Paşinyan seçim qarşısında: Ermənistanın çıxış yolu haradadır?- ÖZƏL

Politoloq Armen Badalyan Nikol Paşinyanın Moskva səfərində üç seçimlə üzləşəcəyini bildirib: Rusiyanın şərtlərini qəbul etmək, imtina edib təcrid olunmaq və ya ən azı 1 milyard avro tapmaq. Onun sözlərinə görə, Aİ-nin ayırdığı 80 milyon avro bu ehtiyacı qarşılamır və hətta 1 milyard avro tapılsa belə, bu, problemi yalnız bir il həll edə bilər.
Mövzu ilə bağlı Resurs Analitik İnformasiya Mərkəzi İB nin sədri Rasim Quliyev Olaylar.az -a açıqlama verib:

" Əvvəla, Nikol Paşinyan hazırda Fransada işgüzar səfərdədir və bu səfərə adi, gündəlik sərnişin reys təyyarəsi ilə gedib. Yəni, bu, hazırda onun Rusiyadan təhlükəsizlik baxımından o qədər də qorxmadığını göstərir. O, adi reys təyyarəsi ilə gedib və Fransada onun işgüzar səfəri çərçivəsində, söz yox ki, Fransanın prezidenti ilə görüşü nəzərdə tutulub. Onun maraqlarından biri də Rusiyanın təzyiqi qarşısında qalanda nə etməli olduğunu Avropada Fransa ilə müzakirə etmək istəyidir.
İkincisi, hazırda  güman eləmirəm ki, bu günlərdə Rusiya qəti Ermənistanı dilemma qarşısında qoysun ki, ya Avrasiya İqtisadi Birliyini tutmaq lazımdır, ya da Avropa Birliyini seçmək lazımdır. Hazırda Rusiya bu sualı verir, ancaq hələ Ermənistan bu suala cavab verməyə tələsmir və mən əminəm ki, Rusiya onu nə qədər də sıxışdırsa, Ermənistan ənənəvi erməni siyasəti olaraq, əminəm ki, Paşinyan Rusiya ilə dil tapmağa çalışacaq. Həm Avropadakı özünün ən böyük qoruyucusu, tərəfdaşı Fransaya, necə deyərlər, müəyyən arxayınlıqla, yaxud arxalanmaqla Rusiya ilə dil tapmağa çalışacaq. Eyni zamanda Rusiyanın Ermənistandakı dayaqlarını da zəiflətməklə, yəni Köçəryanı, Sərkisyanı və oradakı digər Rusiyapərəst qüvvələri, həm erməni kilsəsində olan, həm biznes mühitində olan digər qüvvələri Paşinyan öz rəqiblərini cinayət əməllərində və yaxud da müxtəlif vasitələrlə təzyiq altında saxlayıb, cinayət işləri açmaqla, yəni Rusiyanın Ermənistandakı olan qüvvələrini, bir sözlə, neytrallaşdırmaqla Rusiyaya özünün gərəkli olduğunu sübut eləmək istəyir və eləyir də. Yəni, qısası, o Rusiyaya və Vladimir Putinə deyir ki, sən məndən işləmək istəyirsən, məndən işləyək. Ermənistanda başqası ilə işləmək istəyirsən, onlar cinayətkardır, onlar həbs olunmalıdır. Və bu, Rusiyanı fakt qarşısında qoyur ki, yalnız Ermənistanda Paşinyan ilə işləmək məcburiyyətində qalsın. Ona görə də Paşinyan həm Avropa ilə, həm də Rusiya ilə hələlik bu qaydada da, dediyim kimi, ənənəvi erməni siyasətini, o hamı ilə işləmək prinsipini nümayiş etdirərək bir müddət uzadacaq.
Ancaq onun həqiqətində Ermənistanın çıxış yolu Türkiyə və Azərbaycanın ona qapılarını açmasından keçir. Ona görə də, söz yox ki, Azərbaycanın şərtləri qəbul olunmalıdır. Yəni, hələ sülh müqaviləsi imzalanmayıb. Və nə qədər ki, erməni cəmiyyəti, Ermənistan dövləti hələ sülh müqaviləsini imzalamağa hazır deyil, yaxud da müxtəlif variantlarla manipulyasiya eləməyə çalışırsa, onda belə çətin vəziyyətdə, zor suallar qarşısında qalacaqlar ki, o seçimlər, hansısa seçim eləmək qarşısında  Ermənistanın zərərinədir. Ona görə də bu seçim məsələsini maksimum uzatmağa çalışırlar. Hələ mən ümid edirəm ki, bunu bir müddət uzada biləcəklər.
Qaldı ki, Avropanın, tutaq ki, Ukraynaya verdiyi maddi dəstəyi Ermənistana niyə vermir? Bu mövzu başqadır. Çünki Avropa, Fransa və yaxud da Avropanın müəyyən dairələri Ermənistana dəstək verirlər. Ancaq o qədər. Çünki Ukraynanın məsələsi birbaşa Avropanın özünün taleyidir. Ancaq Ermənistan məsələsi isə Avropanın Cənubi Qafqaz münasibətidir. Ona görə də ildə 1 milyard avronu Ermənistana Avropa hazırda ayırmağa hazır deyil. Yəni, burada Avropanın Ermənistanda hansı marağının təmin olunacağı hələ o da dəqiq deyil. Çünki burada Türkiyə var, Azərbaycan var, burada ABŞ var və Avropa burada hansı formada təmsil olunacaqsa, bu bəlli deyil. Məsələn, Avropa istəyir ki, hər hansı bir variantda Cənubi Qafqazda Rusiyanın nüfuzu və təsiri zəifləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31