Professoru üç nəfər dinləyir, savadsız “TikToker”i isə milyonlar- ÖZƏL
10:43 SosialBu, sadəcə təsadüfdürmü?
"Müasir informasiya dövrünün ən paradoksal mənzərələrindən biri budur: illərlə elmə, araşdırmaya və düşüncəyə həyatını həsr edən professor danışanda onu cəmi bir neçə nəfər dinləyir. Amma heç bir elmi hazırlığı olmayan, bəzən elementar savadı belə şübhə doğuran bir "TikTok ulduzu" milyonlarla insanın diqqətini cəlb edir. Bu, yalnız texnologiyanın yaratdığı yeni reallıq deyil; bu, həm də cəmiyyətin informasiya seçimi və intellektual prioritetləri ilə bağlı ciddi bir siqnaldır". Bunu "Olaylar"a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Birincisi, məzmunun keyfiyyəti ilə onun populyarlığı artıq eyni şey deyil. Sosial media alqoritmləri dərinliyi və məzmunu deyil, diqqəti və reaksiyanı mükafatlandırır. Professorun mürəkkəb analizi, statistikası və arqumentləri insanı düşünməyə vadar edir. Amma sosial şəbəkə isə düşünməkdən çox, reaksiyanı - təəccübü, gülüşü və ya emosiyanı təşviq edir. Nəticədə dərin fikir yox, sürətli və səthi informasiya daha geniş yayılır.
İkincisi, biliklə şou arasında rəqabət yaranıb. Elm səbir tələb edir, məntiq, düşüncə tələb edir. Sosial media isə sürət, əyləncə və emosional təsir üzərində qurulub. Bu səbəbdən də professorun 30 illik elmi təcrübəsi ilə TikTok fenomeninin 30 saniyəlik videosu eyni informasiya bazarında rəqabət aparır. Lakin bu bazarın qaydaları artıq elmə yox, diqqət iqtisadiyyatına tabedir.
Üçüncüsü, bu fenomen cəmiyyətin intellektual təhlükəsizliyi məsələsinə çevrilir. Əgər qərarlar, fikirlər və ictimai rəy əsasən səthi və yoxlanılmamış məlumatlar üzərində formalaşırsa, bu, uzunmüddətli perspektivdə düşüncə mədəniyyətinin zəifləməsinə gətirib çıxara bilər. Cəmiyyət alimləri deyil, təsadüfi fenomenləri dinləməyə başlayanda bilik yox, təsir üstünlük qazanır.
Lakin burada yalnız sosial medianı günahlandırmaq da doğru deyil. Akademik mühit də öz kommunikasiya dilini dəyişməlidir. Alimlər bəzən öz fikirlərini yalnız akademik auditoriya üçün yazır və danışırlar. Halbuki müasir dövrdə bilik yalnız məqalələrdə və konfranslarda deyil, həm də ictimai platformalarda təqdim olunmalıdır.
Əsl problem professorun az dinlənilməsi deyil. Əsl problem cəmiyyətin kimin danışdığına deyil, necə danışdığına görə seçim etməsidir. Bu paradoks bizi ciddi bir sual qarşısında qoyur: Biz informasiya dövründə yaşayırıq, yoxsa diqqət dövründə? Çünki cəmiyyətin gələcəyini formalaşdıran şey yalnız texnologiya deyil - kimin sözünün daha çox eşidildiyidir".