Ermənistan parlamenti Bakıdakı məhkəmə hökmlərinin təhlükəsini qapalı müzakirə edə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan Bakıda saxlanılan erməni məhbusların hökmlərində dövlət təhlükəsizliyi üçün yaranacaq riskləri Müdafiə və təhlükəsizlik komissiyasında qapalı müzakirə etməyi təklif edib.

Manukyan Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilməsini, diqqətin məhbusların taleyinə deyil, bilavasitə Ermənistanın təhlükəsizliyinə yönəldilməsini istəyib. Komissiya sədri Vilen Qabrielyan məsələnin müzakirə oluna biləcəyini bildirib. Təşəbbüsə səbəb Bakıda həbsdə olan Qarabağdakı qondarma rejim nümayəndələrinin müraciətləri olub: David İşxanyan Ermənistan müvafiq qurumlarını Bakıdan məhkəmə hökmlərini tələb etməyə çağırıb. O bildirib ki, bu sənədlərdə Ermənistan dövlətçiliyinə, xalqın hüquq və ləyaqətinə toxunan məqamların olub-olmadığını anlamaq lazımdır. David Manukyan isə Ermənistanın Baş naziri Nikol Paşinyanı Bakının irəli sürdüyü ittihamlara münasibət bildirməyə səsləyib.

Qeyd edək ki, Bakıda keçirilən məhkəmə proseslərində Qarabağdakı keçmiş qanunsuz rejimin hərbi-siyasi rəhbərliyinə uzunmüddətli və ömürlük azadlıqdan məhrumetmə cəzaları kəsilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31