Kanadada Respublika Günü qeyd edilib

Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası 28 May - Respublika Günü ilə əlaqədar təntənəli tədbir təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan himninin  oxunması ilə başlanan tədbirdə soydaşımız Səbinə Əzizli çıxış edərək müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan ADR-in tarixi haqqında qısa məlumat verib. ADR-in yaranmasına dair əhəmiyyətli faktlara toxunan Səbinə Əzizli cümhuriyyətin qısa müddət ərzində əldə etdiyi uğurlardan -  parlamentin, hökumətin, ordunun, bayrağın, milli himnin və valyutanın yaranmasından, eyni zamanda ADR-in  qurulmasına və inkişafına öz töhfəsini vermiş Məmməd Əmin Rəsulzadənin nailiyyətlərindən bəhs edib. Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov da tədbirdə iştirak edərək qonaqlara Azərbaycanın tarixinə dair məlumat verib. Tədbirdə iştirak edən London şəhərinin Parlament nümayəndəsi, Elm və Texnologiyalar naziri Ed Holder Türk-Azəri Cəmiyyətini göstərdiyi aktivlik və Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın güclü iradəsini, müstəqillik hissini yüksək qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00