İntihar edib “ayıba batanlar"

Uzun müddətdir hiss edir ki, hər şeyin ahəngi pozulub. Səliqəli otağında hər şey ona dağınıq görünür. Əlində alışqan var, siqarət çəkmir amma tüstünü hər tərəfdə hiss edir. İşləyən saat da onun üçün geri qalıb. Harmoniyası pozulan əqrəblərin   zaman zəhəri sancır onu. İşıq tərk edib, sadiq qalan yalnız kölgəsidir. Eynəyinin arxasından gözünün yaşı quruyub, soyuq və küsgün baxır... Köhnə qramafonda heç vaxt dinləmədiyi batmış gəminin violençeli ifa edir. Peşəsinə nifrət edir... Fırçaları da tozlanıb, son mürəkkəbi ilə intihar mı etsin? Yoxsa?!

Uzun müddətdir hiss edir ki, hər şeyin ahəngi pozulub. Səliqəli otağında hər şey ona dağınıq görünür. Əlində alışqan var, siqarət çəkmir amma tüstünü hər tərəfdə hiss edir. İşləyən saat da onun üçün geri qalıb. Harmoniyası pozulan əqrəblərin   zaman zəhəri sancır onu. İşıq tərk edib, sadiq qalan yalnız kölgəsidir. Eynəyinin arxasından gözünün yaşı quruyub, soyuq və küsgün baxır... Köhnə qramafonda heç vaxt dinləmədiyi batmış gəminin violençeli ifa edir. Peşəsinə nifrət edir... Fırçaları da tozlanıb, son mürəkkəbi ilə intihar mı etsin?

Yoxsa?!

20 il əvvəl baxdığı Frank Darabontun 1994-cü ildə səhnələşdirdiyi "Şouşenkdən qaçış" filmini xatırlayır. Özü-özünə danışır... Filmin maraqlı obrazlarından biri olan yaşlı məhkum Bruks həyatının 50 ilini həbsxanada keçirir. Azadlığa çıxdıqdan sonra isə əsl həbsxananın 50 ildir unutduğu həyat olduğunu görür. Bruks özünü azad həyata o qədər yad hiss edir ki, hətta yenidən qanunları pozub həbsxanaya düşməyi belə düşünür. Lakin, Şouşenkinin ağır illərindən , çirkablı divarlarından qorxmayan adam, azad həyatdan qorxaraq onun üçün ayrılan otaqda ipi boynuna keçirir və intihar edir. Nəticə etibarilə həyatdan ümidini itirən bir insan ona son qoyur...

Maraqlıdır adətən filmlərdə intihar edən insanlar ümidsizlikdən ölür. Azərbaycanda mütəxəssislərin fikrincə intihara səbəb daha çox məişət problemləridir. Səbəb məişət, hadisə isə adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır.

Rəssam düşünür: "Bu cəmiyyət üçün intihar islah olunmaz günahdan daha çox islah olunmaz ayıbdır."

Bu ayıba batmağa dəyərmi? İstər uşaq, yeniyetmə, gənc, yaşlı olsun, bu günə qədər intihar edən birinin arxasından yaxşı sözlər deyildiyi eşidilməyib.

Bəlkə bu səbəbdəndir ki, bəzi hallarda intihar edən şəxsin ölümündən sonra məktub, video görüntü yaxud da səs yazısı üzə çıxır. Özünə qəsd edən şəxs, başqa çarəsinin qalmadığını yaxud günahkar olmadığını bildirir. Öz intihar ssenarisini cəmiyyətin vicdanına buraxmır, həqiqəti özü yazır.

Belə bir cəmiyyətdə intihar edib "ayıba batmağa" dəyməz. Rəssamın adını az-maz xatırladığı assosiasiyaya görə, XXI əsr "depressiya və intihar əsri"dir. O indi özü də  bu bəlanın uçurumundadır.

İntihar kimin intiqamı, kimin cəzasıdır, özünə qəsd edənin, yoxsa cəmiyyətin? Sosial problemlərlə baş edə bilməyənlər, ümidsizlikdən çıxış yolu tapmağı bacarmayanlar ,ailə ixtilaflarına, davamlı şiddətə məruz qalanlar, zəif və köməyə möhtaclığı qəbul edə bilməyənlərin, yaxın doğma insanını itirənlərin, cəmiyyətin qınağından qorxanların özünə qəsdini dəfələrlə bilib, eşidib, oxumuşuq. Lakin hiss etməmişik. Özünə qəsdin eşiyində olan bir adamın intihar siqnallarını qəbul etməkdən qaçmışıq, qaçırıq. İntihar edəcək adamın ötürdüyü dalğalar köməyə çağırışdır. Qəsdçi kömək gözləyir... Özünə uzadılan kiçik bir əl. O əli tutanın ikinci dəfə intihara cəhd etdiyi görülməyib. Binanın ən yükək mərtəbəsində dayanan adamı ikinci dəfə orada görə bilmərsiz. Çünki ya ölmüşdür, ya da birdaha ölmək istəmir.

İntiharı yalnız bir fərdin şəxsi problemi kimi qəbul etmək nə qədər doğrudur? Suisidə cəhd edənin boynundakı ipdə əksər hallarda cəmiyyətin də əl izləri var. Cəmiyyətdə yaşanan mənəvi boşluq, diqqətsizlik, yadlıq ipin üzərindəki barmaq izləridir...

Bu izlər ümidsizlik psixologiyasının qəhrəmanlarıdır. İnsan ümid etdikdə ən təhlükəli sınaq və əziyyətlərə qatlaşır.

Rəssam 20 il əvvəlki filmə qayıdır: "Ümid yaxşı şeydir, bəlkə də ən yaxşısıdır və yaxşı şeylər heç vaxt ölmür..."

Və insanın ümidi bəzən sadəcə özünədir. Rəssam sabahın aydınlığını duyur. Nə üçün istifadə etdiyini bilmədiyi alışqanı bir kənara atır, pəncərini açıb, tüstünü də qovur. Eynəyini çıxarır,  saatın əqrəbləri 05:30-u vurur. Qramafonu dayandırır, sabahın ümid dolu səsi onun üçün kifəyətdir... Fırçasını əlinə alır, ahəngi hiss edir, artıq otaq daha da səliqəlidir və yeni mürəkkəb qutusunu açır, rəngli boyalarla ÜMİDİ ÇƏKİR...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31