Körpəsini atan valideynləri hansı cəza gözləyir? – Hüquqşünas rəyi

Son zamanlar yeni doğulan uşaqların atılması ilə bağlı faktların sayında artım müşahidə olunur. Elə bu yaxınlarda Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağının tapılması, bu gün Ucarda küçədən uşaq tapılaraq aidiyyəti üzrə təhvil verilməsi buna nümunədir.

Maraqlıdır, övladlarını bu cür atan valideynləri hansı cəzalar gözləyir?

Bununla bağlı  açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsində təhlükədə qoyma cinayətinin əks olunduğunu deyib.

Müsahibimizin sözlərinə görə, həmin maddəyə əsasən, həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma ilə bağlı cəza tədbirləri müəyyən edilib:

"Sözügedən maddədə qeyd olunub ki, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Bundan başqa Cinayət Məcəlləsinin 121-ci maddəsin əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
 

Vəkil bildirib ki,  Ailə Məcəlləsinin tələblərinə əsasən övladını köməksiz vəziyyətdə küçəyə atan valideynlər valideynlik hüquqlarından da məhrum edilə bilərlər:

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0. maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından bu hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Həmin Məcəllənin 65.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 65.4. maddəsinə əsasən isə, valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur".

T.Abdullazadə həmçinin qeyd edib  ki, sözügedən məcəllənin 66.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər:
 

"Həmin Məcəllənin 66.6. maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.  Məcəllənin 72.1. maddəsində qeyd olunub ki, uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.

Son olaraq, məcəllənin 114.1. maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir".sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31