Təbii və tarixi abidələrə yazıların yazılmasının qarşısının alınması hamımızın borcumuzdur- ÖZƏL

"İşğaldan azad olunmuş ərazilərdə yerləşən hər bir qaya və daş bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. Eyni zamanda, tarixi abidələrimizin qorunması, yaşayış məntəqələrinin gözəlliyinə xələl gətirən qrafiti və digər yazıların yazılmasının qarşısının alınması olduqca vacibdir". Bunu "Olaylar"a ekskluziv açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib: "Hər bir qayanın, daşın, eləcə də yaşayış məntəqələrində mövcud olan tikililərin divarlarının qorunması hər bir vətəndaşın mənəvi borcudur. Çünki tarixi abidələr xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi yaddaşının daşıyıcısıdır. Bu baxımdan, divarlara, qayalara və digər təbii və tarixi səthlərə adların və müxtəlif yazıların yazılmasının qarşısının alınmasına ictimai şəkildə qoşulmalıyıq.

İlk növbədə, televiziya və digər kütləvi informasiya vasitələrində bununla bağlı geniş maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə səfər edən insanlara əvvəlcədən müvafiq məlumatlar verilməli, onları bu cür hərəkətlərdən çəkinməyə çağırmalıyıq.
Bununla yanaşı, ictimai qınaq da mühüm rol oynayır. Belə hallarla rastlaşdıqda, həmin şəxslərə bunun yolverilməz olduğunu izah etməli və onları bu cür hərəkətlərdən çəkindirməliyik. Çünki bu ölkənin daşı da, qayası da, tarixi abidələri də, şəhər və kəndlərinin gözəlliyi də hamımızındır. Onları qorumaq isə hər birimizin məsuliyyətidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31