Diplomatik zərbədən hərbi qarşıdurmaya: Moskva niyə “əsl müharibə”dən danışır? – ÖZƏL
15:31 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Leypsiq hava limanında partlayıcı maddələr daşıdığı iddia edilən dronla bağlı hadisəyə reaksiyasında "əsl müharibənin başlanmasının siqnallarını" gördüyünü bildirib. İnterfaks xəbər verir ki, Lavrov Rusiyaya qarşı irəli sürülən ittihamların araşdırılmadan qəbul edildiyini deyib. O, Almaniyanın Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun bağlanması, Berlindəki Rus Evinin fəaliyyətinin məhdudlaşdırılması və Almaniyanın hərbi gücünü artırmaq planlarını Moskva ilə qarşıdurmanın dərinləşməsi kimi qiymətləndirib. Lavrov bildirib ki, Kreml Almaniyanın bu addımlarından "nəticə çıxaracaq".
Lavrovun "əsl müharibənin başlanğıcı" ifadəsi nə dərəcədə ciddi siyasi mesajdır? Rusiya-Almaniya münasibətlərində hazırda yeni qarşıdurma mərhələsi başlayırmı?
"Bonn şəhərində yerləşən Rusiya Baş Konsulluğunun bağlanması, eyni zamanda Berlindəki Rus Evinin fəaliyyətinin məhdudlaşdırılması, şübhəsiz ki, Rusiyanın siyasi və diplomatik nüfuzuna ciddi zərbə idi. Məlum durum qalmaqalını da bu prosesə əlavə etsək, sözsüz ki, Rusiyanın belə acı və eyni zamanda son dərəcə qəzəbli bəyanat verməsi gözlənilən idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, məşhur aforizmdə deyildiyi kimi, əgər bir tamaşanın əvvəlində divardan silah asılıbsa, o, birinci pərdədə olmasa da, sonuncu pərdədə mütləq istifadə olunacaq. Bu gün təkcə Almaniyanın deyil, ümumiyyətlə, dünyanın sürətlə silahlanması onu göstərir ki, qarşıda daha böyük bir müharibə ola bilər. Və bu müharibədə, heç şübhəsiz ki, bu gün sürətlə silahlanan Almaniya Rusiya ilə eyni cəbhədə olmayacaq. Yenidən fərqli səngərlərdə dayanacaq və tərəflər bir-birinə qarşı məhz həmin silah-sursatdan istifadə edəcəklər. Elə lideri Putinin təbirincə, Rusiya xarici işlər naziri Lavrov da bu məsələyə münasibət bildirib. Bildiyiniz kimi, Putinin Peterburqa xas bir deyimi var. O deyir ki, əgər dava qaçılmazdırsa, birinci zərbəni sən endirməlisən. Almaniyanın silahlanmasının sonda Rusiya ilə qarşıdurmada istifadə olunacağının fərqində olan rusiyalı baş diplomat da məhz proseslərin bu cür yeni xarakter almasını böyük müharibənin, daha doğrusu, əsl müharibənin başlanğıcı kimi ifadə edir. Yəni, burada "əsl müharibə" ifadəsini elə "böyük müharibə" kimi də qiymətləndirə bilərik.
Ekspert qeyd edib ki, istər Rusiya-Ukrayna arasında yaşanan hərbi qarşıdurma, istər Yaxın Şərqdə baş verənlər, istərsə də Uzaq Şərqdə, Tayvan ətrafında gedən proseslər artıq Üçüncü Dünya müharibəsinin anonsu kimi qiymətləndirilir. Nəzərə alsaq ki, Birinci və İkinci Dünya müharibələri Avropadan başlayıb və əsasən Avropa mərkəzli olmaqla dünyanın digər regionlarına sirayət edib, getdikcə Şərqi Avropada Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsi ehtimalı da artır. Bildiyiniz kimi, Almaniya Avropa Birliyinin üzvü olan Pribaltika ölkələrinin müdafiə və təhlükəsizliyi ilə bağlı bu ölkələrin ərazilərində öz silahlı qüvvələrini yerləşdirir. Bu isə o anlama gəlir ki, düzdür, Yaxın Şərqdə də proseslər kifayət qədər gərgin və ciddidir, amma yenə də Üçüncü Dünya müharibəsinin başlanma səbəbi məhz Şərqi Avropa cəbhəsi ola bilər.
Səidə Ramazanova