Taleh Əliyev: "3+3" formatı Rusiyanın Cənubi Qafqazdakı itkisini bərpa cəhdidir – ÖZƏL
15:16 Siyasət"Rusiya tərəfinin daha çox real fəaliyyət göstərməsində maraqlı olduğu "3+3" platforması o baxımdan Rusiyanın maraqlarına uyğun gəlir ki, artıq Cənubi Qafqaz ölkələrində Rusiyanın ənənəvi hegemoniyası, ənənəvi üstünlüyü tədricən aradan qalxır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanda mövcud hakimiyyətlə birbaşa əlaqələr normal olsa da, Gürcüstanın iki muxtar ərazisinin Rusiya tərəfindən işğal edilməsi səbəbindən "3+3" formatında Rusiyanın iştirakına görə Gürcüstanın bu platformaya qoşulmaması prosesi tam təmin etmir. Rusiya fərqindədir ki, bu gün Cənubi Qafqazın hər üç respublikasında Türkiyənin təsir imkanları Rusiyanın təsir imkanlarını üstələyir və bu təsir getdikcə daha da genişlənir. Rusiya həm də Türkiyənin artan nüfuzunu balanslaşdırmaqdan ötrü "3+3" formatı ideyasını dəstəkləyir. Burada Türkiyənin hər üç Cənubi Qafqaz respublikasında nüfuzunun artmasını istəməyən digər qonşu dövlət olan İranın da bu prosesə qatılması əslində həm üç Qafqaz respublikasının, həm də Türkiyədən daha çox Rusiyanın maraqlarına uyğundur. Sadəcə, Türkiyə tərəfi fərqindədir ki, bu gün Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqeyini birtərəfli olaraq Türkiyə tutmur. Burada xüsusilə Ermənistan və Gürcüstanın Qərb dövlətləri ilə, xüsusilə də Türkiyə ilə münasibətləri o qədər də hamar olmayan Fransa kimi ölkələrlə yaxınlaşması baş verə bilər. Ona görə də Türkiyə tarixi prosesə kənar müdaxilələrin baş verməməsi üçün uzunmüddətli perspektivdə həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada Türkiyənin daha real tərəfdaşa, partnyora çevriləcəyinin fərqində olaraq, bu gün Rusiya ilə, yeri gələndə isə İranla da əməkdaşlıq nümayiş etdirir ki, kənar güclər bu regiona müdaxilə etməsin və regionda əsas tərəfdaş dövlətə və ya quruma çevrilməsin. Regiondan kənar güclərin regiona gəlməsini hər üç ölkə istəmir və müəyyən mənada bu, Azərbaycanın da marağındadır. Çünki bu gün Ermənistanda ən aktiv fəaliyyət göstərən kənar region ölkələrindən biri, bəlkə də birincisi Fransadır. Fransanın Azərbaycan-Ermənistan münasibətlərində tutmuş olduğu qərəzli rol Azərbaycanı tam qane etmir və qane etmədiyinə görə də Ermənistanda Fransanın tam möhkəmlənməsi bu baxımdan Azərbaycanın da maraqlarına zərbə vurur. Azərbaycan maraqlıdır ki, belə bir möhkəmlənmə baş verməsin. Amma bütövlükdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə son zamanlar Gürcüstan istisna olmaqla, digər Cənubi Qafqaz respublikalarının münasibətləri kifayət qədər işgüzar xarakter daşıyır və bundan sonra da inkişaf edəcəyi gözlənilir. Yəni bu prosesdə hesab edirəm ki, Rusiyanın istəkləri sona qədər özünü doğrultmayacaq.
Səidə Ramazanova