Kremlin "referendum planı": Paşinyan hərbi bazaları çıxarır? – ÖZƏL
18:22 Siyasət"Rusiya prezidenti Vladimir Putinin Ermənistandakı Rusiya hərbi bazaları ilə bağlı açıqlaması faktiki olaraq rəsmi İrəvana qarşı təzyiq kampaniyasının tərkib hissəsidir. Burada çoxvektorlu bir oyun oynanılır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, məsələ ondadır ki, Rusiyanın Ermənistandan öz hərbi bazalarını çıxarmaq kimi bir niyyəti yoxdur. Bunu hər kəs bilir və ümumiyyətlə, Kreml də anlayır ki, həmin hərbi bazalar Rusiyanın Cənubi Qafqazdakı əsas və proseslər bu şəkildə davam edərsə, yaxın gələcəkdə yeganə dayaq nöqtəsi ola bilər. Ancaq Kremlin hazırda oynamağa çalışdığı oyun ondan ibarətdir ki, istənilən halda rəsmi İrəvanı Ermənistanda ümumxalq referendumu keçirməyə məcbur edə bilsin. Prezident Putin də faktiki olaraq vurğulayır ki, əgər Ermənistan rəhbərliyi və Ermənistan əhalisi Rusiya hərbi bazalarının çıxarılmasını istəyirsə, həmin bazalar çıxarıla bilər. Yəni burada belə bir şərt irəli sürülür ki, Ermənistan əhalisinin mövqeyi nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, Ermənistanda ümumxalq səsverməsi keçirilməlidir. İndiki şəraitdə Ermənistanda hər hansı referendumun, xüsusilə də Rusiya ilə bağlı məsələlərin gündəmə gətirilməsi və səsvermənin keçirilməsi Rusiyaya yeni planlarını reallaşdırmaq imkanları aça bilər. Belə bir səsvermə prosesi ölkə daxilində ciddi qarşıdurmalara və toqquşmalara yönəlik proseslərin idarə olunmasına da şərait yarada bilər. Yəni Rusiya çoxistiqamətli bir oyuna başlayıb və bu oyunun necə nəticələnəcəyi hələlik bəlli deyil. Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, Baş nazir Nikol Paşinyan artıq bu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, əgər Rusiya öz hərbi bazalarını Ermənistandan çıxararsa, rəsmi İrəvan buna etiraz etməyəcək. Yəni rəsmi İrəvan Rusiyanın öz hərbi bazalarını Ermənistandan çıxarmasına elə də ciddi problem kimi yanaşmır və görünür, bu məsələni hazırda xüsusi şəkildə müzakirə etmək də istəmir. Halbuki məhz bu mövzu Paşinyan hakimiyyətinin müxtəlif bəhanələrlə gündəmə gətirdiyi müzakirələr sayəsində ön plana çıxmağa başlayıb.
Ekspert bildirib ki, eyni zamanda Paşinyan yenə hiyləgər şəkildə bildirir ki, əgər Rusiya hərbi bazalarını Ermənistanda saxlamaq istəyərsə, rəsmi İrəvan bunu da müzakirə etməyə hazırdır. Bu isə o deməkdir ki, rəsmi İrəvan faktiki olaraq Rusiya hərbi bazalarının Ermənistanda qalmasını istəmədiyini nümayiş etdirir və bunu Rusiyanın diqqətinə çatdırır. Ancaq həmin bazalar qalacaqsa, bu məsələnin mütləq müzakirə edilməsinin vacibliyini də qabardır. Bu da o deməkdir ki, əslində ikitərəfli müqavilə ilə tənzimlənən bir məsələ artıq real problem xarakteri daşımağa başlayıb. Rəsmi İrəvan həmin müqavilənin ləğvinə meylli olduğunu nümayiş etdirir. Ermənistan tərəfi Rusiya hərbi bazalarının çıxarılmasına etiraz etməyəcəyini bildirir, lakin onların Ermənistanda qalacağı təqdirdə məsələnin yenidən müzakirə edilməsini tələb edir. Bu isə çox qəliz qarşılıqlı oyun kimi görünür. Belə anlaşılır ki, rəsmi İrəvan Kremlin başlatdığı oyuna əks oyunla cavab verməyə çalışır. Yəni Rusiya üçün Ermənistanda çətin günlər başlayıb. Ermənistan hazırda Rusiyanın əsas regional probleminə çevrilməkdə davam edir.
Səidə Ramazanova