“Dağlıq Qarabağın indiki status-kvosu Ermənistanı qane etmir”

Əli Orucov: “Məhz buna görə də münaqişənin nizamlanması istiqamətində səylər intensivləşdirilib”

"Dağlıq Qarabağla bağlı mövcud status-kvonun saxlanması Rusiyadan başqa heç bir münaqişə tərəfini qane etmir. Hətta, Ermənistan da bundan narazıdır" - AMİP Mərkəzi Şurasımım üzvü Əli Orucov "Olaylar"a açıqlamasında belə deyib. Ə.Orucov hesab edir ki, bu halda Ermənistan bu halda Kremldən daha çox asılı vəziyyətdə qalır. Partiya funksioneri qeyd edib ki, əgər münaqişə nizamlansa o zaman Rusiyanın regiona təsiri və təzyiq imkanları azalır, nəticədə Cənubi Qafqazda öz maraqlarına çəkilmək məcburiyyətində qalır: "İndiki vəziyyət Ermənistanı da cana doyuzdurub. Ermənistan həm qlobal layihələrdən kənarda qalır, həm təklənmiş vəziyyətdə, həm blokadada, həm də yarımmüstəmləkə halında olur. Üstəlik də iqtisadi və sosial sıxıntılar məngənəsində boğulur. Lakin bununla belə Ermənistan ümid edir ki, vaxt uzandıqca işğalçılıq faktorunu unutdurmağa nail olacaq və ələ keçirdiyi torpaqlar hesabına bazarlaşma apara  biləcək. Dünya və regionda proseslərin köklü surətdə dəyişməsi, geopolitik müstəvidə gedən mübarizənin gərgin və qarşıdurma hal alması mövqelərin də qətiləşdirməsini diqtə edir. İrəvan öz seçimini zorən də olsa Rusiya ilə bağlayıb. Azərbaycan isə ehtiyatlı da olsa Avroatlantik məkana inteqrasiya siyasəti yürüdür. Krım hadisələrindən sonra ABŞ da, Avropa İttifaqı da bir daha başa düşdü ki, dondurulmuş münaqişələr onların regiondakı maraqlarına ciddi təhlükə yaradır. Üstəlik də Azərbaycanın müdafiəsiz qalması ABŞ və Qərbdəki müttəfiqlərinin enerji təhlükəsizliyinə böyük zərbə olardı. Məhz buna görə də münaqişənin nizamlanması istiqamətində səylər intensivləşdirilib. Ümid edirəm ki, bu proses daha da sürətlənəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00