Cəzanın azaldılması ilə yetkinlik yaşına çatanların islah olunması mümkündürmü?

Rafael Cəbrayılov: “Uşaqlara tətbiq olunan cəza ilinin 10 ildən 8 ilə endirilməsinin effekt verəcəyinə inanmıram”.

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra, respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirməyə başlamışdır. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının "Uşaq Hüquqları haqqında" Qanunu milli qanunvericiliyin bu sahədə qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir. Respublikamız 2000-ci ildə qəbul olunmuş "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair" və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair" Fakultativ Protokollarına qoşulmuş və milli qanunvericilik daha da təkmilləşdirilmişdir. 2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində ölkəmizin Əsas Qanuna insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini baxımından mühüm normalar əlavə edilmişdir. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəalar daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında qeyd edilən istiqamətlərin reallaşdırılması üçün bir sıra məqsədli sənədlərin qəbulu nəzərdə tutulur. Bununla bağlı "Azərbaycan ailəsi Strategiyasi"nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması planlaşdırılır. Eyni zamanda, "Ailə psixoloqu" institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq. Bütün sadalananlara baxmayaraq bir sıra beynəlxalq təşkilatlar yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi təklifi ilə çıxış edirlər. Belə ki, Milli Məclisdə təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi" adlı dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems deyib ki, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda ədliyyə sistemində islahatların sürətləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bu gün ümumiyyətlə, Avropada uşaqların 90 faizi yoxsulluq risqi altındadır. Eyni zamanda, onların hüquqlarının pozulması risqləri gündən-günə artır: "Ona görə uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır. Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir". Təxminən eyni fikri ifadə edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze qeyd edib ki, yetkinlik yaşına çatmayanların, xüsusilə, 18 yaşdan aşağı olanların azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməli, aşağı endirilməlidir. Daha dəqiq, Azərbaycanda yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 10 illik cəza müddəti ən azı 8 ilə endirilməlidir. Andro Şilakadze fikrini onunla əsaslandırıb ki, Avropa ölkələrində yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 6 ildən yuxarı deyil: "Özünün çox sürətli inkişaf dövrünü yaşayan bir ölkənin - Azərbaycanın bu inkişafı ondan insan hüquqları, xüsusilə, uşaq hüquqları ilə bağlı qanunverciliyi növbəti dəfə təkmilləşdirməyi tələb edir. Dünyada uşaq hüquqları ilə bağlı ən vacib sənəd BMT-nin Uşaq hüquqları Konvensiyası sayılır. Həmin Konvensiyanın 37-ci maddəsində də uşaqlarla, yetkinlik yaşına çatmayanlarla bağlı ən son addım kimi onların azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Yəni, bunun özü onu göstərir ki, müəyyən hüquq pozuntularına yol vermiş uşaqları, yetkinlik yaşına çatmayanları nəinki istintaq altında, istintaq təcridxanlarında saxlamaq, əksinə, onları yenidən cəmiyyətə, ailəyə qazandırmaq lazımdır. Onların azadlıqdan məhrum edilməsi ən son addım kimi seçilməlidir və bu məsələdə yüngülləşdirici hallar nəzərdə tutulmalıdır". Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov hesab edir ki, cəzaların azaldılması ilə yetkinlik yaşına çatanların islah olunması mümkün deyil: "Mən təklif edərdim ki, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə ümumiyyətlə, həbs qətimkan tədbirnin seçilməsini qadağan etmək olar. Çünki burada söhbət 7 ilə qədər həbs cəzası nəzərdə tutulan və ictimai təhlükə törədən, həmçinin, 2 ilə qədər həbs nəzərdə tutulan və az ağır cinayətlərdən gedir. Bu baxımdan, azyaşlıların bu cür cinayət əməllərinə görə həbs olunmasını istintaq zamanı qadağan etmək olar. Belə ki, az ağır cinayətlərə görə, uşaqların azadlıqdan məhrum edilməsini qadağan etmək mümkündür. Cinayət Məcəlləsinə görə, cinayət məsuliyyəti 14 yaşdan yaranır. Bəzi kateqoriayalara görə isə 15, 16 və daha çox yaşlarda olur. Bu gün Azərbaycanda azyaşlıların az ağır cinayətlərdə azadlıqdan məhrumetmə halları yox dərəcəsindədir. Ağır və xüsusilə ağır cinayətlər görə isə həbs cəzaları var. Amma ağır və xüsusilə, ağır cinayətlər kateqoriyasında isə müstəsna hallarda cəza illərini yarıya qədər azaltmaq olar. Ümumiyyətlə, uşaq hüquqları Azərbaycan dövləti üçün hər zaman həssas bir məsələ olub. Çünki cəmiyyətimizin 32, 5 faizi yaxud üçdə biri gənclərdir. Dünyada bu ortalama rəqəm 18-19 faizdir. Gənclərin və uşaqların hüquqları Azərbaycan qanunvericiliy üçün çox mühüm bir məsələdir". Onun sözlərinə görə, uşaqlara verilən cəza müddətinin azaldılması effekt verməyəcək: "Uşaqlara tətbiq olunan cəza müddətinin 10 ildən 8 ilə endirilməsinin effekt verəcəyinə inanmıram. Çünki bəzən biz hümanizm deyəndə gözümüzün qarşısına yalınız cinayəti törədənlər gəlir. Amma zərərçəkən insanı unuduruq. Onun mövqeyini diqqətdən qaçırdırıq. Ona görə də cəza müddətinin 10 ildən 8 ilə endirilməsi müsbət hal meydana gətirməyəcək.Uşaqlara tətbiq olunan cəza ilinin 10 ildən 8 ilə endirilməsinin effekt verəcəyinə inanmıram". Millət vəkili fikrini belə ifadə edib ki, bəzən biz humanizm deyəndə gözümüzün qarşısına yalnız cinayəti törədənlər gəlir. 14 yaşında həbs olunan vətəndaşların 18 yaşına çatanda böyüklər olan cəza çəkmə müəssisələrinə köçürülməsi isə belə də olmalıdır. Çünki biz belə etməsək dilemma qarşısında qala bilərik. 18 yaşlı uşaqlar böyük və həddi buluğa çatmış, vətəni müdafiə edəcək yaş həddindədirlər. Uşaq məhkəmələrinin qapalı şəkildə keçirilməsi, uşaqların məhkəmə mühitinə uyğunlaşmaması məsələsi uşağın obyektiv ifadə verib-verməməsinə dəlalət edir. Çünki o psixoloji mühitə düşən uşaq qeyri-obyektiv ifadədə də verə bilər. Təklif edirəm ki, uşaqlara qapalı məhkəmələrlə yanaşı səyyar məhkəmə iclaslarının da keçirilməsi vacibdir. Səyyar məhkəmələr hətta uşaqların təhsil aldığı müəssisələrdə də keçirilə bilər". Rafael Cəbrayılov yetkinlik yaşına çatmayan şəxslərlə işləyən polis şöbələrinin fəaliyyətini heç də yaxşı hesab etmir: "Sovetlər zamanı həddi buluğa çatmayanlarla əlaqədar polis şöbələri daha yaxşı işləyirdilər, nəinki bu gün. Təəssüf ki, polisin bu gün həmin şöbələri üzrə fəaliyyət göstərən əməkdaşı, valideyn və məktəb üçbucağını yaratmaq mümkün deyil. Cinayət törətmiş, zərər çəkmiş və şahidlik etmiş uşaqların hüquqları ilə bağlı beynəlxalq bir konvensiyanın olması daha düzgün olardı. Şahidin və qurbanın həyatının qorunması məsələsi bütün dünyada var. Həmin qanunlara görə onların adlarının gizlədilməsi, hətta dəyişdirilməsi, yaşayış ünvanlarının gizliliyi məsələləri çox mühümdür. Amma Azərbaycanda bu praktikanın işləyəcəyinə inanmıram. Çünki Azərbaycan kiçik ölkədir".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00