Hisslərimizi idarə edənlər
Uzaq keçmişdə insanlar sevgililərindən ayrılanda, həyat yoldaşlarının xəyanətlərini görəndə, rəhbərlərinin haqsızlıqlarına uğrayanda ilk olaraq ən yaxın dostlarını, rəfiqələrini axtarırdılar. Onlarla dərdləşir, onlarla ağlayırdılar. Əvvəlcədən də qeyd etdiyim kimi bu uzaq keçmişdə idi. İndi...
16 Mart 2018 15:37 SosialNigar Adil
Uzaq keçmişdə insanlar sevgililərindən ayrılanda, həyat yoldaşlarının xəyanətlərini görəndə, rəhbərlərinin haqsızlıqlarına uğrayanda ilk olaraq ən yaxın dostlarını, rəfiqələrini axtarırdılar. Onlarla dərdləşir, onlarla ağlayırdılar. Əvvəlcədən də qeyd etdiyim kimi bu uzaq keçmişdə idi. İndi...
İndi isə artıq bu funksiyanı sosial şəbəkə səhifələri öz çiyinlərinə götürüblər. Hər kəsin "dərdinə şərik" olmaq, onlarla birgə "ağlamaq" asan iş deyil. Bunun nə qədər "məsuliyyətli" olduğunu elə səhifə istifadəçiləri hamıdan və hər kəsdən gözəl anlayır. Və elə ona görə də izləyənlərini daim aktiv saxlamaq üçün dəridən-qabıqdan çıxırlar.
İndi keçək ətraflı izaha. Belə ki, sosial şəbəkələrdə çox vaxt depressiyada olan insanlar üçün xüsusi və özəl olaraq fəaliyyət göstərən səhifələr mövcuddur. Artıq biz sevgilimizdən ayrılanda, rəhbərimizin haqsızlığına uğradıqda, həyat yoldaşımızın xəyanətini gördükdə daha dostlarımızı deyil, bu səhifələri "köməyə" çağırırıq. Onların paylaşımları ilə birgə göz yaşlarımızı silirik. Bəzən bu qarşı tərəfə bir az təsəlli, bəzən də mövcud olan əhvalı daha da bərbadlaşdırır.
Demək olar ki, bütün sosial şəbəkələrdə bir neçə belə qruplar, səhifələr mövcuddur. Ən çox izlənən səhifələr də məhz onlardı. Hər kəs izləyir, bəyənir, onların təsəlli dolu cümlələrini paylaşır. Bəzən, olduğun durumu izah edib nəsə yaza bilmədikdə, qarşına sənin durumunu izah edən cümlələr çıxır və "eynən, mənim yazmaq istədiyim cümlələrdi" deyə düşünürsən.
Normal əhvalında bəyənmədiyin, gözünün ucu ilə baxmadığın səhifələri depressiya anında əli çıraqlı axtarırsan. Yaxın və uzaq keçmişdə yazılan, paylaşılan bütün cümlələrdə özünü görürsən...
İnsanların damarını tutmağı bacaran bu cür səhifələrin idarə edənlər üçün isə bəlkə də bizim həmin ankı durumumuz önəmli deyil. Onlar paylaşdıqları 2-3 məsləhət tipli cümlələrin arxasında gələn bəyəniləri və ardınca səhifəyə olunan reklam təkliflərinin marağındadılar. Bu da internetləşmiş bir dövrün daha bir "üstünlüyü"dü. Hisslər, duyğular üzərindən kimlərinsə qazancları təmin olunur.
Bu səhifələrin bir də daima bəhrələndikləri, bizlərin damarına işləyən klassikləri var. Məsələn, Mövlanə Cəlaləddin Rumi. Mövlanənin hər bir cümləsi, fikri bu səhifələrin əsas ana xəttini təşkil edir. Bir də sevgi şairlərinin nakam məhəbbət şeirlərindəki misralar. Çox zaman misraların üzərində bir balaca dəyişikliklər edən səhifə idarəediciləri, beləliklə, hisslərimizi idarə etməyə çalışırlar.
Amma etiraf edək ki, çox zaman yazılan, paylaşılan bu fikirlər bizim həmin an üçün mövcud durumumuza təsəlli suyu çiləyir. Bir az rahatladır. Məsələn, "Bəzən, Allah bizi o insandan qurtarır. Amma biz bunu ayrılıq sanırıq". Sevgilisindən ayrılmış bir gənc qızı təsəvvür edək. Bütün günü gözü yaşlı, əli yaylıq ah-nalə edir. Və birdən qarşısına bu cümlə çıxır. Anında özünə gəlir. Beynində üzüntüdən yatmış olan siqnallar dik atılır. Həmin bu cümləni bütün sosial şəbəkə hesabından paylaşır. Və bununla da qarşı tərəfə ismarıc göndərmiş olur.
Çox zaman qarşısındakı insanı mənəvi cəza vermək istəyənlər sosial şəbəkə hesablarından bu səhifələrin köməyi ilə Allahla bağlı mesajlar ötürürlər: "Allah versin cəzasını", "Allahı bilər, özü bilər", "Allah hər şeyi görür", "Allah hər kəsin ürəyincə versin" və.s
Əgər, etdiyin hər -hansı bir hərəkətin yanlış olduğunu anladınsa, o zaman bir sıfır həyatla mübarizədə öndəsən. Yox, hər dəfəsində özünü haqlı görüb, qarşı tərəfə Allahla hərbə -zorba gələcəksənsə, onda ömrü boyu o səhifələrin ümidinə qalıb, duyğusal cümlələr sorağında olacaqsan. Bütün bunların olma səbəbi isə təkbaşına qərar verə bilməməkdi. Bir çoxları ilk başdan yanlış addım atmamaq üçün kiminləsə məslətləşməni üstün bilir. Amma bir şeyi unudurlar ki, bəzən verilən məsləhətlər də məqsədli ola bilər. Məsləhət verən şəxsləri də bir növ həmin səhifələr kimi hisslərimizi, düşüncələrimizi idarərəetmə həvəslərindən çəkindirmək, bəlkə də ən gözəl addım olar.
İnsana özündən başqa heç kim dəstək olmayacaq. Özünüzdən başqa heç kim sizə kömək etməyəcək.
Əgər, bir insan qərarlarını özü verə bilirsə, o zaman səhvləri ona növbəti dəfə yanlış addım atmaqdan çəkindirəcək. Hər səhv gələcəkdə verilə biləcək hansısa doğru qərar ola bilər.