Azad Məsiyev: “Paşinyan erməni xalqının deyil, Qərbin maraqlarına xidmət edir” – ÖZƏL
17:07 Siyasət"Paşinyan hakimiyyətə ABŞ-nin, Soros Fondunun maliyyə dəstəyi və ABŞ diplomatik korpusunun dəstəyi ilə gətirilib. Paşinyan təsadüfən hakimiyyətə gətirilməyib. O, məqsədyönlü şəkildə hakimiyyətə gətirilib və Paşinyanın əli ilə Ermənistanda bütün strukturlarda sorosçular yerləşdirilib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Sorosçular Paşinyanın qarşısında qoyulan siyasəti həyata keçirməkdədirlər. Düzdür, Ermənistanda digər qüvvələr də var. Müxalif düşərgə, dini tərəfdarlar Paşinyanın apardığı siyasətə qarşı müqavimət göstərməyə çalışırlar, onun Qərb yönlü siyasətinə etiraz edirlər. İstər-istəməz bu siyasət digər dövlət qurumlarında da özünü göstərir. Bu, o demək deyil ki, Ermənistanda sorosçular hər şeyə qadirdirlər. Paşinyanın siyasətinə müxalif olan siyasi qüvvələrlə əməkdaşlıq edən, digər güc strukturlarında təmsil olunan şəxslər də var. Təbii ki, bu strukturlar hələ də sorosçular tərəfindən təmizlənir və zaman-zaman Paşinyana qarşı müxalif fikirləri dəstəkləyən, onun siyasətini qəbul etməyən, daha müstəqil düşünən insanlara qarşı təqiblər həyata keçirilir. Bu təqiblər Ermənistanda bu gün də davam edir. Ermənistan demokratik dövlət deyil. İstər seçki prosesi, istərsə də Paşinyanın apardığı siyasət göstərdi ki, Ermənistanda totalitar rejim yaradılıb. Seçkidə hakimiyyətin mənbəyi xalq olmadı. Seçkidə hakimiyyətin mənbəyi Vaşinqton və Brüssel oldu və yenə də sorosçular Paşinyanı hakimiyyətdə qorudular, onu hakimiyyətdə saxladılar. Məqsəd isə Paşinyanın qarşısında qoyulan məsələləri həyata keçirməkdir. Təbii ki, Paşinyana mane olan, istər müxalif siyasi düşərgədə, istər dini çevrələrdə, istərsə də dövlət strukturlarında olan şəxslər bu və ya digər formada neytrallaşdırılır. Paşinyana mane olan qüvvələr təqib olunur, tutulan tutulur, qaçan isə qaçmağa məcbur olur. Bu gün Paşinyanın istər müdafiə sektorunda, istər təhlükəsizlik strukturlarında kifayət qədər sorosçu fəaliyyət göstərir. Zaman-zaman bu sorosçuların əlini gücləndirmək, güc strukturlarında daha möhkəm mövqe tutmalarına şərait yaratmaq üçün təbii ki, bəzi müstəqil düşünən şəxslər də neytrallaşdırılır.
Ekspertin fikrincə, Paşinyanın istər siyasi elitada, istərsə də dövlət idarəçiliyində olan bütün komandası sorosçuların əlindədir. Artıq Təhlükəsizlik Şurası, parlament, istərsə də güc strukturları zaman-zaman sorosçuların təsir dairəsinə düşüb və Ermənistanın bütün strukturları sorosçular tərəfindən idarə olunur. Yəni, dediyim kimi, ayrı-ayrı güc strukturlarında etiraz edən şəxslər də bu və ya digər formada neytrallaşdırılır. Paşinyanın siyasi kursuna müxalif olan və bu kursu qəbul etməyən şəxslər vəzifələrindən azad edilir. Paşinyanın qarşısında qoyulan məsələlər var və o, Qərb qarşısında müəyyən öhdəliklər götürüb. Bu öhdəlikləri yerinə yetirmək üçün isə bütün vasitələrin məqbul olması prinsipini həyata keçirir. Paşinyan erməni xalqının və erməni dövlətinin maraqlarına deyil, Qərbin maraqlarına xidmət edir. Çünki Ermənistan qlobal güclərin maraqlarının toqquşduğu məkana çevrilib və bu toqquşma artıq Ermənistanda xaos yaradır. Bu xaosun nəticəsində Cənubi Qafqazda da gərginlik yarana bilər. Bu baxımdan Paşinyan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün dövlətin bütün strukturlarında olan müstəqil düşünən insanları neytrallaşdırır və onları sorosçularla əvəz edir. Artıq Ermənistanda aşağı səviyyəli dövlət məmurundan tutmuş baş nazirə, prezidentə qədər bütün strukturlar sorosçuların əlindədir. Ona görə də Paşinyan ikinci dəfə hakimiyyətdə qaldı, onun hakimiyyəti qorundu və saxlanıldı. Zaman-zaman Paşinyana qarşı çıxış edən şəxslər də təqib olunur və neytrallaşdırılır.
Səidə Ramazanova