Nikahdankənar uşaqların hansı hüquqları var?
Azərbaycanda qeyri-qanuni nikahların sayı artmaqda davam edir. Maraqlı məqam ondan ibarətdir ki, qanunsuz nikahlar cəmiyyətdə tam şəkildə də olmasa, müəyyən mənada qəbul edilməkdədir. Artıq heç kim belə ailələri qınamır, irad tutmur, bir çox qanunsuz ailələr isə özlərini daha çox xoşbəxt hiss etdiklərini dilə gətirirlər. Rəsmi statistik məlumata görə, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb.
23 Yanvar 2018 14:26 SosialOnlar hansı halda vərəsəlik hüququnu itirirlər?
Azərbaycanda qeyri-qanuni nikahların sayı artmaqda davam edir. Maraqlı məqam ondan ibarətdir ki, qanunsuz nikahlar cəmiyyətdə tam şəkildə də olmasa, müəyyən mənada qəbul edilməkdədir. Artıq heç kim belə ailələri qınamır, irad tutmur, bir çox qanunsuz ailələr isə özlərini daha çox xoşbəxt hiss etdiklərini dilə gətirirlər. Rəsmi statistik məlumata görə, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur. Sonrakı iki ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq 2013-cü ildə 25 069, 2014-cü ildə 25 486, 2016-cı ildə isə 26 288 uşaq olub. Məlumata görə, reallıqda qeyri-qanunu nikahdan doğulan uşaqların sayı daha artıqdır. Maraqlıdır, insanlar rəsmi nikahdan çox vətəndaş nikahı və ya kəbinlə yaşamağa üstünlük verirlər. Səbəb isə sadədir: bir çox insan rəsmi nikahı asılılıq, sərbəstliyin məhdudlaşdırılması kimi qəbul edir. Bəziləri isə düşünür ki, istər rəsmi nikah olsun, istər kəbin, insanlar arasında məcburiyyət olmamalıdır. Yəni, yaxşı ata öz övladına nikahsız da sahib çıxa bilir. Yaxşı olmayan ata isə rəsmi nikah olsa belə, övladı ilə maraqlanmır. Yəni, ideal ata olmaq sənədlərlə deyil, xarakterlə, insanlıqla bağlıdır. Bəli, bu gün Azərbaycanda nikahsız uşaq dünyaya gətirib, övladı ilə tək qalan anaların sayı az deyil. Qanunlara görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda ana öz övladı üçün aliment tələb edə bilir. Bəs nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
Vəkil Rövşən Qasımov bildirib ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur: "Uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 44.2. maddəsinə görə, uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından, yaxud uşağın atasının ölümündən sonrakı 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq edilir. Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır: Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var. Sonda qeyd edək ki, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir. Amma bu uşağın mənəvi və psixoloji vəziyyətin necə olacağına heç kim zəmanət verə bilməz."
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır. Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.Bu çətinliklərin məhz rəsmi nikahın olmaması səbəbindən yaranır. Əsasən qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii ki, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi müəyyən olunsun. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər. Lakin bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi isə alimentlə bağlı olur. Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək.Odur ki, insanlar belə halların baş verməməsi üçün daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada bilməsini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar. Düzdür, bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Bu kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Nurlan