoyulması üçün stimul verdi. Məhz həmin tarixi hadisədən sonra ölkə iqtisadiyyatında ilk xarici investisiyalar telekommunikasiya sahəsinə yatırıldı. Beləliklə, 1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələri yaradılmaqla Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. Ölkəmizin müstəqil rabitəsinin yenidən qurulduğu ərəfədə Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri Heydər Əliyevin 2003-cü il, fevralın 17-də "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiq edilməsi haqqında Sərəncam imzalaması oldu. Ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.
Postsovet məkanında ilk
Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü il, oktyabrın 15-də xalqın yüksək etimadını qazanaraq prezident seçilmıəsi ilə Azərbaycanın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də mühüm addımlar atıldı. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısı və təşkilatçısına çevrildi. Bu fəaliyyətin qanunvericlik bazasını formalaşdırmaq məqsədilə "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" mühüm qanunlar, "Azərbaycan Respublikasının telekommunikasiya sahəsinə dair siyasət planı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-cu illər üçün Dövlət Proqramı" qəbul edildi. 2008-ci ildə postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılmasını başa çatdırıldı.
2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkə başçısının rabitənin, İKT-nin inkişafına nə dərəcədə önəm verdiyini ortaya qoyurdu. Görülən işlərin uğurlu nəticəsi olaraq 2013-cü il, fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxıldı və bu davamlı xarakter daşıdı.
Göründüyü kimi bu gün Azərbaycan İKT-nin sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır və hər bir sahədə olduğu kimi İKT sahəsində də regional liderliyini qoruyub saxlayır. Məhz ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin nəticəsidir ki, rəsmi Bakı beynəlxalq hesabatlarda və reytinqlərdə ön sıralarda yer alır.
Süleyman İsmayılbəyli
Yazı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim edilir