Özündənrazı narazılar
Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdü. SÖZ sənəti ilə məşğul olanlar Allahın əzabkeş bəndələridi. Şair, yazıçı və jurnalistlər bir ömür SÖZlə qolboyun olur, SÖZlə yatıb-durur, SÖZdən gələn hər işgəncəni “uf” demədən canlarına hopdururlar – suçəkən kimi. Ona görə də SÖZ sənətkarları dünyanın hər yerində hörmət-izzət sahibidirlər.
16 Mart 2018 13:31 SosialZüleyxa Nadir
Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdü. SÖZ sənəti ilə məşğul olanlar Allahın əzabkeş bəndələridi. Şair, yazıçı və jurnalistlər bir ömür SÖZlə qolboyun olur, SÖZlə yatıb-durur, SÖZdən gələn hər işgəncəni "uf" demədən canlarına hopdururlar - suçəkən kimi. Ona görə də SÖZ sənətkarları dünyanın hər yerində hörmət-izzət sahibidirlər.
Azərbaycanda isə tam tərsinədi, hər yerindən duran əlinə bir daş alıb SÖZ adamlarının ya bostanına atır, ya da birbaşa vurub gözünü çıxarır. O SÖZ adamlarının ki, bu millətin aydınlarıdı, yaradıcılıqları ilə ədəbiyyatın klassik mərtəbəsinə yüksəlmiş şair və yazıçılarıdı. Son bir neçə ildi ki, onların ünvanına yaramaz ifadələr işlətmək sanki dəb olub. Klassiklərin yaradıcılığını bəyənməməkdən çox çirkləndirmək kimi bir tendensiya meydana çıxıb. Yazıçı və şairlər millətin var olmasının, xalqın min illərlə yaşamasının təminatçısıdı. Bu təminat altında yaşayan bəzi varlıqlar keçmişə güllə atmaqla özlərini gözə soxmağa cəhd edirlər.
Hər kəs öz zəmanəsinə bənzəyir, bir çox hallarda yaşadığı dövrün xarakterinə uyğun davranır. Bu gün zaman dəyişib, 20-30 il əvvəlin dövrü deyil. Elmi-texniki tərəqqi inkişafın o mərhələsindədir ki, bəzən adama elə gəlir dünyanın sonu yaxınlaşır. Əslində isə bu tərəqqi zahiri görüntü ilə yanaşı, həm də insanların beynindəki düşüncələri, fikirləri dəyişir. Hər gələn nəsil elə bilir ki, ondan ağıllısı yoxdu, keçmişdəkilər bəsit düşünüb, sadə yazıblar.
Onların düşüncəsinə görə Mirzə Ələkbər Sabir savadsız olub, xalqını sevməyib, şeirləri ilə milləti rəzil edib. Halbuki Sabir Azərbaycan xalqının mənəvi sərvətidi. O, millətin düşünən beyni, vuran ürəyi olub. Sabiri bəyənməyən özünü bəyənmir, ona xor baxan dədə-babasına istehza edir. Şairi təhqir edən özünün nəslini-nəcabətini inkar etmiş olur. Mirzə Ələkbər Sabir bu millətin dərdinin tərcümanı rolunda çıxış edərkən, indi onu bəyənməyənlərin ata-babalarının xorultusu sabaha olan ümidlərinin öləziyən işığını söndürürdü. Sabir xalqın dərdlərini SÖZə çevirib şeirlərinə hopdururdu. Sabirin 100-130 il əvvəl yazdıqları bu gün də aktualdı. Sabir suçəkən idi, azərbaycanlıların qəmini-kədərini özünə çəkirdi, canında gəzdirirdi. Bu gün onu bəyənməyənlər Sabir kədərini anlamayanlardı.
Anlamazlıq böyük dərddi, mənfur və sağalmaz xəstəlikdi. Bu xəstəliyə tutulanlar sanki, narazı düşüncələri, əks fikirləri, təhqiramiz ifadələri ilə öz dərdlərinə dərman tapmış olurlar. Tapmayanda da Səməd Vurğunu, Müşfiqi, Anarı hədəfə alırlar. Səməd Vurğun XX əsr Azərbaycan ədəbiyyatının bayraqdarı, Mikayıl Müşfiq milli şüur və vətənpərvərliyin nümunəsi idi. Yaxşı xatırlayıram. Universitetdə oxuyanda mərhum professor Qulu Xəlilov bir dəfə dərsdə Səməd Vurğunla Müşfiq poeziyasını belə müqayisə etdi: "Səməd Vurğun uca dağdısa, Müşfiq hündür qayadı. Səməd Vurğun yüksəklikdən tökülən şəlalədirsə, Müşfiq çağlayan bulaqdı. Səməd Vurğun firtınadırsa, Müşfiq qayalara çırpılan dalğadı. Səməd Vurğun okeandırsa, Müşfiq dənizdi, çaydı". Əgər indiki narazılar Qulu müəllimdən dərs alsaydılar heç vaxt klassiklərin ünvanına kobud ifadələr işlətməzdilər. 1970- 1980 - ci illərdə Azərbaycan ədəbiyyatından dərs deyən müəllimlərin tələbələri olsaydılar nə Anara, nə də Xəlil Rzaya etiraz etməyə ağılları və vicdanları yol verməzdi.
Ötən il bu vaxtlar Anarı qaralamağa başlamışdılar. Tutduğu vəzifəyə irad tutur, Yazıçılar Birliyindəki kabinetində oturduğu kresloya rişxənd edir, yaşına-başına yaraşmayan ifadələrlə hörmətsiz davranır, yazdığı ədəbiyyat nümunələrini bəyənmirdilər. Halbuki ata-anaları onları Anarın əsərləri ilə böyüdüb, tərbiyə ediblər. Valideynləri Anarı, atası Rəsul Rzanı, eləcə də anası Nigar Rəfibəylini sevə-sevə oxuyub, yazdıqlarını əzbərləyərək orta və ali məktəblərdə bu üçlüyün əsərlərindən imtahan veriblər. Belə çıxır ki, bunlar valideynlərini də inkar edir, onların zövqünə və dünyagörüşünə tərs şillə vururlar. Anarın 80 illik yubiley günlərində bir xanım yazdı ki, mən Anarı oxumasaydım elə bilərdim ki, kamikadze gürcü familiyasıdı. Bəlkə də ədəbi zövqü bu qədər gözəl olan xanımın sözləri özündənrazı narazıların susmasına səbəb oldu. Əvəzində Xəlil Rza nişangaha alındı. Amma bu da çürük çıxdı. İnsanların təpkisi "üzr istəyirəm" sonluğu ilə nəticələndi.
Bəlkə də bu adamları qara qüvvələr idarə edir. Ki... öz ədəbi keçmişinə və tarixinə nifrət püskürsünlər. Yoxsa nə olub, niyə belə düşünsünlər? İnsafla deyim ki, özündənrazı olan bu narazıların bəzilərində hərdən istedad işartısı görünür. Amma özləri bu işartının üstünü örtürlər. Ortaya ciddi material qoymağa gücləri də çatar. Nə yazıq ki, güclərini keçmişə daş atmağa xərcləyirlər.
Bu adamlar özlərini ədəbiyyat yaradıcısı hesab edirlər. Yazdıqlarını ən yaxşı ədəbi nümunə kimi qələmə verməyə çalışır, "zorən təbib" misalı oxucu qazanmağa cəhd edirlər, amma alınmır. Keçmiş hər zaman öz işığı ilə indinin gözünü qamaşdırır. Məhz bu səbəbdən də onlar gözlərinə düşən işıqda yeni bir şey yarada bilmədikləri üçün həmin işığı söndürmək istəyirlər. Amma əbəs yerə özlərini yorurlar. Rus şairi Aleksandr Blokun məşhur sözünü xatırlatmaq istəyirəm: chr("39")chr("39")Şairin karyerası yoxdu, şairin taleyi var". Klassiklərin taleyi ilə bu günkü özündənrazı narazıların taleyi arasında yerlə göy qədər fərq var. Bunların taleyi karyera istəklərinin altında qalıb.
Bu adamlar haqqında ən çox "gündəmə gəlmək istəyirlər" fikri səslənir. Əgər məqsədləri doğrudan da budursa çox cılız üsula əl atıblar. Əvvəla, narazıların gündəmə gəlmək üçün sanbalları yoxdu. Gündəm yaratsalar da ciddi qarşılanmır. İkincisi də gündəmə gələrək özünü göstərmək ədəbiyyat adamlarına yaraşmaz, bu, vicdanlı SÖZə ləkədi. Ədəbi və müqəddəs SÖZü ucuz dedi-qodularla, çirkin sözlərlə "yükləmək" cəhdi heç vaxt müsbət nəticə verə bilməz. Şou-biznes nümayəndələrinin yolunu gedənlərin eyni cəhdi sabun köpüyüdü. Adamı ağrıdan odur ki, bədii SÖZ nümunəsi yaradan ədəbiyyatla şou-biznesi eyni tərəziyə çıxaranlar yalnız Azərbaycanda peyda olub. Dünyanın heç bir yerində belə bir şey yoxdu ki, kimlərsə müğənni tayfasının ucüz dedi-qodularına bənzər çirkin sözlərlə SÖZ yaradıcısının kögəsində gündəmə gəlsin. Görünür bu, özündənrazı narazıların taleyidi. Şeytan onların taleyi ilə oynayır, yoldan çıxarır...
Əslində bu mövzuda yazmaq istəmirdim. Hətta bir neçə gün "yazım, yazmayım" dilemması ilə üz-üzə qaldım. Amma dünənin SÖZ yaradıcılarının taleyinə atılan daşın qabağında balaca bir maneə olsun deyə yazmaq istəyimin qarşısını ala bilmədim...