Müharibə və logistika: Azərbaycana iqtisadi təsir nə dərəcədədir? – ÖZƏL

"Bəndər-Abbas limanının ABŞ-nin zərbələri nəticəsində zərər görməsi doğrudur. Lakin bu, logistikanın tamamilə dayanması demək deyil. Təbii ki, logistika əvvəlki kimi fəaliyyətini davam etdirəcək. Sadəcə müəyyən yükdaşımalarında ləngimələr və müvəqqəti fasilələr yarana bilər. Bu da müharibə şəraitində normal haldır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, artıq müharibə beş-altı aydır ki, davam edir və ABŞ ilə İran hələ də razılığa gələ bilmirlər. Yaxın Şərqdə baş verən proseslər göstərir ki, gərginlik təkcə bu iki ölkə ilə məhdudlaşmır. İranın ABŞ-nin bazalarına və Körfəz ölkələrində yerləşən bəzi hədəflərə zərbələr endirməsi münaqişənin coğrafiyasını genişləndirir. Münaqişənin əhatə dairəsi artdıqca həm siyasi, həm də iqtisadi gərginlik də artır. Bunun nəticəsində dünya bazarlarında qiymət artımları, birjalarda dalğalanmalar müşahidə olunur və bu da qlobal iqtisadiyyatda müəyyən təlatümlər yaradır.

"Azərbaycana gəlincə, təbii ki, bu proseslərin ölkəmizə də mənfi təsiri var. Çünki logistik marşrutlarda və yükdaşımalarında müəyyən ləngimələr yarana bilər. Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində mümkün ləngimələr olsa da, Azərbaycanın alternativ nəqliyyat marşrutları mövcuddur və ölkə bu marşrutlardan da istifadə edir. Buna görə də logistikanın tamamilə dayanaraq Azərbaycana ciddi iqtisadi zərbə vuracağını söyləmək doğru olmaz. Digər tərəfdən, bəzi malların təyinat məntəqəsinə vaxtında çatdırılmasında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, regionda baş verən bütün hadisələr dünyanın bir parçası olan Azərbaycana da təsirsiz ötüşmür. Bu təsirlər ölkənin neft sektorunda, yükdaşımalarında, gəmiçilikdə və nəqliyyat sahəsində də hiss olunur. Dünyanın digər ölkələri kimi Azərbaycan da bu proseslərdən tam kənarda qala bilməz. Bununla belə, mövcud şəraitdə Azərbaycana dəyə biləcək iqtisadi təsirin bəzi digər ölkələrlə müqayisədə daha məhdud olacağı ehtimalı daha yüksəkdir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31