Azərbaycan dövləti regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi islahat müsbət nəticəsini verməkdədir. Demək olar ki, respublikanın əksər rayonlarında iqtisadi inkişafa nail olunub. Xüsusən, regionlarda kənd təsərrüfatı sahəsinin dinamik inkişafı təmin edilib. Sadalanan faktlar ölkədə qeyri-neft sektorunun sürətli inkişafına təkan verib.
10 Aprel 2018 15:16 SosialAzərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi islahat müsbət nəticəsini verməkdədir. Demək olar ki, respublikanın əksər rayonlarında iqtisadi inkişafa nail olunub. Xüsusən, regionlarda kənd təsərrüfatı sahəsinin dinamik inkişafı təmin edilib. Sadalanan faktlar ölkədə qeyri-neft sektorunun sürətli inkişafına təkan verib. Etiraf edilməlidir ki, qeyri-neft sektorunun inkişafında naliyyətlərin əldə olunmasında Regionlrın sosial iqtisadi inkişafı Dövlət proqramlarının icra olunması əhəmiyyətli rol oynayıb. Yeri gəlmişkən xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər nəticəsində kənd təsərrüfatı sahəsində nəzərəçarpacaq dərəcədə uğurlar əldə edilib. Birmənalı şəkildə qeyd etmək olar ki, sözügedən dövlət proqramlarının icrası regionların inkişafında xüsusi çəkiyə malikdir. Sözügedən dövlət proqramı çərçivəsində 2016-cı illə müqayisədə 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 4,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 5,8 faiz artıb, cari qiymətlərlə 6,57 milyard manatlıq məhsul istehsal olunub. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımlarının da həcmi əhəmiyyətli dərəcədə artırılıb. Regionların sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayan hökumət kənd təsərrüfatı sektorunun ayrı-ayrı sahələrinə vəsait ayrımağı da unutmayıb. Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na əsasən 2017-ci ildə 31 rayonun 587 kənd ərazi komissiyası üzrə 2421 barama istehsalçısına istehsal etdiyi 239,8 ton yaş baramaya görə hər kiloqramına görə beş manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümümilikdə 1199,0 min manat məbləğində subsidiya verilib. 2017-ci ildə ölkə üzrə 456 kənd ərazi komissiyası üzrə 4229 pambıq istehsalçısına 2016-cı ildə istehsal etdiyi 88719,6 ton pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 8872,0 min manat məbləğində subsidiya verilmişdir. 2017-ci ildə ölkə üzrə 66 kənd ərazi komissiyası üzrə 195 tütün istehsalçısına 2016-cı ildə istehsal etdiyi 912,8 ton quru və 9980,6 ton yaş tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 95,5 min manat məbləğində subsidiya verilib. Toxumçuluq və tingçilik təsərrüfatları tərəfindən 2017-ci ildə istehsal edib satdıqları toxum və tinglərin miqdarına görə onlara 5938,6 min manat məbləğində subsidiya ödənilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərini və maddi marağını artırmaq məqsədi ilə 2017-ci ildə ölkədə 57 rayonun (şəhərin) 1341 kənd ərazi komissiyası üzrə 372,0 min istehsalçıya 1025,9 min hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə cəmi 68421,9 min manat məbləğində yardım verilib. O cümlədən yanacaq və motor yağlarına görə 51296 min manat, buğda və çəltik əkininə görə 17126 min manat yardım ayrılıb. 2017-ci ildə ölkədə 26 rayonun (şəhərin) 253 kənd ərazi komissiyası üzrə 6,6 min istehsalçıya 18,3 min hektar təkrar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə cəmi 917 min manat məbləğində yardım edilib. Hesabat dövründə ölkə üzrə 63 min istehsalçıya 687,3 min hektara görə 70 faiz güzəştlə satılmış 116828 ton mineral gübrələr üçün 60075,3 min manat, 4,8 min istehsalçıya 183,3 min hektara görə 70 faiz güzəştlə satılmış 169,8 ton pestisidlər üçün 1645,2 min manat məbləğində vəsait hüquqi və fiziki şəxslərə ödənilməsi təmin edilib. İpəkçiliyin inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış fonddan bir milyon ədəd tut (çəkil) tinglərinin alınması və məhsul istehsalçılarına əvəzsiz verilməsi üçün yeddi yüz yetmiş beş min manat vəsait ayrılıb. Sərəncamın icrasını təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir milyon ədəd tut (çəkil) tinglərinin alınması ilə bağlı Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə ilə müqavilə bağlanılıb. Tut tingləri ölkəyə gətirilərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış bölgüyə uyğun olaraq baramaçılıq rayonlarına paylanılması üçün Tovuz, Şəki, Bərdə, Ucar, Sabirabad və Lənkəran rayonlarına göndərilib. Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19 may 2017-ci il Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə dörd milyon beş yüz min manat ayrılıb. Verilmiş tapşırıqlara uyğun olaraq, fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuş və bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilmiş, yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruru tədbirlərin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu rayonlarda xüsusi işçi qrup yaradılıb. Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanmış, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib. Aqrar sektorun mühüm strateji sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə mühüm əhəmiyyətə malikdir.
Son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq edilən güzəşt və yardımlar pambıqçılığa investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artıb. Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082№-li Sərəncamı ilə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Yeri gəlmişkən xatırladaq ki, hesabat ildə ölkə üzrə 22 rayonda 136 min hektardan artıq pambıq əkilib. Əkinlər əsasən "MKT İK" MMC ,"CTS Aqro" MMC, Şamo" MMC "Goran Pambıq" ASC və "Kənd Təsərrüfatı" MMC-lər ilə birgə əməkdaşlıq barədə müqavilə bağlamış istehsalçılar tərəfindən aparılıb. İstehsalçıların yerli şəraitə uyğun, tezyetişən və ortayetişən məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarına olan tələbatlarının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyə Respublikasının toxumçuluq üzrə qabaqcıl "ProGen" şirkətindən 420 ton, Almaniyanın "Bayer" şirkətindən isə 162 ton lifsiz pambıq toxumu alınıb. Ölkədə pambıqçılıq üzrə fəaliyyət göstərən yeni yaradılmış "Kənd Təsərrüfatı" MMC tərəfindən tədarük olunacaq xam pambığın qəbulu və ilkin emalının təşkili üçün Kürdəmir, Füzuli, Neftçala, İmişli, Ağcabədi, Ağsu, Biləsuvar, Yevlax, Salyan və Sabirabad rayonlarında qəbul məntəqələri yaradılıb, Saatlı rayonunun Əhmədbəyli kəndundə fəaliyyəti dayandırılmış pambıq emalı zavodunda təmir bərpa işləri görülüb, avadanlıqlarla təmin olunaraq yenidən pambıq qəbuluna və emalına başlanıb. Həmçinin Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisinə və avadanlıqlarla təchizatına başlanılıb. 2017-ci ildə qeyri-əkin təyinatlı torpaqlarda əkilmiş pambıq sahələrinin gübrə və pestisidlərlə təminatında yaranmış çətinliyin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən Azərbaycan Respublikasının Baş nazirinin razılığı ilə müstəsna hal kimi qeyri-əkin təyinatlı torpaq sahələrində pambıq əkmiş istehsalçılara "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin və pestisidlərin güzəştlə satılması həyata keçirilib. 2010-2017-ci iliər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 229,7 min hektar qış otlağı, dövlət və bələdiyyə fonduna aid örüş, biçənək torpaqlarının təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunub. 2017-ci ildə isə ümumilikdə 100,6 min hektar torpaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərancamları ilə dəyişdirilərək iri təsərrüfatların yaradılması üçün əkin dövriyyəsinə cəlb edilib. Bütün sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan dövləti regionların sosial-iqtisadi inkişafında maraqlıdır və bu məsələni daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir