“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib
“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib
30 İyun 2020 16:26 SosialOmbudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl rayon Gənclər və İdman idarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda hüquqi-maarifləndirici videokonfrans keçirilib. "Olaylar" xəbər verir ki, tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, gender əsaslı məişət zorakılığı hallarının da artmasına səbəb olub. O, ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan insanların iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürüldüyünü, 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kampaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyini bildirib. S.Abbasov, həmçinin Ombudsman təsisatı tərəfindən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı" ilə nəzərdə tutulmuş tədbirlərin Gənclər və İdman idarələri ilə birgə müntəzəm icrası nəticəsində gənclərin hüquqi biliklərinin, eləcə də gender bərabərliyi barədə məlumatlılığının artdığını diqqətə çatdırıb.