Azərbaycanın enerji siyasəti manipulyasiya edilir: Məqsəd geosiyasi rəqabəti dərinləşdirməkdir- ÖZƏL

Prezident İlham Əliyevin Almaniya kansleri ilə keçirdiyi mətbuat konfransında Rusiya neft və qazı ilə bağlı səsləndirdiyi fikirlər bəzi xarici media orqanlarında kontekstdən çıxarılıb. Xüsusilə Rusiya və Ermənistan mediası Azərbaycanın guya Rusiyanı enerji bazarında əvəzləmək istədiyini iddia edir.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir  Səftərov Olaylar.az-a açıqlama verib:
" Hazırda informasiya məkanında geosiyasi rəqabət daha da güclənir və bu tendensiya getdikcə artır. Xüsusilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən, anti-Azərbaycan ideologiyasını təbliğ edən dairələr belə məsələlərdən daha çox istifadə etməyə çalışırlar.
Lakin Avropa ölkələri, ümumiyyətlə, Azərbaycanla ikitərəfli əməkdaşlıq, ticarət, tranzit və nəqliyyat sahələrində əməkdaşlıq edən bütün tərəfdaş dövlətlər ölkəmizin etibarlı enerji tərəfdaşı olduğunu çox yaxşı anlayır və bunu dəfələrlə təsdiqləyirlər.
Məsələn, Azərbaycan həm etibarlı enerji tərəfdaşıdır, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ölkəmizin məqsədi hansısa bazarı əvəzləmək və ya hər hansı dövlətə qarşı rəqabət strategiyası həyata keçirmək deyil.
Artıq enerji məsələləri də siyasi və informasiya mübarizəsinin mühüm elementlərindən birinə çevrilib. Cənubi Qafqaz, eləcə də Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlər müxtəlif geosiyasi prizmalardan şərh olunur.
Ümumiyyətlə, Azərbaycan istər Cənubi Qafqaz ölkələri, istər yaxın qonşuları, istərsə də Avropa və digər region dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmətə, milli maraqlara və praqmatik əməkdaşlığa əsaslanan xarici siyasət xətti üzərində qurur.
Bu baxımdan, ayrı-ayrı informasiya manipulyasiyalarının dövlətlər arasında rəsmi münasibətləri müəyyənləşdirən əsas amilə çevriləcəyi gözlənilmir. Lakin belə yanaşmaların regionda ictimai rəyə təsir göstərmək, əlavə siyasi müzakirələr formalaşdırmaq və geosiyasi rəqabəti informasiya müstəvisinə daşımaq məqsədi daşıdığı da istisna edilmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31