“Xarici ölkələrdə nümayəndəliyimizi yaradıb dünyanın hər nöqtəsində Azərbaycan Mədəniyyətinin döyünən ürəyi olmaq istəyirik”
2 Dekabr 2021 10:10 SosialMüsahibimiz "Azərbaycan Mədəniyyəti" sosial platformasının sədri Elnurə Cəfərzadədir.
-Elnurə xanım, bu layihə nə vaxtdan yaranıb? Neçə ildir ki, fəaliyyətdədir?
- "Azərbaycan Mədəniyyəti" sosial platforması 2017-ci ildən fəalliyyət göstərir. Qeyd edək ki, platforma Nicat Müslümovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. İlkin olaraq layihəmizin adı "Muğam dünyası" idi. Sosial şəbəkələrdə yalnız Azərbaycan muğamını təbliğ edirdik. Daha sonra layihəmizi platforma şəklinə salaraq "Azərbaycan Mədəniyyəti" adlandırdıq. Bizim mədəniyyətimizin mərkəzində muğam sənəti dayansa da, onun ətrafında müxtəlif sahələr vahid birlik içərisində Azərbaycanı təmsil edir. Məhz buna görə daha çox mədəniyyət sahəsini Azərbaycan gəncliyinin diqqətinə çatdırmaq istəyirik.
Zaman keçir və demək olar ki, həyatda hər bir şey dəyişir, stabil olan nələrsə artıq yoxdur. İnsanların zövqləri, baxış tərzləri, dinlədiyi musiqilər, geyim tərzləri, oxuduğu kitablar və hətta dövlətlərin sərhədləri belə dəyişir. Bunu bir gənc olaraq "xaos" adlandıra bilərəm. Çünki, Azərbaycan gənci olaraq, bir türk olaraq bütün dünya mədəniyyətini mənimsəyə bilərəm, bir çox dilləri öyrənə bilərəm, lakin bütün bunlar mənim öz tarixi köklərimdən qopmağıma səbəb olmalı deyil. Gənc olmaq bu dövlətin, xalqın gələcəyi olmaq deməkdir. Məhz buna görə də biz gənclər inkişafımızda çox diqqətli olmalıyıq. Əgər mən Viktor Hüqonu bilirəmsə, Füzulini ondan öncə bilməliyəm. Əgər Alla Puqaçovanı dinləyirəmsə, Sona Aslanovanı ondan öncə dinləməliyəm. Bir sözlə, birinci özümüz, daha sonra dünya.. Bu heç də eqoistlik deyil. İlkin olaraq özümüzün kimliyini və malik olduğumuz qüdrəti anlamasaq, düşünürəm ki, dünyaya açılsaq belə onları düzgün anlaya və dərk edə bilmərik.
Deyərdim ki, 4 illik fəaliyyətimiz boyunca cəmiyyətimizdə böyük dəyişikliklərin şahidi olmuşuq. Yaşlı nəsil hər zaman öyrətməyə meyilli olduğu kimi gənc nəsil də öyrənməyə meyillidir. Bu dirçəliş Mədəniyyətimizin təbliğində də böyük rol oynayır. Biz gənclər artıq kitaba daha meyilli, korifeylərimizi tanımağa daha həvəsli bir mühitdə, dövrdə yaşayırıq.
-Azərbaycan mədəniyyəti qədim və tarixi köklərə sahibdir. Bu gün Azərbaycan mədəniyyətinin təbliğatında bir çox qurum və təşkilatlar aktiv rol oynayır. Bəs Azərbaycan Mədəniyyəti platformunun əsas məqsədləri nədən ibarətdir? Mədəniyyətimizin təbliğatında nə kimi işlər görür?
- Qədim və tarixi köklərə sahib olduğumuzu çox gözəl vurğuladınız. Bir millətin mədəniyyətinin olması və onun da zəngin olmasında ən başlıca səbəblərdən biri də o xalqın qədim bir tarixə malik olmasıdır. Azərbaycan Mədəniyyətinin də bu qədər zəngin olmasına səbəb də məhz budur. Qədim bir xalq olaraq dövlətimizin, millətimizin neçə əsrlər boyu malik olduğu mədəniyyət nümunələri vardır. Biz də gənclər olaraq mədəniyyətimizin hər bir sahəsini işıqlandıraraq yeni nəsilə tanıtmaq istədik. Məhz buna görə də sosial şəbəkələrdə aktiv formatda mədəniyyətimizi təbliğ edirik. Bildiyiniz kimi gün ərzində gənclərimiz daha çox sosial arenada olurlar. Virtual aləmdə gənclərimiz, daha doğrusu yeni nəsil üçün zərərli və doğru olmayan bir çox məlumatlar paylaşılır. Lakin biz fəaliyyətimiz ilə bu kimi halların təsirindən sosial istifadəçiləri qorumaq üçün milli-mənəvi dəyərlərimizi, mentalitetimizi, xalqımızın malik olduğu yüksək dəyərləri təbliğ edirik.
Mədəniyyətimizin hər bir sahəsinin təbliğində dövlət səviyyəsində həqiqətən də çox böyük addımlar atılır. Ən böyük addım, bir gənc kimi qürur hissi ilə bildirərdim ki, Qarabağımızın ali baş komandan cənab İlham Əliyev və müzəffər Azərbaycan ordusu, əsgəri tərəfindən azad olunmasıdır. Çünki, bu ərazidə yalnız bizim torpaqlarımız işğal altında deyildi, eyni zamanda bizim mədəniyyət mərkəzlərimiz, mədəniyyətimizin beşiyi sayılan Şuşa və Azərbaycan Mədəniyyətinin saysız-hesabsız dahilərinin ruhu işğalda idi.Vətən Şəhidlərimizin adları Mədəniyyət tariximizin qızıl səhifələrinə yazıldı. Çünki, onlar sayəsində bu gün xarıbülbül tapdaq altında, qəfəsdə olmadan onu xilas edən şəhidlərimizin ruhu xatirinə boy atacaq.... Artıq biz Qarabağı xəyallarımızda canlandırıb muğamlarımızı dinləməyəcəyik, biz Qarabağımızda muğam səsləndirəcəyik. Artıq biz xarici mətbuatdan erməni vandallarının xarabalığa çevirdiyi Vətənimizə, onun məscidlərinə, ev muzeylərinə, büstlərinə, kilsələrinə, qədimi tarixi abidələrimizə həsrət dolu baxmırıq. Biz Qarabağımızı dilçəldərək dünyaya necə bir qədim köklərə, mədəniyyətə sahib olduğumuzu göstəririk eyni zamanda da.
Mədəniyyətimizin, xüsusilə də muğamımızın dünyada beynəlxalq səviyyədə təbliğ edən xalqımızın anası olan Mehriban xanımın gördüyü işləri vurğulamaq hər birimizin borcudur. Çünki, Mehriban xanım bir çox ölkələrdə mədəniyyətimizi layiqli formada tanıtdırmaq üçün festivallar, musiqili tədbirlər həyata keçirmiş və bir çox incəsənət xadimlərinin büst və heykəllərinin açılışında iştirak etmişdir.
Bulaqdan su götürmək üçün öncə o bulağı inşa etdirmək lazımdır ki, daha sonra hər kəs səhəngi ilə ora gəlib ordan su götürə.. Mədəniyyətimizə dəyər verən biri lazımdır ki, mədəniyyət daha da çiçəklənə və dirçələ. Keçən əsr tarixində Azərbaycan Mədəniyyəti illərdir ki, qəfəsdə boğulurdu, o çiçəkləndikcə onu əzməyə çalışırdılar. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədəki bütün sahələr kimi mədəniyyət sahəsinə də böyük diqqət var idi.
"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Heydər Əliyev
Deyərdim ki, biz gənclərə "Azərbaycan Mədəniyətti" sosial platformasını yaratmaqda və bu günə kimi könüllü olaraq fəaliyyət göstərməkdə ən böyük motivasiya mənbəyi ulu öndər Heydər Əliyevdir. Maraqlı nüans odur ki, bizim yaşımız çox təəssüf ki, belə bir tarixi lideri görməyə icazə verməyib. Lakin, onun Azərbaycan xalqı, dövləti, xüsusilə də mədəniyyəti üçün etdiyi işlər hər birimizə örnəkdir. Nə xoş bizlərə ki, Heydər Əliyevin təməlini qoyduğu bir cığır ilə addımlayırıq. Mədəniyyətimizin hər bir sahəsində istər kino, istər musiqi, istər memarlıq, istərsə də digər sahələrində ulu öndərimizin əsasını qoyduğu diqqət və qayğının şahidi oluruq. Çox təəssüf ki, bu gün hər zaman həsrətində olduğu Qarabağın mədəniyyətinin özü kimi yetişdirdiyi oğlu cənab İlham Əliyev tərəfindən necə dirçəldiyini, Şuşada səslənən muğamımızı dinləyərkən o sevinc göz yaşlarını görmək nəsib olmadı öndərimizə. Amma nə vaxt Qarabağdan söhbət edərdisə bu torpaqları geri qaytaracağımızı əminliklə vurğulayardı. Bəlkə də bu 30 illik səbrimizin qaynağı da bu əminlik və sevgi idi.
Mədəniyyətimizi "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi" başda olmaqla bir çox qurumlar və təşkilatlar təbliğ edir və hər birinin də bu sahədə böyük uğurları var. Lakin, "Azərbaycan Mədəniyyəti" sosial platforması deyərdim ki, mədəniyyətimizin təbliğində özündən öncə olan qurum, layihə və platformaların iş fəaliyyəti ilə müqayisə etsək yeni bir trend, yeni bir format gətirib. İlkin olaraq onu vurğulayaq ki, platformanın prinsip təməli könüllülük əsasında qurulub. Platformadakı könüllülər ixtisasından və fəaliyyət sahəsindən asılı olmayaraq yeganə hədəfləri-mədəniyyətimizin təbliği-ətrafında sıx birləşiblər. Gün ərzində Azərbaycan Mədənəyyətinin qazandığı korifeylərimiz, dahi sənətkarlarımız haqqında, müxtəlif mədəniyyət sahələri barəsində postlar hazırlayıb paylaşırıq və onların daha çox böyük kütləyə çatdırılması və təbliği üçün müxtəlif yerli və xarici, çox üzvlü qruplarda da paylaşımlar edilir. Bizim platformada paylaşılan materiallar çox çeşidli olur. Muğam ifaçılarından, aktyor, aktrisalardan, rəssamlardan, rəqslərimizdən, şairlərimizdən, yazarlarımızdan, tarixi abidələrimizdən, məscidlərimizdən, xalçalarımızdan, musiqi alətlərimizdən sosial şəbəkələrdə paylaşımlar edərək onları təbliğ edirik.
Əsasən çalışırıq ki, caritəqvimdə dünyaya göz açan və əbədiyyətə qovuşan dahilərimiz haqqında maraqlı paylaşımlar edək. Məsələn, əgər bu gün Üzeyir Hacıbəyovun(Hacıbəyli) doğum günüdürsə, onun bəstələdiyi ifalardan sosial şəbəkəyə yerləşdirib onun həyat və yaradıcıllığı haqqında məlumatlar qeyd edirik. Mədəniyyəti digər təbliğ edən qurum və təşkilatlardan ən böyük öndə gedən fərqimiz isə paylaşımlarımızın üç dildə: Azərbaycan, ingilisvə rus dillərində olmasıdır. Fərqli dillərdə payşımlarımıza səbəb isə Azərbaycan mədəniyyətini yalnız ölkə daxilində deyil, xaricdə də təbliğinə nail olmaqdır. Yalnız azərbaycanca olan paylaşımlar az kütləni əhatə etdiyi halda, igilis və rus dilində olan paylaşımlarımız isə daha çox kütləni əhatə edərək, xarici vətəndaşların da bizim mədəniyyətimizi öyrənmələrinə bir vəsilə olur.
Bizim sosial şəbələrdə başlatdığımız bir sıra layihələr də vardır ki, orada sırf seçilmiş hədəflər üzərindən paylaşımlar edilir. Onlardan biri "Yenilənən tariximiz" layihəsidir. Bu layihədə biz indiki və qədim Azərbaycan torpaqlarında bizə məxsus olan tarixi abidələrimizi, məscidlərimizi, tarixi muzeylərimizi işıqlandırırıq. Tarixi Azərbaycan torpağındakı abidələrimiz dediyimiz zaman həqiqətlərdən qaçmayaraq və daha cəsarətli olaraq bizə məxsusluğunu tarixi sənəd və faktların sübut etdiyi ərazilərdə bizim sələflərimizin yaratdığı, lakin bu gün bizə məxsusluğu danılan tarixi abidələrimizi nəzərdə tuturuq.
Bu layihə çərçivəsində Qarabağda erməni vandallarının məhv etdiyi və bu gün artıq yenidən qurma işləri ilə əvvəlki halına geri qaytarılan bir sıra mədəniyyət nümunələrimiz haqqında məlumatlar paylaşaraq onların əvvəlki və indiki vəziyyətlərini müqayisəli şəkildə göstəririk və bütün dünyaya da bir mesaj olaraq çatdırmaq istəyirik ki, bizim olan əbədi bizim də olacaqdır. Hər hansı bir tarixi abidəmizi məhv etməklə bizim xalqımızın izlərini bizə aid olan torpaqlardan heç kim silə bilməz! "Yenilənən Tariximiz" layihəsinə dünyanın ikinci çörək muzeyi olan "Ağdam çörək muzeyi" ilə start verdik. Gözəlliyi ilə göz oxşayan və üzərindəki rəsmi ilə Azərbaycana məxsusluğunu kimsənin təkzib edə bilməyəcəyi tarixi bir tikintini əlbəttəki, mədəniyyət görməmiş bir erməni millətinin nəyə görə məhv etməsi məlumdur.
Suyuna həsrət qaldığımız İsa bulağı, ölkəmizin necə multikultural olmasını sübut edən Qazançı kilsəsi, təxminən 1850-ci ildə memar Kərbəlayı Səfixan Qarabağlı tərəfindən inşa edilən Yuxarı Gövhər ağa məscidi, Şuşa şəhərinin işğalı zamanı erməni vəhşiliyinə məruz qalmış Molla Pənah Vaqif büstü, Vaqif məqbərəsi, Bülbülün ev muzeyi də layihəmizdə işıqlanan tarixi abidələr sırasındadır. Qəlbimiz nə qədər qübar etsə də gözümüzü heç bir zaman həqiqətlərə yuma bilmədiyimiz Xudafərin körpüsü. Cəbrayıl rayonunun Qumlaq kəndində yerləşən, iki yerə parçalanmış Azərbaycanın ortasında XIX əsrdən başlayaraq sərhəd çayına çevrilmiş Araz üzərində yerləşməsi bu körpünü xalq düşüncəsində Vətənin ərazi bütövlüyünün simvolu statusuna yüksəldib. Xudafərin körpüsü mədəniyyətimiz üçün təkcə körpü rolu oynmayıb. Demək olar ki, 200 ildən çoxdur ki, şimallı, cənublu Azərbaycanı birləşdirən Xudafərin körpüsü bizlər üçün simvolik bir abidədir. Cənubi Azərbaycan demişkən, platformamızda Cənubi Azərabycandan olan şəxsiyyətlərimizi işıqlandırmaq da bizim bir ülvi borcumuzdur. Əsərlərində Vətən həsrəti, sevgisi gördüyümüz kimi çox təəssüf ki, bizə məxsus olan tarixi abidələrimizdə də bir o qədər baxımsızlıq hökm sürür. "Yenilənən Tariximiz" layihəsinin geniş formatda işıqlandırdığı və öz əsrarəngiz tikilişi və rəng koloriti ilə fərqlənən, Təbrizdə yerləşən tarixi abidələrimizdən biri də Göy məsciddir. Allahın evinin baxımsız qalması heç bir halda düzgün deyil. Biz işıqlandırmaqla öz gənclik borcumuzu yerinə yetiririk, hər bir halda bizə məxsus olanı qəbul edirik. Onu da qeyd edək ki, Göy məscid heyrətamiz mavi parlaqlığına görə "İslamın firuzəsi" anlandırılıb.
Sözügedən layihə çərçivəsində biz Qərbi Azərbaycanı, Zəngəzuru, Göyçə mahalını diqqət mərkəzində saxlayırıq ki, mədəniyyətimizi tam dolğun formatda təbliğ edə bilək. Son olaraq İrəvan qalası və İrəvanda yerləşən eyni adlı 3-cü Göy məscidi vurğulamaq istərdim(1.Qarabağdakı Göy məscid, 2.Təbrizdəki Göy məscid, 3.İrəvandakı Göy məscid). İndiki Ermənistan ərazisində Azərbaycana məxsus çoxsaylı qalalar, tarixi abidələr, məscidlər mövcuddur. Lakin, bunlar ya tamamilə məhv edilib, ya da ermənilər tərəfindən mənimsənilərək "xəyali erməni mədəniyyət nümunələri" kim dünyaya təqdim edilir. Şah İsmayılın göstərişi ilə tikilən İrəvan qalasının qalıqları da ermənilər tərəfindən yiyələnilib.
Ən sona saxladığım İrəvan qalası, hansı ki, hamını yeni, bərpa edilmiş üslubu ilə təəccübləndirən və bir xristian ölkəsinin hər zaman məscidləri məhv etməsi siyasəti ilə tanınan ermənilərin nəyə görə Göy məscidi dağıtmaması və tam əksi olaraq bərpa etməsidir. Müəyyən araşdırmalarımızdan sonra məlum oldu ki, ermənilər bizə məxsus olan Göy Məscidimizi İrana icarəyə verərək fars məscidi kimi təqdim edir. Amma tarixi abilərimizin üslubu, tikilmə tarixi və kimlər tərəfindən inşasına göstəriş verilməsi çox ciddi və danılmaz faktlardır.
Azərbaycan Mədəniyyətinin daha şaxəli təbliği üçün start verdiyimiz növbəti layihə isə "Mədəniyyətimizin İlkləri"dir. Bu yeni layihə çərçivəsində mədəniyyət sahəsində ilk addım atan sənətkarlarımızı daha yaxından tanıyıb və tanıtdırmaqdır. Bu layihədə "İlk qadın ifaçı" olan Sona Aslanovanın əsrarəngiz səsini, "Cənubi Azərbaycanda ilk qadın müxbir" olan və yazdığı şeirlərə bəsətələnən "Sən gəlməz oldun" kimi məşhur ifaları dilimizin əzbəri olan Mədinə Gülgünü, "İslam dünyasının ilk təbiətşünas alimi", "İlk jurnalistimiz", "Mətbuatın banisi" olan Həsən bəy Zərdabini daha yaxından tanıtdırdıq.
- Platformanın içərisində neçə gənc fəaliyyət göstərir? Onlar bunu könüllü şəkildəmi edirlər?
-Öncəliklə onu da vurğulayaq ki, bütün bu gördüyümüz işlər qısa bir zaman çərçivəsində və yalnız bir insan tərəfindən qazanılmış uğur deyil. Öncədən vurğuladığım bütün işləri biz komanda şəklində edirik. Özüm başda olmaqla hər birimiz burada bərabər formada, könüllü şəkildə fəaliyyət göstərərək mədəniyyətimizi təmənnasız və heç bir qarşılıq gözləmədən təbliğ edirik. Artıq "Azərbaycan Mədəniyyəti" sosial platformassı fəaliyyətinin 5-ci ilinə qədəm basıb. Bir düşünün bu illər ərzində platformada nə qədər gənclər fəaliyyət göstərib, təcrübə əldə edib. Bu gün bizim cəmiyyətdə, insanlar arasında tanınmamıza səbəb olan bütün könüllülərimizə təşəkkürümüzü bildiririk. Onların əməyi və zəhməti sayəsində bu qədər işi heç bir maliyyəsiz həyata keçiririk. Ən əsas da bizə dəstək olan, hər zaman yanımızda olan Sizlərə, media nümayəndələrinə təşəkkür edirik ki, gördüyümüz işləri işıqlandıraraq bizim fəaliyyətimizə bir ayrı zövq qatırsınız. Bizlə əməkdaşlıq edən digər təşkilatların sədrlərinin də bizə hər zaman dəstəyini görmüşük.
"Azərbaycan Mədəniyyəti" sosial platformasında fəaliyyət göstərən gənclərin sayı daim dəyişir, bunun da səbəbi könüllü fəaliyyət olduğuna görədir və bildirim ki, bizim işimiz disiplinli formatdadır. Bir plaformanının uğurlu olması üçün düşünürəm ki, disiplin, hörmət, qarşılıqlı hörmət, planlı və məsuliyyətli olmaq çox vacibdir. Sizlərə əziz gənclərimizdən danışmaq istəyirəm. İstərdim ki, platformanın onlarla necə qürur duyduğu kimi onlar da özləri ilə və cəmiyyətimiz də onlarla elə qürur duysun. Çünki, onlar gəncliklərinin ən qiymətli zamanını bu 5 ildə platformaya həsr ediblər. Təxminən aktiv gənclərimizin sayı 50 nəfərdir, digər təşkilatlar kimi minlərlə üzv cəlb etmirik. Gənclərimizin sayı az olsa da gördüyü işlər tam məsuliyyət və həvəs ilə, təmənnasız görülür. Bizə qoşulmaq istəyən hər kəs müraciət edib bu şərəfli yolda, mədəniyyətimizin təbliğində dəstək ola bilər.
Qrupumuzda xanəndələr, gənc ifaçılar, musiqiçilər də vardır. Bizim bir qrup gənc xanəndələrimiz korifeylərimizin tələbəsidir. Nəzakət Teymurova, Mənsum İbrahimov, Babək Niftəliyev və digər dəyərli sənətkarlarımızın tələbələri də bizlərlədir. Bu dəstəyinə görə də incəsənət xadimlərimizə təşəkkürümüzü bildiririk.
-Azərbaycan Mədəniyyəti Platforması daha çox neçə tədbir həyata keçirib? Bunların içərisində daha çox baxış kütləsi və iştirakçı sayı olan hansılardır?
-"Azərbaycan Mədəniyyəti" sosial platforması az öncə qeyd etdiyim sosial şəbəkələrdə paylaşımlardan, layihələrdən əlavə olaraq mədəniyyətimizin təbliği üçün təhsil ocaqlarında müəyyən konsert proqramları, tədbirləri həyata keçirir. Universitetlərdə təşkil etdiyimiz "Muğam gecələri" sayəsində yüzlərlə gəncimizi sözün əsl mənasında muğam sənəti ilə tanış edib sevgi qazandırmışıq. Platformamızda əsasən korifeylərimiz haqqında paylaşım etsək də gənc ifaçılara dəstək olmaq üçün ildə iki dəfə "Gəncliyin Səsi" musiqi yarışması keçiririk. Gənc ifaçılar ifalarını və özləri haqqında məlumatları bizə göndərir və biz də onu platformamızda paylaşırıq. Sonda ən çox bəyənilən 3 ifaçını diplom ilə təltif edirik.
2021-ci ildə iki dəfə "Şərqin Muğam Sədası" beynəlxalq festivalını keçirtdik. Festival onlayn şəkildə olduğu üçün Fransa, Çexiya, Pakistan, Türkiyə, İran və digər ölkələrdən fəxri qonaqlarımız oldu və məhz bu festivala qoşulan izləyici və iştirakçı sayı çox idi. Festivalda "Azərbaycan Mədəniyyəti" sosial platformasının solistləri bir-birindən gözəl muğam və xalq mahnılarımızı səsləndirdilər.
Mədəniyyəti təbliğ edəcək növbəti tədbirimiz "Klassiklərdən İncilər" layihəsində "Seyyid Şuşinski yaradıcıllığı" oldu. Digər təşkilat və qurumlarla birlikdə, "Bütöv Azərbaycan-Heydər Əliyev irsi", "Milli-mənəvi dəyərlərimizin təbliği", "Zəfər Forumu", "Zəfər konserti" və digər geniş kütləni əhatə edən tədbirlər keçirtmişik.
Demək olar ki, hər bir tədbirimiz uğur qazandığı üçün izləyicilər tərəfindən maraqla qarşılanır.
-Platforma daha çox hansı sosial şəbəkələrdə izlənilir? Bunlar arasında əcnəbilər varmı ?
-"Azərbaycan Mədəniyyəti" sosial platforması daha çox instaqram(instagram) və feysbukda(facebook) fəaliyyətini davam etdirir. Həm tədbirlərimizdə, həm də qonaqlarımız arasında əcnəbilər də yer alır. Çalışırıq ki, xarici ölkələrin gəncləri ilə əməkdaşlıq edərək mədəniyyət körpüsünü yaradaq. Eyni zamanda əcnəbi mediasının da diqqət mərkəzindəyik və bir sıra əməkdaşlıqlarımız da olub.
"Azərbaycan Mədəniyyəti" sosial şəbəkəsinin əsas məqsədi tam könüllü formatda, yeni bir səpkidə mədəniyyətimizin hər bir sahəsini araşdırıb və tanıtmaqdır. Bu günədək paylaşımlarımızın qarşılığında izləyicilərimizdən saysız geri dönüşlər əldə etmişik. Bəzən olub ki, "Biz bunları çox gözəl bilirik və istərdik yeni nəsil də tanısın bu dəyərli ziyalılarımızı" formatında, bəzənsə kiminsə doğum və xatirə günlərində şəxslərin təşəkkür mesajlarını almışıq. Bu kiçik cümlələr bizim üçün motivasiya mənbələrimizdən biridir. Çünki, incəsənət elə bir sahədir ki, oranın zəhmətkeşləri və sənətkarların yaxınları çox həssas olur. Onlara göstərilən kiçik bir diqqət sevinclərinə səbəb olduğu üçün, onları diqqətdə saxladığımıza görə bizə hər zaman təşəkkürlərini bildirirlər.
-Gələcəkdə Azərbaycan Mədəniyyəti platformunu hansı istiqamətlərdə inkişaf etdirmək istəyirsiniz?
-Öncəliklə 20.000-lik ailəmizin üzvlərinin sayını artırmaq istəyirik. Çünki, daha geniş kütləyə mədəniyyətimizin incilərini təbliğ etmək ən əsas hədəfimizdir. Zaman keçdikcə həm texnologiyada, həm insan şüurunda dəyişiklik olduğuna görə biz də platformamızın inkişafı üçün müəyyən dəyişikliklər edirik. Paylaşımlarımızın üslübunda və məlumtların özəyində daha dolğun informasiyalar yerləşdiririk. Platformamızın daha da inkişafı üçün geniş kütlə, mədəniyyətinizə bağlı könüllülər və hər zaman sadiq əməkdaşlarımız olmalıdır.
Əslində platformamızın gələcəyi üçün hədəflərimiz böyükdür. Ölkənin hər tərəfindən gənclərimiz bu platformada mədəniyyətimizi təbliğ edir, artıq Gəncə filialı üzrə nümayəndəliyimizi də yaratmışıq ki, həmin ərazidə olan gənclər Bakıya gələ bilmədikləri üçün birbaşa Gəncə şəhərində aktiv fəaliyyət göstərəcək. Növbəti hədəfimiz isə digər rayonlarda və xarici ölkələrdə nümayəndəliyimizi yaradıb dünyanın hər nöqtəsində Azərbaycan Mədəniyyətinin döyünən ürəyi olmaq istəyirik.
Mehriban Xəlilli