Ankarada siyasi zəlzələ: CHP parçalandı, yeni siyasi dövr başladı- ÖZƏL

Türkiyənin müxalifət düşərgəsində uzun illərdir böhranlar yaşanmaqdadır. 2023-cü il seçkilərindən sonra İYİ Partiya lideri Meral Akşener və digərləri aktiv siyasi səhnədən uzaqlaşmaq məcburiyyətində qaldılar.
Lakin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən son hadisələr miqyasına və mümkün nəticələrinə görə əvvəlki daxili qarşıdurmalardan fərqlənir. CHP sədri Özgür Özəlin 91 millət vəkili ilə birlikdə partiyadan istefa verərək yeni siyasi təşkilat yaratması təkcə bir partiyanın daxili böhranı deyil, Türkiyənin siyasi sistemində yeni mərhələnin başlanğıcı sayıla bilər. Belə bir inkişaf parlamentdə qüvvələr nisbətini, müxalifətin strukturunu və növbəti prezident və parlament seçkilərinin siyasi mənzərəsini ciddi şəkildə dəyişdirə bilər.

Uzunmüddətli böhranın məntiqi nəticəsi

CHP-də yaşanan proseslər əslində uzun illər davam edən daxili ziddiyyətlərin kulminasiya nöqtəsidir. 2023-cü il prezident seçkilərindən sonra partiya daxilində yaranan narazılıqlar heç vaxt tam aradan qalxmadı. Kamal Kılıçdaroğlu dövrünün tərəfdarları ilə Özgür Özəl komandasının baxışları arasında fikir ayrılığı, İstanbul Böyük Şəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsdə olan sədri Əkrəm İmamoğlunun və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın artan siyasi çəkisi, partiyanın ideoloji istiqaməti ətrafında mübahisələr, təşkilati idarəetmədə yaşanan problemlər CHP-ni davamlı böhran vəziyyətində saxlayırdı. Bu mənada Özgür Özəlin yeni siyasi təşkilat yaratması illərlə yığılan daxili qarşıdurmaların məntiqi nəticəsi kimi görünür. Başqa sözlə, CHP-də baş verənlər qəfil siyasi hadisə deyil. Bu, uzun müddət yığılan daxili narazılıqların, ideoloji parçalanmanın və liderlik böhranının labüd nəticəsi kimi qiymətləndirilə bilər.

CHP tarixi nüfuz böhranı yaşayır

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsis etdiyi CHP ölkənin ən köklü siyasi təşkilatı hesab olunur. Lakin son illərdə partiya seçkilərdə yüksək nəticə göstərməsinə baxmayaraq hakimiyyət alternativi obrazını formalaşdıra bilmədi. Seçicilərin mühüm hissəsində belə təsəvvür yaranmağa başladı ki, CHP seçki qazanmaqdan daha çox daxili qruplaşmaların mübarizəsi ilə məşğuldur. Əgər parlamentdə əsas müxalifət statusunu itirərsə, bu, CHP-nin təkcə hüquqi statusuna deyil, həm də siyasi nüfuzuna ciddi zərbədir. Belə vəziyyət partiyanın maliyyə imkanlarına, təşkilatlanma potensialına və gələcək seçki kampaniyalarına da mənfi təsir göstərəcək.

Müxalif elektorat parçalanır

Türkiyə seçkilərində müxalifətin əsas üstünlüyü uzun müddət müxtəlif ideoloji qrupları vahid namizəd ətrafında birləşdirə bilməsi idi. İndi isə vəziyyət tamamilə dəyişəcək. CHP seçicisi ən azı üç istiqamətə bölünmək riski ilə üz-üzədir: CHP-də qalan ənənəvi elektorat; Özgür Özəlin yaratdığı yeni partiyanı dəstəkləyən seçicilər; qərarsız seçicilər və ya digər müxalif partiyalara yönələn elektorat.  Bu isə müxalifətin səsini parçalayacaq əsas amilə çevrilə bilər. Türkiyənin seçki sistemi nəzərə alınarsa, səslərin bölünməsi hakim partiyanın parlamentdə üstünlüyünü daha da artıran amillərdən birinə çevriləcək.

Yeni Partiyanın qarşısında ciddi problemlər dayanır

91 millət vəkilinin yeni siyasi təşkilata keçməsi ilk baxışdan böyük üstünlük kimi görünə bilər. Lakin parlament fraksiyasının olması hələ güclü siyasi partiya demək deyil. Çünki bu hələ yeni formalaşmaqda olan siyasi təşkilatdır. Bunun siyasi partiya kimi təşkilatlanması, Türkiyə cəmiyyətində oturuşması və özünə sabit elektorat toplaması zaman alacaq məsələdir. Ola bilsin ki, vaxtı ilə yaranan siyasi qüvvələr kimi uzunömürlü olmayacaq. Bu baxımdan Yeni Partiyanın qarşısında bir neçə ciddi vəzifə dayanır. Birincisi, ölkənin bütün 81 vilayətində təşkilatlanmaq. İkincisi, yerli strukturlar yaratmaq. Üçüncüsü, maliyyə resursları formalaşdırmaq. Dördüncüsü, seçiciyə CHP-dən fərqli hansı siyasi xətti təklif etdiyini izah etmək. Ən çətin məsələ isə yeni siyasi kimlik formalaşdırmaq olacaq. Əgər yeni partiya yalnız CHP-dən ayrılan siyasətçilərin platforması kimi qəbul edilərsə, geniş seçici bazası qazanması çətinləşə bilər.

Yeni Partiyanın perspektivi nədən asılı olacaq?

Özgür Özəlin rəhbərlik etdiyi yeni siyasi layihənin uğuru bir neçə amildən asılı olacaq. Ən vacib məsələ CHP-dən ayrılma faktını yeni siyasi ideyaya çevirə bilməkdir. Əgər yeni təşkilat yalnız radikal şəkildə mövcud hakimiyyətə qarşı çıxmaq üzərində siyasət qurarsa uzunmüddətli perspektivdə ciddi nəticə əldə etməsi çətin görünür. Əksinə, iqtisadiyyat, sosial siyasət, hüquq sistemi, xarici siyasət və dövlət idarəçiliyi üzrə alternativ proqram təqdim edə bilsə, müxalifətin yeni mərkəzinə çevrilmək şansı yarana bilər. Bununla belə, yeni partiyanın qısa müddətdə ölkə üzrə güclü təşkilati şəbəkə qurması, yerli seçkilərə hazırlaşması və seçici inamını qazanması asan olmayacaq.

Türkiyə siyasəti ikimərkəzli müxalifət modelinə keçir

Əgər bu proses davamlı xarakter alarsa, Türkiyə siyasətində ilk dəfə olaraq əsas müxalifət düşərgəsi iki böyük mərkəzə bölünmüş olacaq. Bu isə parlament debatlarından tutmuş seçki kampaniyalarına qədər bütün siyasi prosesləri dəyişdirəcək. Hakimiyyət üçün rəqib artıq vahid CHP deyil, bir-biri ilə rəqabət aparan müxtəlif müxalif qüvvələr olacaq. Belə vəziyyət isə AKP-nin parlamentdə və prezident seçkilərində üstünlüyünü qorumasını asanlaşdıra bilər.
CHP-də baş verən parçalanma davamlı xarakter alarsa, Türkiyə siyasi tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. Bu hadisə təkcə ana müxalifət partiyasının təşkilati bütövlüyünə deyil, bütövlükdə müxalifətin seçki strategiyasına və siyasi balansına təsir edəcək.

Bununla yanaşı, bu cür inkişafların gələcək təsiri seçicilərin davranışından, yeni partiyanın təşkilatlanma qabiliyyətindən və CHP-nin böhrandan çıxmaq imkanlarından asılı olacaq. Siyasi proseslər dinamik olduğundan, hazırkı mərhələdə AKP-nin üstün mövqeyinin güclənməsi ehtimalı barədə danışmaq mümkün olsa da, seçkilərin nəticəsini əvvəlcədən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil. Türkiyə siyasətində qarşıdakı dövr həm hakimiyyət, həm də müxalifət üçün yeni sınaq mərhələsi olacaq.

Perspektiv: Türkiyə yeni siyasi mərhələyə daxil olur

CHP-də baş verən parçalanma Türkiyə siyasətində yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Uzun illər ölkənin əsas müxalifət qüvvəsi olan partiyanın daxili böhranı və təşkilati zəifləməsi siyasi rəqabətin strukturunu dəyişdirir.

Hazırkı mənzərə göstərir ki, yaxın perspektivdə AKP seçki prosesinə ən təşkilatlanmış, ən resurslu və ən üstün mövqedən daxil olacaq siyasi qüvvə olaraq qalır. Əgər müxalifət qısa müddətdə yeni konsolidasiya modeli formalaşdıra bilməsə, hakim partiyanın həm parlamentdə, həm də prezident seçkilərində üstünlüyünü qoruması ehtimalı yüksək olacaq.

Mürtəza Bünyadlı

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31