QAYIDAN YURDUMUZDAN QAYITMAYAN OĞULLAR
2 Dekabr 2021 10:08 SosialSıradan bir kənd uşağı idi Rasim. Bozdağın ətəklərinə sığınmış bir kənddə dünyaya göz açmışdı- Ərəbbəsrədə. Bütün böyük sevgilər beşikdən, doğulduğu yerdən başlayır. Rasim də öncə doğulub böyüdüyü evini, kəndini, sonra da böyük vətənini sevdi.
Evin ikinci övladı idi. Ailənin ilki olan bacısı çox erkən yaşda vəfat etmişdi. Övlad itkisi valideynlərini çox sarsıtmışdı. Odur ki, Rasim məktəbə getdiyi gün ailəyə böyük sevinc yaşatmışdı. Ərəbbəsrə ümumi orta məktəbini bitirdikdən sonra təhsilini qonşu Xanabad kəndindəki tam orta məktəbdə davam etdirib. Həqiqi hərbi xidmətə çağırış vərəqəsini alanda əsgər olacağı üçün çox qürurlanıb. Gedib, bir gənc olaraq borcunu ödəyib və 2008-ci ildə geri, doğmalarının yanına, Ərəbbəsrəyə qayıdıb. Bundan sonra boş dayanmayıb, təsərrüfat işləri ilə məşğul olan atasına kömək edib. Amma konkret işinin olmaması onu sıxırdı. Odur ki, günlərin birində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq yolunu seçir, içində hərbi sahəyə güclü maraq və sevgi vardı.
2014-cü ili həyatı üçün uğurlu tarix sanırdı. Artıq hərbçi idi. Müharibə vəziyyətində olan ölkənin vətəndaşı, torpağının 20 faizi işğalda olan bir xalqın oğlu olduğunu bir an belə unutmurdu.
Xidmətinin dördüncü ilində Rasim valideynlərini bir xoş xəbərlə sevindirdi. Milli Ordumuzun yaranması günləri ərəfəsində Müdafiə nazirinin əmri ilə xidmətdə fərqləndiyinə görə, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu. Valideynləri Dürdanə və İmran ən böyük arzularına da çatmışdı. Rasim 2016-cı ildə iki il yarımdan artıq nişanlı olduğu sevgilisi Aytən xanımla dünya evinə girmişdi. Cütlüyün Zeynəb adlı qızının həyata gəlməsi ailənin xoşbəxtliyinə yeni rəng qatmışdı. Zeynəbi çox sevirmiş atası, hər evə gələndə qucağından yerə qoymur, onunla oynamaqdan zövq alırmış.
...2020-ci il sentyabrın 26-da Rasim doğmalarının yanında idi. Günün səhər saatlarında əvvəlcədən qərarlaşdırdıqları kimi ailəlikcə Ağdaş rayonundakı ziyarətgahlardan birinə gediblər. Elə bu əsnada ona zəng gəlib, müharibənin başlandığı xəbərini o ziyarətgahda alır. Atası İmran xatırlayır: "Xidmət etdiyi hərbi hissəyə qayıtdı, qorxmadan, çəkinmədən".
Sentyabrın 27-dən başlayaraq hər gün bir dəfə bizimlə telefon vasitəsilə hal-əhval tuturdu - həyat yoldaşı Aytən bildirir: -Yaxşıyam, siz necəsiniz və xüsusi olaraq 3 yaşlı qızımızı soruşurdu, ondan muğayat olmağımı xüsusi tapşırırdı. Səsinin tonundan artıq sual verməyə cürət etmirdim. Həm də işi ilə bağlı nələrisə deməyi xoşlamırdı.
Şəhid haqqında yazarkən anası ilə söhbət etməkdən ağır bir iş ola bilməz. Dürdanə ev xanımıdır. İşi-gücü ailəsinin rahatlığı, səliqə-sahmanı, biş-düşü ilə məşğul olmaqdır. Amma kədərini, qürurunu o qədər gözəl ifadə edir ki, bir el bayatısı ilə...
Açdım,açdım gül oldum,
Boy atdım sünbül oldum.
Bir dilbilməz quş idim,
Oxudum, bülbül oldum.
-Oğlum haqqında keçmiş zamanda danışıram, çünki o ölməyib, şəhid olub. Ayrılmışıq sadəcə, bizi ağrıdan da bu ayrılıqdır. Kaş ki, belə olmayaydı. Rasim döyüşlərdə olanda, heç kimə bildirmədiyim bir arzum vardı. Qayıdanda ayaqlarına iməkləyib gedəcəm, addım basdığı torpağı öpəcəm, amma olmadı, balam ayağını torpağa basmadı, çiyinlərdə gəldi evinə. Oğlum hər dəfə zəng edəndə: "Ana, çala-oynaya irəli gedirik, elə o əhvalla da qayıdacağıq, narahat olma", deyirdi. Şükür ki, elə də oldu, şəhid balalarımızın qisası alındı, torpaqlarımız düşmən tapdağından xilas edildi. Rasimin istədiyi oldu, tək təsəllimiz budur. Kəndimizin qəbristanlığında uyuyan oğlumun görüşünə getdim, ordumuzun zəfər xəbərini ona dedim, təbrik etdim, deyib göz yaşı tökür ana.
Ailənin digər oğlu, şəhid qardaşının qəhrəmanlığı qürurunu daşıyan Rahimlə də söhbət etdim, deyir ki, Rasim "Ural" hərbi yük maşınında döyüşən əsgərlərə ağır hərbi sursat daşıyırmış. Güllənin, mərminin yağış kimi yağdığı ərazilərdə bu işi uğurla başa vurmaq böyük cəsarət, diqqət, peşəkarlıq tələb edir - deyir hərbçilər. Yük dolu maşınların keçdiyi ərazilər daim düşmən tərəfdən izlənilir. Hərbi yük maşınının təyin olunmuş nöqtələrə vaxtında və qəzasız çatması əsgərin bütün təminatlarının ödənilməsi deməkdir. Sürücü Rasim Əmrahov həyatının hər anını ölüm təhlükəsindən qorxmadan sentyabrın 27-dən oktyabrın 8-dək, döyüşlərin ən qızğın çağlarında əsgərlərimizi təminatsız qoymayıb. Yeni ad gününə 4 gün qalmış Suqovuşanda, Barambad meşəsində başından aldığı qəlpə yarasından həyatını itirib.
1988-ci il oktyabrın 12-də dünyaya gəlişi ilə bir ailəyə, bir nəslə sevinc gətirən Rasim 2020-ci il oktyabrın 8-də uğrunda döyüşdüyü torpaqların tam azad olunduğu günü görmədən, onu tanıyanları və sevənləri üzərək, dünyamıza vida edib.
Bu günlərdə yenə onlara getmişdim. Evdə heç kəsi tapmadığımızdan qayıtmaq istəyəndə yolda İmran kişi ilə rastlaşdıq. Xeyli söhbətləşdik, gün-güzaranlarından, Rasimsiz keçən bir ildən danışdıq: "Vallah belə dövlət yoxdur. Mənə də, yoldaşıma da, gəlinimə də ayrı-ayrılıqda təqaüd təyin edilib. Dövlətimizin başçısından da, yerlərdəki rəhbərlikdən, millətimizdən Allah razı olsun, oğluma görə ancaq hörmət-izzət görürük hamıdan. Şəhidin həyat yoldaşı Aytənlə söhbət edərkən, nələr çəkdiyini hiss etməmək mümkün deyildi:"Rasim deyirdi ki, qızım Zeynəbi hamıdan çox istəyirəm. Deyirdim ki, mən isə səni hər kəsdən çox istəyirəm. Zeynəbin 4 yaşının tamam olmasına az qalıb. Kimsə rəhmətə gedib, ölüb sözünü eşidəndə əhvalı pis olur, qorxur. Hər şeyi başa düşür, atasını soruşur. Yalnız o yuxuya gedəndən sonra telefonumda Rasimin şəkilləri ilə söhbətləşir, göz yaşı tökürəm". Aytən onu da dedi ki, ev növbəsinə alınıb, yaxınlarda evlə təmin olunacaq.
Əmrahov Rasim İmran oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Rasimin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!


Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti