Dünyanın diqqəti Azərbaycana yönələcək

7-ci Qlobal Forum ölkəmiz üçün yeni imkanlar açacaq

Bu günlərdə Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi edəcək. Xəbərlərdən də məlum olduğu kimi aprelin 25-27-i tarixlərində Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forum keçiriləcək. Məlumat üçün qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Artıq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri də yekunlaşmaq üzrədir. Belə ki, Forumun ölkəmizdə keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsi ötən müddət ərzində kifayət qədər işlər görüb. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi Təşkilat Komitəsi bir sıra səmərəli görüşlər keçirib, forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadilələri aparıb. Təşkilat Komitəsinin gördüyü məqsədyönlü işlər çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti ilə keçirilmiş görüşdə Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçıları, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, Azərbaycanla BMTSA arasında əməkdaşlıq məsələləri müzakirə olunub. BMT Baş Assambleyası çərçivəsində keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında isə təşkilatın Baş Katibi Ban Ki Moon və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə Forumun və ölkəmizin təqdimatı keçirilib. Təşkilat Komitəsinin gördüyü işlər çərçivəsində digər mühüm bir addım Londonda atılıb. Belə ki, Böyük Britaniyanın London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl Nasser ilə görüş keçirilib və görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş" imzalanıb. Sözügedəns saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilib. "İnkluziv cəmiyyətlərdə birgəyaşama;Çağırış və məqsəd" şüarı altında keçiriləcək Forum çərçivəsində 40-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur. Dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət xadimləri, nazirlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamlardan təqribən 3000 nəfərdən çox şəxsin qatılacağı Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Ümumiyyətlə, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi hərtərəfli ölkəmiz üçün müsbət dividentlər gətirəcək. İlk növbədə onu qeyd edə bilərik ki, forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir və bu da sözügedən təşkilat və qurumların ölkəmizə verdiyi dəyərin göstəricisidir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına pozitiv baxışa dəlalət edir. Həmçinin "Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirmək üçün daha bir addım, daha bir imkandır. Forum münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verəcək. Təsadüfi deyil ki, məhz bu aspekt işğalçı Ermənistanı ciddi narahat edir və rəsmi İrəvan hər vasitə ilə sözügedən foruma mane olmağa çalışır. Hətta işğalçı ölkənin rəhbərliyi forumun Azərbaycanda keçirilməməsi üçün BMT-yə ismarıc da yollayıb. Yuxarıda qeyd etdiyimiz kimi forumda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri, xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək ki, bu da Azərbaycanın üzləşdiyi problemləri, xüsusilə Ermənistanın işğalçılıq siyasətinin dünya birliyinə bir daha yaxından çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Forum iştirakçıları təkcə bu həqiqətləri eşitməyəcək, həm də öz gözləri ilə görəcəklər ki, bu da öz-özlüyündə diplomatiya sahəsində daha bir nailiyyətin əldə edilməsi deməkdir. Qlobal Forum çərçivəsində gənclər üçün də beynəlxalq tədbirin də keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu da öz növbəsində ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti və onun nailiyyətləri barədə beynəlxalq aləmin məlumatlandırılması deməkdir. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Forumu onlarla ölkədən yüzlərlə KİV işıqlandıracaq ki, bu da Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin forum iştirakçıları Azərbaycanda olduqları müddət ərzində bizim milli adət-ənənələrimiz, musiqimiz, mətbəximiz, tariximiz, ən əsası tolerantlığımızla yaxından tanış olacaqlar ki, bu da sonrakı dövrlərdə dünyada Azərbaycanın müsbət imicinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bir sözlə Sivilizasiyalararası VII Qlobal Forum bütün parametrləri üzrə Azərbaycanın təbliğatı, onun tanınmasına xidmət edəcək. Hər halda xüsusilə indiki dövrdə buna Azərbaycanın daha çox ehtiyacı var. Çünki aprelin ilk günlərində cəbhə xəttində yaşanan məlum olaylardan sonra erməni təxribat maşını yenidən var gücü ilə Azərbaycana qarşı hücuma keçib. VII Qlobal Forum isə öz növbəsində erməni təxribat maşınının zərərsizləşdirilməsi işinə də yaraya bilər.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00