Paşinyanın hüquq-mühafizə siyasəti narazılığı artırır: Ermənistanı yeni siyasi qarşıdurma gözləyir?- ÖZƏL
15:54 SiyasətNikol Paşinyanın hüquq-mühafizə sistemində apardığı siyasət Ermənistanın güc strukturlarında narazılıq yaradıb. Rusiyaya yaxın erməni mənbələrinin məlumatına görə, keçmiş hakimiyyət nümayəndələri və siyasi rəqiblərə qarşı hüquqi təzyiqlər fonunda bəzi əməkdaşlar mümkün siyasi dəyişikliklər zamanı qanunsuz göstərişlərin icraçısı kimi görünmək istəmirlər. Paşinyanın sərt mesajları və işdən çıxarılma hədələri isə hakimiyyət daxilində gərginliyin artdığını göstərir.
Paşinyanın hüquq-mühafizə orqanlarında artan narazılıqla bağlı məlumatlar nə dərəcədə real siyasi təhlükə yaradır və bu, hakimiyyətin daxili sabitliyinə necə təsir edə bilər?
Güc strukturlarında Paşinyanın siyasətinə qarşı müqavimətin artması Ermənistanın siyasi qarşıdurmasında yeni mərhələnin başlanğıcı sayıla bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Baş nazir Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərliyini antikorrupsiya tədbirlərinin ləng həyata keçirilməsində qınayaraq, müxalifətlə pərdəarxası işbirliyində olanların tapılaraq aşkar edilməsini tələb edib. Bu isə hüquq-mühafizə orqanlarında struktur dəyişikliklərinin daha sərt həyata keçiriləcəyi və ciddi kadr islahatlarının aparıla biləcəyi ilə bağlı ehtimalları gücləndirib. Paşinyanın kadr dəyişikliklərinin struktur islahatları ilə eyni zamanda həyata keçirilməsi ilə bağlı açıqlamaları hüquq-mühafizə orqanlarında orta təbəqəni təşkil edən zabit heyətində ciddi narahatlıq doğurub. Zira baş nazirin məlum olduğu kimi, güc nazirliklərinin rəhbər heyətinə özünün etimad etdiyi şəxsləri gətirib və buna görə də islahatların orta təbəqəni hədəfə alacağı birmənalıdır. Bunun isə hüquq-mühafizə sisteminin daxilində çat yarada biləcəyi ehtimalları az deyil.
Müxalifəti parlamentdə təmsil edən deputatlar öz açıqlamalarında Paşinyanın hüquq-mühafizə orqanlarından siyasi opponentlərinə qarşı təzyiq vasitəsi olaraq istifadə etdiyini bildirir, onu məlum orqanların fəaliyyətini qanun çərçivəsində deyil, siyasi konyunktura müstəvisində yönəltməyə çalışmaqda ittiham edirlər. Bu isə ilk növbədə Paşinyanın təşəbbüsü ilə son bir neçə həftədə Ermənistanın sabiq siyasi rəhbərliyinə qarşı həyata keçirilən həbslər, xüsusilə sabiq prezident Koçaryanın oğlunun (o, Ermənistan fraksiyasını parlamentdə təmsil edən deputatdır) tutulması ətrafında yaşanan olaylar fonunda daha qabarıq şəkildə özünü büruzə verib.
Paşinyanın Daxili İşlər Nazirliyinin strukturunda həyata keçirdiyi islahatlar bəzi departamentlərin ləğv edilməsi ilə müşayiət olunduğundan, iş yerlərini itirmiş polis işçiləri arasında artmaqda olan narazılıq etiraz elektoratının sayının artmasına gətirib çıxarıb ki, bundan da ölkədaxili siyasi mübarizədə müxalifətin yararlanmağa cəhdlər edəcəyi şəksizdir. Müxalifətin məlum qanadının Rusiya siyasi elitası ilə işbirliyində olması isə Paşinyana qarşı mübarizənin geosiyasi işartılarının güclənə biləcəyindən xəbər verir. Bu amillərdən müxalifətin siyasi mübarizədə yararlanmaq istəyi narazılıq aksiyalarının artacağı halda polisin özünü bitərəf kimi aparmasına, etirazçılara qarşı hüquqi zəmində aparılan mübarizənin müəyyən mənada səngiməsinə gətirib çıxara bilər.
Hüquq-mühafizə orqanlarında Paşinyanın bu sayaq islahatları perspektivdə onun islahatlarını ləngidə biləcək əyləc mexanizmlərinə çevrilə biləcəyi ehtimallarına əsas verir".
Zeynəb Mustafazadə