Ali təhsildə institusional akkreditasiya elmi potensialın göstəricisidir- ÖZƏL
10:34 Sosial"Naxçıvan Dövlət Universitetinin növbəti beş il müddətinə institusional akkreditasiyadan uğurla keçməsi münasibətilə çoxsaylı təbriklər səsləndirilir. Bu, universitet kollektivi üçün mühüm hadisədir və yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, ali təhsil sisteminin keyfiyyət təminatı prizmasından məsələyə baxdıqda, bu nəticəni gözlənilməz uğur deyil, uzunmüddətli institusional inkişafın məntiqi yekunu kimi dəyərləndirmək daha doğru olardı". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib:
"Ali təhsildə institusional akkreditasiya birdəfəlik nailiyyət deyil, universitetin idarəetmə sistemi, akademik fəaliyyəti, elmi potensialı, keyfiyyət təminatı mexanizmləri və strateji inkişafının müəyyən edilmiş standartlara uyğunluğunun qiymətləndirilməsidir. Bu baxımdan güclü universitetin akkreditasiyadan uğurla keçməsi təəccüb doğurmamalıdır. Necə ki, futbol dünyasında Argentina, İspaniya, İngiltərə, Fransa və ya Braziliya kimi milli komandaların Dünya Çempionatının final mərhələsində yer alması yüksək hazırlığın təbii nəticəsi hesab olunur, Naxçıvan Dövlət Universitetinin də institusional akkreditasiyanı uğurla başa vurması onun formalaşdırdığı akademik ənənələrin və institusional potensialın məntiqi ifadəsidir.
Xüsusilə qeyd edilməlidir ki, universitet uzun illər mürəkkəb geosiyasi və kommunikasiya məhdudiyyətləri şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, öz inkişaf dinamikasını qoruyub saxlamışdır. Bu fakt universitetin institusional dayanıqlılığının və strateji idarəetmə qabiliyyətinin göstəricisidir.
Müasir universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri beynəlmiləlləşmə səviyyəsidir. Xarici tələbələrin cəlb edilməsi, beynəlxalq akademik əməkdaşlıqların genişləndirilməsi və multikultural təhsil mühitinin formalaşdırılması ali təhsildə keyfiyyət göstəriciləri hesab edilir. Naxçıvan Dövlət Universitetinin xarici tələbələrin sayına görə ölkənin aparıcı universitetləri sırasında yer alması təsadüfi deyil, məqsədyönlü strategiyanın nəticəsidir.
Digər mühüm məqam universitetin klassik ali məktəb modelini qoruyub inkişaf etdirməsidir. Universitet yalnız təhsil və elmi tədqiqat mərkəzi kimi deyil, həm də mədəniyyət və incəsənət ocağı kimi fəaliyyət göstərir. Simfonik orkestrin fəaliyyəti, rəssamlıq istiqamətinin inkişafı, yaradıcı mühitin təşviqi göstərir ki, burada universitet anlayışı geniş mənada - elm, təhsil, mədəniyyət və cəmiyyətin inteqrasiyası prinsipi üzərində qurulub. Bu yanaşma dünyanın aparıcı universitetlərinin inkişaf fəlsəfəsi ilə üst-üstə düşür.
Son illərdə universitetdə keyfiyyət təminatı, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq və idarəetmə sahəsində həyata keçirilən islahatlar onun institusional inkişafını daha da gücləndirmişdir. Bu prosesdə rektor Elbrus İsayevin rəhbərliyi ilə həyata keçirilən strateji idarəetmə yanaşması universitetin inkişaf trayektoriyasının davamlılığını təmin edən mühüm amillərdən biri kimi qiymətləndirilə bilər.
Əslində, institusional akkreditasiya universitetin inkişaf tarixində son nöqtə deyil. Əksinə, bu qərar universitetin keyfiyyət standartlarını qorumaq və daha yüksək beynəlxalq hədəflərə istiqamətlənmək üçün yeni məsuliyyət mərhələsinin başlanğıcıdır. Dünya təcrübəsi göstərir ki, uğurlu universitetlər akkreditasiyanı məqsəd kimi deyil, davamlı inkişafın və institusional təkmilləşmənin aləti kimi qəbul edirlər.
Məhz bu baxımdan hesab edirəm ki, Naxçıvan Dövlət Universitetinin növbəti beş il müddətinə institusional akkreditasiyadan keçməsi uğurdan daha çox qanunauyğunluqdur. Bu universitet öz akademik potensialı, elmi ənənələri, beynəlxalqlaşma göstəriciləri və institusional inkişaf modeli ilə Azərbaycanın ali təhsil sistemində xüsusi yer tutur. İnanıram ki, qarşıdakı illərdə universitetin əldə edəcəyi elmi, təhsil və beynəlxalq uğurlar bugünkü akkreditasiya qərarından daha böyük əhəmiyyət daşıyacaq".