Kurs bazarında qiymət artımı: Keyfiyyət, yoxsa kommersiya?

Elm və təhsilin inkişaf səviyyəsi hər zaman cəmiyyətin inkişaf göstəricilərindən biri hesab olunub. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin əsas üstünlüyü təkcə güclü iqtisadiyyata malik olmaları deyil, eyni zamanda insan kapitalına, biliyə və peşəkar kadrlara verdikləri önəmdir. Çünki müasir dövrdə ən dəyərli sərvət təbii ehtiyatlar deyil, bilikli, bacarıqlı və daim özünü inkişaf etdirən insandır. Elə buna görə də təhsil artıq müəyyən yaş dövrü ilə məhdudlaşan proses deyil. Sürətlə dəyişən əmək bazarı, texnologiyaların inkişafı və yeni peşələrin meydana çıxması insanları ömürboyu öyrənməyə sövq edir. 
Əgər əvvəllər məktəb və ya universitet diplomu əksər hallarda uğurlu karyera üçün kifayət hesab olunurdusa, bu gün vəziyyət tamamilə fərqlidir. İşəgötürənlər namizədlərin yalnız nəzəri biliklərinə deyil, onların praktik bacarıqlarına, xarici dil səviyyəsinə, rəqəmsal savadlılığına, beynəlxalq sertifikatlarına və çevik düşünmə qabiliyyətinə də xüsusi diqqət yetirirlər. Bu isə əlavə təhsili və müxtəlif ixtisasartırma proqramlarını əmək bazarının ayrılmaz hissəsinə çevirib.
Düşünürəm ki, müasir təhsil sistemi də artıq təkcə formal təhsillə məhdudlaşmır. Məktəbəqədər, ümumi orta, peşə, orta ixtisas və ali təhsillə yanaşı, qeyri-formal təhsil də geniş vüsət alıb. Son illər müxtəlif kurslar, təlim proqramları, seminarlar və sertifikat layihələri insanların yeni bilik və bacarıqlar əldə etməsində mühüm rol oynayır. Xüsusilə gənclər arasında əlavə təhsilə marağın artması bu sahənin sürətlə inkişaf etməsinə səbəb olub. Hazırda ölkədə və dünyada fəaliyyət göstərən kursların əhatə dairəsi kifayət qədər genişdir. Xarici dil kursları, informasiya texnologiyaları və proqramlaşdırma, qrafik dizayn, rəqəmsal marketinq, mühasibatlıq, maliyyə, dövlət qulluğuna hazırlıq, magistratura və doktoranturaya hazırlıq, müəllimlərin sertifikatlaşdırılması belə minlərlə insanın müraciət etdiyi istiqamətlər sırasındadır. Texnologiyanın inkişafı nəticəsində onlayn təhsil platformaları da bu siyahını daha da genişləndirib.
Kurslara marağın artmasının əsas səbəblərindən biri əmək bazarında rəqabətin ildən-ilə güclənməsidir. Artıq bir çox sahədə ali təhsil diplomu işə qəbul üçün kifayət etmir. İşəgötürənlər real bacarıqları qiymətləndirir, namizədlərin müasir proqramlarla işləməsini, xarici dilləri bilməsini və beynəlxalq sertifikatlara sahib olmasını üstünlük kimi qəbul edirlər. Bu isə insanları universitet auditoriyasından kənarda da öyrənməyə, yeni bacarıqlar qazanmağa məcbur edir. 
Əlavə təhsil imkanlarının artması müsbət hal kimi qiymətləndirilsə də, son illər bu sahədə diqqət çəkən başqa bir tendensiya da müşahidə olunur. Söhbət hazırlıq və peşə kurslarının qiymətlərində baş verən ciddi bahalaşmadan gedir. Əgər bir neçə il əvvəl əksər kurslarda aylıq ödənişlər orta statistik ailənin büdcəsinə uyğun hesab edilirdisə, hazırda bəzi tədris proqramlarının aylıq ödənişi 400-500 manata, tam paketlərin qiyməti isə bir neçə min manata qədər yüksəlib. Xüsusilə beynəlxalq sertifikat proqramları, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və biznes sahələri üzrə keçirilən kurslarda yüksək qiymətlərlə qarşılaşmaq mümkündür. Təbii ki, kurs mərkəzləri qiymətlərin artmasını müxtəlif səbəblərlə izah edirlər. Tədris məkanlarının icarə haqqı, müəllimlərin əməkhaqqı, beynəlxalq proqramlara görə ödənilən lisenziya haqları, texniki təminat, reklam xərcləri qiymətlərin formalaşmasına təsir edən əsas amillər kimi göstərilir.  Lakin məsələ təkcə iqtisadi səbəblərlə məhdudlaşmır. Təhsil bazarında artan rəqabət kurs mərkəzlərini daha geniş reklam kampaniyaları aparmağa sövq edir. Sosial şəbəkələrdə yayılan reklamlar, tanınmış simaların cəlb edilməsi, uğur hekayələrinin ön plana çıxarılması və yüksək nəticə vədləri bəzən xidmətin real dəyərindən daha yüksək qiymət formalaşdırır. Bu isə istehlakçı qarşısında seçim etməyi çətinləşdirir.
Digər mühüm məqam isə odur ki, yüksək qiymət hər zaman yüksək keyfiyyət demək deyil. Tədris proqramının məzmunu, müəllimin peşəkarlığı, praktiki məşğələlərin səviyyəsi, məzunların nəticələri və əldə olunan sertifikatın əmək bazarında tanınması kurs seçərkən qiymətdən daha vacib meyarlardır. 
Mövzu ilə bağlı "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:
"Bəzi peşə ixtisasları var ki, onlarda təhsil haqları kifayət qədər yüksək olur və bu qiymətlər zaman-zaman artmaqda davam edir. Bunun əsas səbəblərindən biri, təbii ki, təhsilin keyfiyyəti ilə bağlıdır. Orada keçirilən proqramların mürəkkəbliyi, tədris prosesinə cəlb olunan mütəxəssislərin peşəkarlığı, eyni zamanda mövzuların aktuallığı və əmək bazarının tələblərinə uyğunluğu qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Həmin sahələrə tələbat yüksək olduqca, qiymət artımı da qaçılmaz olur.
Digər əsas səbəblərdən biri isə bazarda rəqabətli tədris müəssisələrinin sayının az olmasıdır. Bu da həmin müəssisələrin qiymətləri daha rahat şəkildə artırmasına şərait yaradır. Əgər eyni keyfiyyətdə xidmət göstərən rəqiblərin sayı çox olsa, onlar müştəri cəlb etmək üçün qiymətləri aşağı salmağa, müxtəlif endirimlər və kampaniyalar tətbiq etməyə məcbur olardılar. Rəqabət həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də qiymətlərin daha balanslı formalaşmasına səbəb olur. Amma bazarda peşə yönümlü ixtisaslar üzrə keyfiyyətli kadr hazırlayan müəssisələrin sayının məhdud olması bu sahədə qiymətlərin yüksək qalmasına gətirib çıxarır. Xüsusilə informasiya texnologiyaları, dizayn, rəqəmsal marketinq, proqramlaşdırma, xarici dillər və digər peşə istiqamətləri üzrə ixtisaslaşmış kurslarda bu tendensiya daha çox müşahidə edilir. Bu səbəbdən həmin ixtisasların illik təhsil haqları kifayət qədər yüksək olur, hətta aylıq ödənişlər də bir çox ailələr üçün ciddi maliyyə yükünə çevrilir. Bəzən bu ödənişlər ali təhsil müəssisələrinin illik təhsil haqlarını belə üstələyir". 
Nəticə etibarilə, hazırlıq və peşə kurslarının sayının artması, insanların əlavə təhsilə maraq göstərməsi və ömürboyu öyrənmə prinsipinin geniş yayılması müasir cəmiyyət üçün müsbət tendensiyadır. Lakin bu sahədə müşahidə olunan qiymət artımları təhsilin hər kəs üçün əlçatanlığı məsələsini də gündəmə gətirir. Çünki bilik və peşəkar bacarıq yalnız maddi imkanı yüksək olan insanların deyil, cəmiyyətin bütün üzvlərinin əldə edə bilməli olduğu əsas resurslardan biridir. Kurs seçərkən əsas meyar yüksək qiymət deyil, təqdim olunan tədrisin keyfiyyəti, müəllim heyətinin peşəkarlığı, proqramın əmək bazarının tələblərinə uyğunluğu və əldə olunan nəticələr olmalıdır. Digər tərəfdən, təhsil bazarında sağlam rəqabətin gücləndirilməsi, keyfiyyət standartlarının daha ciddi nəzarətdə saxlanılması və şəffaf qiymət siyasətinin formalaşdırılması həm xidmət səviyyəsinin yüksəlməsinə, həm də qiymətlərin daha balanslı olmasına töhfə verə bilər.
Unutmaq olmaz ki, təhsilə çəkilən xərc əslində gələcəyə qoyulan sərmayədir. Ancaq bu sərmayənin səmərəli olması üçün həm təhsil müəssisələri, həm də kurs seçən vətəndaşlar məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər. Yalnız bu halda əlavə təhsil bazarı həqiqətən də bilik və bacarıqların inkişafına xidmət edən, hər kəs üçün əlçatan və etibarlı bir sahəyə çevrilə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31