Bakı və İrəvan yaxınlaşır, üçüncü tərəflər narahatdır: Sülh prosesini kimlər hədəf alır? – ÖZƏL
16:30 Siyasət"Sputnik Armenia" növbəti dəfə Azərbaycanla bağlı təxribat xarakterli iddia yayıb. Sayt peyk görüntülərinə istinad edərək Azərbaycan Ordusunun Ermənistanın Sünik vilayətində guya ərazi "işğal etdiyini" və mövqelərini genişləndirdiyini iddia edib. Nəşr Azərbaycan hərbi mövqelərinin Ermənistan ərazisinin təxminən 3 kilometr dərinliyində yerləşdiyini irəli sürüb. Halbuki "Sputnik Armenia" daha əvvəl də Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yaratmağa yönəlmiş oxşar iddialarla çıxış edib.
"Sputnik Armenia"nın bu iddialarının məhz indiki mərhələdə gündəmə gətirilməsinin məqsədi nə ola bilər? Bu cür məlumatlar Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Olaylar.az-a danışan araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalının sözlərinə görə, "Sputnik Armenia"nın bu iddianı məhz indiki mərhələdə dövriyyəyə buraxması təsadüfi görünmür. Çünki Azərbaycan-Ermənistan münasibətləri artıq, belə deyək, qarşıdurmanın idarə olunmasından sülhün praktik quruculuğu mərhələsinə keçməkdədir. Avqustun 31-də Bişkekdə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşündə tərəflər sülh gündəliyini, sərhədlərin delimitasiyasını, iqtisadi-ticarət əlaqələrini, kommunikasiyaların açılmasını müzakirə edib, birbaşa ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Bax, belə bir zamanda "Azərbaycan Ermənistan ərazisini işğal edir", "mövqelərini genişləndirir" tipli tezislərin informasiya məkanına çıxarılması ilk növbədə yeni gerçəkliklə köhnə savaş ritorikası arasında təzad yaratmağa xidmət edir. Diqqətçəkən məqam budur ki, "Sputnik Armenia" sentyabrın 5-də yaydığı iddiasını əsasən 2025-ci ilin may və iyul aylarına aid peyk görüntülərinin müqayisəsi üzərində qurur. Yəni bir ildən öncəyə aid materialın məhz indi güncəlləşdirilməsi onun informasiya-siyasi zamanlaması barədə haqlı suallar doğurur. İkinci önəmli məqam budur ki, Azərbaycanla Ermənistan arasında sərhədin bütün hissələri üzrə delimitasiya prosesi hələ başa çatmayıb. Tərəflər özləri də bu işi dövlət komissiyalarının danışıqları çərçivəsində davam etdirməyin vacibliyini vurğulayır. Belə olan halda, ayrı-ayrı xəritələrin, peyk görüntülərinin media tərəfindən birtərəfli yorumu əsasında yekun siyasi-hüquqi hökm vermək delimitasiya prosesini əvəz edə bilməz. Bu tip informasiyalar Ermənistan cəmiyyətində təhlükə hissini yenidən gücləndirməyə, barışığa qarşı olan qüvvələrin arqument bazasını genişləndirməyə və Azərbaycanla münasibətlərin normallaşmasını yenidən "təhlükəsizlik dilemması" çərçivəsinə qaytarmağa xidmət edə bilər. Yəni genişlənmə var, amma bu genişlənmə o genişlənmədən deyil. Halbuki artıq Azərbaycan neft məhsullarının Ermənistana göndərişi, üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən Gürcüstana, oradan Ermənistana keçirilməsi, biznes dairələri arasında təmaslar kimi öncələr təsəvvürü belə çətin görünən gerçək işlər görülür. Əlbəttə, sərhədlə bağlı istənilən iddia araşdırıla bilər; ancaq bunun ünvanı media manipulyasiyası olmamalıdır; ünvan - Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarıdır. Barışığa qarşı ən təhlükəli hal çözülməli texniki məsələlərin emosional başlıqlarla yenidən geosiyasi qarşıdurma materialına çevrilməsidir.
"Məncə, burada daha geniş bir mənzərəni də görmək lazımdır: Güney Qafqazda savaşsonrası yeni münasibətlər sistemi formalaşdıqca, uzun illər qarşıdurmadan siyasi, informasiya və geosiyasi alət kimi yararlanmış çevrələrin manevr imkanları daralır. Ona görə də indi əsas məsələ yalnız sərhədin haradan keçməsi deyil; bir başqa "sərhəd" də müəyyənləşir - keçmişin savaş dili ilə gələcəyin barışıq dili arasındakı sərhəd...
Azərbaycan və Ermənistan bu sərhədi nə qədər qəti şəkildə barışıq adına, barışığın xeyrinə keçə bilsə, üçüncü tərəflərin təxribat xarakterli informasiya girişimlərinin təsir imkanları da bir o qədər azalacaq. Bax, elə bu anlamda, məhz "Sputnik Armeniya"nın ortalığa düşməsi də təsadüfi görünmür...", - deyə ekspert əlavə edib.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova