Kadrları hansı konsepsiya və hansı meyarlar əsasında dəyişirsiniz?- Psixoloq TƏBİB-ə sorğu etdi- ÖZƏL
11:21 Sosial"TƏBİB-də direktor Anar Bayramov tərəfindən kadr dəyişiklikləri sürətlə davam edir. Elə təəssürat yaranır ki, sanki müxalifət hakimiyyətə gəlib və əvvəlki iqtidarın bütün kadrlarını bir-bir dəyişir". "Olaylar" xəbər verir ki, bunu psixoloq Ramil Nəcəfli deyib: "Burada bir məqam maraqlıdır: Bunların hamısı eyni dövlət sistemində çalışan, eyni hökumətin təyin etdiyi, eyni dövlət başçısının siyasətinə xidmət edən vəzifəli şəxslər deyilmi? Bəs əvvəlki direktorlar müxalifətçilər idi? Əgər deyildilərsə, onda sual yaranır: Özünüzün təyin etdiyi, illərlə etibar etdiyiniz kadrlara niyə indi bu qədər inamsızlıq yaranıb?
Kadr dəyişmək, əlbəttə, rəhbərliyin səlahiyyətidir. Amma cəmiyyətin də soruşmağa haqqı var. Birini dəyişmək asandır. Əsas məsələ niyə dəyişdiyini izah etməkdir. Bax elə bu baxımdan yenə suallar yaranır? Kadrları hansı konsepsiya və hansı meyarlar əsasında dəyişirsiniz? Əvvəlki direktorları bu vəzifələrə gətirəndə sizcə hansı kriteriyalara əsaslanmışdılar? İndi isə onları dəyişərkən siz hansı yeni kriteriyaları əsas götürürsünüz?
Daha maraqlısı isə budur: Sizi həmin kadrlarla birləşdirən nə idi və bu gün yollarınızı ayıran nədir? Axı bunlar dünən başqa hökumətin, başqa siyasi komandanın kadrları deyildilər. Eyni dövlət sistemində çalışır, eyni rəhbərliyə tabe olur və dövlət siyasətini həyata keçirirdilər. Əvvəlkilər müxalifətçilər idilər ki, indi bir-bir dəyişdirilirlər? Əgər bu kadrlar vaxtilə doğru seçim idilərsə, bu gün onları yanlış edən nə dəyişdi? Yox, əgər əvvəldən yanlış seçim idilərsə, onda daha ciddi sual yaranır: Onları həmin vəzifələrə kim və hansı meyarlarla gətirmişdi?"