Milli adlara getdikcə daha az rast gəlinir – Teleserialların burada təsiri nə dərəcədədir?

Son zamanlar gənc valideynlər övladlarına ad seçərkən əcnəbi adlara üstünlük verirlər. Körpələrə daha çox türk, ərəb, rus adlarını verən bir çox valideynlər bunu müasirliklə əlaqələndirirlər.

Son zamanlar gənc valideynlər övladlarına ad seçərkən əcnəbi adlara üstünlük verirlər. Körpələrə daha çox türk, ərəb, rus adlarını verən bir çox valideynlər bunu müasirliklə əlaqələndirirlər.

Olaylar.az "Valideynlər övladlarına ad seçərkən nə üçün daha çox əcnəbi adlara üstünlük verirlər" sualı ilə gənc mütəxəssislərə müraciət etdi.

"Təmiz dünya" İctimai Birliyində fəaliyyət göstərən psixoloq Sona Davudova bildirir ki, uşağa verilən ad eyni zamanda ona bir xitabdır: "Adın mənası uşağın şəxsiyyətinin inkişafında mühüm rolu vardır. Adın ifadə etdiyi məna uşaq üzərində etiketləmə təsiri yarada bilir. Belə ki, uşaqlar adının mənasına uyğun olaraq rollar seçib oxşar davranışlar göstərə bilər və ya adı ilə hadisələr arasında məna bağı qurmağa çalışırlar. Bu səbəbdən uşağa ad vermək həm də müəyyən mənada ona " Belə Ol" deməkdir. Yəni ad verilərkən eyni zamanda o uşağın şəxsiyyəti təyin olunmuş olur. Bundan əlavə uşağa ad verərkən onun cinsiyyəti də nəzərə alınmalıdır. Ad uşağın şəxsiyyətini və xarakterini kölgədə qoymamalıdır."

Psixoloq qeyd edir ki, son zamanlar uşaqlara verilən əcnəbi, mənası bilinməyən uniseks ( həm qız, həm oğlan istifadə edə bilən) adlar gələcəkdə uşaqlarda şəxsiyyət dəyişikliyinə qədər gətirib çıxara bilər: "Əcnəbi adların verilməsinin müxtəlif səbəbləri vardır. Əksər hallarda valideynlər dəb halını aldığı üçün bu adlara üstünlük versələr də, mənalarını çox zaman bilmirlər. Ad uşaq üçün sadecə rutin təkrar halına gəlməz, xüsusilə ətraf mühiti, dostları arasında səsləndirildiyi zaman onun cəmiyyətdəki rollarına da təsir edər. Müsbət məna ifadə etməyən adlar kompleksə, aqressiyaya, özgüvən əksikliyinə səbəb ola bilər.

Digər bir səsəb isə bəzi valideynlərin uşağın gələcək təhsil həyatını, kariyerasını düşünərək seçim etməsidir. Lakin əcnəbi ad vermək eyni zamanda 1-2 nəsil sonra həmin uşağı əcnəbi mədəniyyətin nümayəndəsi etmək deməkdir. Ad həmçinin aidiyyət bağı təşkil edir. Uşaqın adına və onun yaşadığı cəmiyyətə mənsubiyyət hissini itirməməsi lazımdır. Bir ad verərkən mənsubiyyət hissini nəzərə almaq, uşağın yaşadığı cəmiyyətə uyğunlaşmasını asanlaşdırır. Əks halda adı ilə bağlı ətrafda yaranan müzakirələr sosial fobiya üçün bir təkan ola bilər.

Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində , mütəxəssislər valideynlərin ad seçərkən uşağın cəmiyyətə adaptasiyasına çətinlik yaratmayacaq adlara üstünlük verməsini tövsiyyə edir."

"Son illər Azərbaycanda yeni doğulan uşaqlara əcnəbi adların qoyulması tendensiyası artımı heç də təsdufi deyil. Burada bir çox faktorlar müşahidə olunur. İlkin olaraq sözsüz qloballaşmadır. Əvvəllər insanların əhatə dairəsində əcnəbi millətlərin sayı da az idi. Hazırda isə multimedia, tv filmlər, xarici media qəhrəman obrazları, ulduz idmançı və müğənnilər və onların həyat tərzi az qala bizim həyatımızın bir hissədir. Bu baxımdan gənclər arasında xüsusilə rəğbətlə qarşılanan əcnəbi məşhurlar, kumirlərin adlarını öz uşaqlarını verərək onlara öz sevgisini göstərir və onun adını öz ailəsinə qədər daşıyır. Valideynlərin bu addımlarına həmçinin onların xaricdə təhsil aldığı, işlədiyi, əməkdaşlıq etdiyi şəxslərin də təsiri var. Ölkəmizin tolerant olması, turist axınının olması da prosesi sürətləndirir" - deyə, sosioloq Əhməd Mənsurov qeyd etdi.

Sosioloq bildirir ki, cəmiyyət nə qədər inteqrasiya edirsə, qloballaşma, xarici mədəniyyətdən cəmiyyətə bir o qədər də inteqrasiya olunur: "Hazırda ölkəmizdə müxtəlif sosial modellərin qarşılıqlı mübarizəsini görürük. Ölkənin  sovet illərindən fərqli olaraq  demokratikləşməsi, ictimai sosial münasibətlərin yeni konteksdə olması da buna təsir edir. Misal üçün əgər həmin dövrdə bir valideyn öz uşağına Maykl və ya Con adını versəydi, yəqin ki, qurumlar tərəfindən sorğu-suala tutulacaqdı. O baxımdan həmin dövr ən çox slavyan əsilli və sovet qəhrəmanlarının adları daha məşhur idi. Lakin müstəqillik dövrümüzdən etibarən bu tendensiya artıq dəyişməyə başladı.

Məsələni daha aydın analiz etməyə çalışsaq, valideynlərin öz uşaqlarına ad qoyma mərhələsinə diqqət yetirək; adətən valideynlər öz əhatəsindən, öz qohumlarının, nənə-babaların , öz valideynlərinin adlarını verirlər. Xüsusilə, öz valideynlərinin adını öz uşağına vermək kimi bir çox xalqların adətində mövcuddur. Eynilə əgər bir futbolla maraqlanan və hansısa bir əcnəbi futbolçunun kumiri olduğu zaman həmin adın fanatın ailəsinə daxil olması şəraiti yaranır. Həmçinin  xalq qəhrəmanlarının adlarının uşaqlara verilməsi də yayılıb. Bu sahədə öncəki illər Koroğlu, Babək adları aktual idisə, indi hazırda Mübariz, Ramil adları aktuallaşıb. Bu da təbii haldır, valideynin öz seçimidir. Bu məsələlərə baxaraq valideynin həyati maraqlarını müəyyən etmək olur və ya valideynin həyat yolu bu adlara təsir edir. Günümüzdə isə multimedia vasitələrinin təsiri qeyd etsək əcnəbi media qəhrəmanlarının adlarının milliləşdirilməsinin astanasındayıq. Daha çox evdar xanımlar öz uşaqlarına tvserial qəhramanlarının adlarını verməsini də, müşahidə edirik. Səbəblərə həmçinin ölkəmizdə yaşayan əcnəbilərin təsirini də əlavə etmək düzgün olardı."

Əhməd Mənsurov qeyd edir ki, adlar bir millət haqqında onun kimliyini müəyyənləşdirən və onun haqqında ilkin təəsurat yaradan vasitədir: "Adlar şəxsin milli kimliyini müəyyən edir. Bizim daha çox nümunəvi ulduz, ictimai şəxslər, tv ulduzlar, yerli film qəhrəmanlarına ehtiyacımız var. Bir çox hallarda yerli mediada məşhur olan ulduzların həyat tərzi, davranışları cəmiyyətdə birmənalı qarşılanmır. Sözsüz bu sahənin insanlar, umumiyyətlə cəmiyyətdəki sosial-ictimai proseslərə güclü təsir imkanları olan KİV resurslarında məşhur olan şəxslər daha diqqətli olmalıdırlar. Əgər xalq bir nəfəri sevirsə, onun adını öz uşağına verərək yaşatmaq istəyəcək. Eləcə də, yerli seriallar. Əgər əcnəbi adların artmasının qarşısını almaq istəyiriksə daha çox milli qəhrəmanlarımızın, yerli xadimlərimizin təşviqini aparmalıyıq. Əgər valideyn öz uşağına kiminsə adını verirsə, hansı ki, bir çox hallarda bu heç də təsadufən seçilmir, deməli onun həyat yolu, xarakterini öz övladında görmək istəyir. Cəmiyyətə yerli milli nümunəvi şəxsiyyətlər daha çox lazımdır.

Öz uşağına adın verilməsi valideynin hüququdur. Göründüyü kimi buraya daha çox sosial proseslər təsir edir. Lakin uşaqların da hüququ var. Əcnəbi ad məsələsində əsas maraqlı tərəf olan, ad sahibləri, uşaqların gələcəyini unutmaq olmaz! Bəzən fərqli adlara sahib olan uşaqlar böyüdükdə rəsmi müraciət edərək adlarının dəyişdirilməsini xahiş edirlər.

Əziz valideynlər, uşaqlarınıza ad seçərkən diqqətli olun. Onun gələcəkdə öz sosial əhatəsi tərəfindən ayrıseçkiliyə məruz qalma ehtimalı olduğunu unutmayın."

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunda aparıcı elmi işçisi Əpoş Vəliyev (Elyar İslamoğlu) bildirir ki, yeni doğulan uşağa ad seçmək həm çətin, həm də məsuliyyətli məsələlərdən biridir: "Çünki həmin adı uşaq ömürboyu daşıyacaq. Ən qədim dastanlarımızda təsvir edilir ki, hansısa şəxsə ad 15 yaşını tamamlayıb, igidlik, qəhrəmanlıq göstərəndən sonra verilirmiş. Keçmişdə ölkəmizdə yeni doğulan uşaqlara adı tayfanın, ailənin ağsaqqalı və ya uşağın baba, nənəsi qoyardı. Xüsusi adqoyma mərasimi qeyd edilərdi. Çox zaman uşaqlara verilən adlar tayfanın adlı-sanlı, igidliyilə seçilmiş, amma vəfat etmiş şəxslərinin, ya da ulu babaların adı olardı. İndi də bu ənənə yaşamaqdadır. Daha çox regionlarda uşağa baba və nənənin, vəfat etmiş yaxın qohumların adı  qoyulur. Müasir dövrümüzdə uşaqlara adı daha çox onun valideynləri qoyur".

Əpoş Vəliyev qeyd edir ki, son zamanlar uşaqlara verilən milli adlara getdikcə daha az rast gəlinir: "Mən düşünürəm ki, televiziyanın, teleserialların burada təsiri çoxdur. Valideyn xarici bir teleserialı izləyir, orada xoşuna gələn hansısa artist, oyunçu, obrazın adını gələcək övladına qoyacağına qərar verir. Bu, xüsusilə də anaların seçimi olur. Sosial şəbəkələrin, saytların da adqoymada rolu böyükdür. Əcnəbi adlara daha çox rast gəlindiyi üçün, oradan ad seçimləri də çox olur. Bir zamanlar da hər kəs övladına dini adlar qoyurdu. Bunun nəticəsində isə məktəbdə bir sinifdə bir neçə Əli, Məhəmməd, Yusif, Həsən, Hüseyn, Zəhra, Xədicə, Zeynəb, Fatimə və s. adlı şagirdlər olurdu ki, bu da tədris prosesində müəllimlərə çətinlik yaradırdı. Yaxşı olar ki, valideynlər övladlarına mənası olan, milli adlar qoysunlar. Gələcəkdə həmin şəxs adından utanmasın, ad səslənəndə ətrafda uşağa qarşı qəribə baxışlar yaranmasın. Mənim adım Böyük Vətən müharibəsindən qayıtmayan babamın adıdır. Səslənməsi çətindir, ona görə də hər zaman əziyyət çəkmişəm."

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31