Pakistan nümayəndə heyəti Mediasiya Şurasının fəaliyyəti ilə tanış olub- ÖZƏL

24 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Pakistan İslam Respublikasının Ədliyyə və Hüquq Nazirliyi arasında əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Ədliyyə və Hüquq Nazirliyinin Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin Registrarı Ehsan Ullah Khan və həmin mərkəz üzrə layihə rəhbəri Aisha Rasool Mediasiya Şurasının ofisində Şuranın fəaliyyəti ilə tanış olublar. Olaylar xəbər verir ki, Pakistan nümayəndə heyəti ilə görüşdə Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov, İntizam Komissiyasının üzvü Feyzulla Mehdiyev və Şuranın Mediator və mediasiya təşkilatları ilə iş departamentinin müdiri Kamil Lətifov iştirak ediblər.

Qonaqlara Azərbaycanda mediasiya institutunun inkişafı, Mediasiya Şurasının fəaliyyəti, mediasiya sahəsində mövcud qanunvericilik, tətbiq olunan təcrübə və cari statistik göstəricilər barədə ətraflı məlumat verilib. Görüş zamanı Azərbaycan və Pakistanın mediasiya təcrübələri, bu sahədə mövcud yanaşmalar və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Pakistan nümayəndə heyəti Azərbaycanda mediasiya sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, iki ölkə arasında mediasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsini müzakirə ediblər.

Görüşün sonunda Pakistan nümayəndə heyəti tərəfindən Mediasiya Şurasına təqdim olunan rəmzi hədiyyə Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov tərəfindən qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31