Orta Asiya və Avropa arasında körpü- nəqliyyat infrastrukturu və Azərbaycan-Almaniya tranzit əməkdaşlığı- ÖZƏL

Azərbaycan Respublikası müasir nəqliyyat-logistika infrastrukturu və əlverişli coğrafi mövqeyi ilə Avrasiya məkanında strateji birləşdirici bənd rolunu oynamaqdadır. Beynəlxalq nəqliyyat dəhlizlərinin diversifikasiyası və tranzit imkanlarının genişləndirilməsi ölkəmizin xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar tranzit və bağlantılar sahəsində ikitərəfli tərəfdaşlığın inkişafına güclü təkan vermişdir.
Azərbaycan öz nəqliyyat infrastrukturunu ardıcıl şəkildə təkmilləşdirir və müasir standartlara cavab verən logistik imkanlar formalaşdırır. Ölkəmizin keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması regional inteqrasiyaya və geostrateji imkanların artmasına zəmin yaratmışdır. Bu üzvlük sayəsində Azərbaycan bir növ Orta Asiya regionu ilə Avropa kontinental məkanı arasında həlledici körpü rolunu oynayır və bu rolun geoiqtisadi əhəmiyyəti getdikcə artmaqdadır. Şərq-Qərb tranzit marşrutlarının səmərəli fəaliyyəti region dövlətləri arasında ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.
Bağlantıların və tranzit imkanlarının inkişafı baxımından Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Almaniya şirkətlərinin nəqliyyat və tranzit istiqamətində böyük uğurlar əldə etməsi bu sahədə birgə təşəbbüslərin reallaşdırılması üçün geniş imkanlar açır. Rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanmışdır. Bir çox istiqamətlər üzrə nəzərdə tutulmuş konkret fəaliyyət planının və sənədlərin icrasını təmin etmək məqsədilə xüsusi işçi qrupların yaradılması qərara alınmışdır.
Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması tranzit imkanlarının tam gücü ilə reallaşdırılmasına zəmin yaradır. Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması 30 illik münaqişəyə son qoymuşdur. Bu tarixi razılaşmadan dərhal sonra Azərbaycan praktiki addımlar ataraq Ermənistanın enerji təhlükəsizliyinə benzin və dizel yanacağı təchizatı ilə töhfə vermiş, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi geniş vüsət almışdır. Bu günə qədər 40 min tondan çox tranzit yük Azərbaycan ərazisindən uğurla keçmişdir.
Yekun olaraq qeyd etmək olar ki, Azərbaycanın təkmilləşdirilmiş nəqliyyat infrastrukturu, Orta Asiya ilə Avropa arasında oynadığı strateji körpü rolu və Almaniya ilə qurulmuş tərəfdaşlıq Avrasiya məkanında tranzit imkanlarının yeni mərhələyə yüksəlməsini təmin edir. Imzalanmış sənədlərin icrası üçün yaradılacaq işçi qrupları və yeni Biznes Şurası regionun iqtisadi tərəqqisinə, tranzit potensialının artırılmasına və dinc gələcəyin bərqərar olmasına mühüm töhfə verəcəkdir.
Niftiyev Nizami
Suraxanı rayonu 196 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31