“Ağ kepkalı” feodalın elektromobil şousu - Mehdiyev klanı 600 hektar bağı belə zəbt edib
10:50 SiyasətŞabranlı iş adamı Mansur İbrahimov Ramiz Mehdiyev, onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olarkən onları məhkəmələrə verib, zəbt olunmuş şirkətlərini, torpaqlarını, əmlaklarını tələb edib. 2017-ci ildən başlanan məhkəmə çəkişmələri qarşı tərəfin məhkəməyə müraciət etmək hüququndan sui-istifadə etməsi səbəbilə bitmir.
Mansur İbrahimov Azərbaycanın şimal zonasında yüzlərlə hektar meyvə və üzüm bağının, soyuducu anbarın, eləcə də "Turaz" MMC və "Dostluq Aqro" MMC şirkətlərinin əlindən alınması ilə bağlı Musavat.com-a geniş və detallı açıqlama verib.
İş adamı 2005-2006-cı illərdən sıfırdan qurduğu təsərrüfata 2011-ci ildə, o zaman Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin necə ortağa gətirilməsindən, üzləşdiyi təzyiqlərindən, Moskva bazarında mənimsənilən milyonlardan və məhkəmələrdə üzləşdiyi qanunsuzluqlardan danışıb.
"2006-cı ildən sıfırdan bağ salmışdım, dövlətdən bir manat kredit almamışdım" Mansur İbrahimov bildirir ki, kənd təsərrüfatı fəaliyyətinə 2005-2006-cı illərdə öz şəxsi vəsaiti hesabına başlayıb:
"O vaxt camaat torpağa, əkin-biçinə maraq göstərmirdi. Mən taxıl əkirdim, əkini 100 hektardan 2000 hektara qaldırmışdım. 2006-cı ildə Türkiyədən üzüm çubuqları gətizdirib kökləndirdim və üzüm bağları saldım. 2009-cu ildə artıq 84 hektar meyvə bağım var idi - alma, armud, heyva, gilas, Kürdəmirdən gətirdiyim 100 min tinglə 40 hektar nar bağı salmışdım. 2010-cu ildə təkcə üzümdən 300 min manat gəlir götürdüm. O zamanlar təsərrüfatımda kənd təsərrüfatı nazirləri İsmət Abbasov, Heydər Əsədov və Şahin Mustafayev də dəfələrlə olublar".
İş adamının sözlərinə görə, 2011-ci ildə onun artıq 196,5 hektar meyvə və üzüm bağı olub və həmin il təsərrüfat 2 milyon manata yaxın gəlir verib.
Mansur İbrahimovun sözlərinə görə, məhsuldarlığın və gəlirlərin artdığını görən ətrafındakı şəxslərdən Kərim Məmmədov, sabiq bank və vergi işçisi Məhəmməd Balaqadaşov 2011-ci ilin əvvəllərində Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin onun şirkətinə ortaq gələcəyini deyiblər. İş adamı buna qəti etiraz etdikdə isə ona qarşı təzyiq mexanizmi işə salınıb:
"2011-ci il fevralın sonları idi. O vaxt Şabran Polis Şöbəsinin rəisi Eldar İlyasovun göstərişi ilə gecə bağlardan qayıdanda maşınımı saxladılar. Bağların hasarı hələ çəkilməmişdi, çaqqallar su şlanqlarını dişləri ilə doğrayırdı deyə, gecələr bağları gəzəndə öz adıma qeydiyyatda olan rəsmi, qanuni ov silahımı maşında gəzdirirdim. Bu bəhanə ilə məni polisə apardılar. Orada 1 sutka saxladılar. Eldar İlyasovla çox yaxşı münasibətimiz vardı. Bilirdi ki, mən əlimin zəhməti ilə ayaqda qalan iş adamıyam. Mən ondan həmişə hörmət görmüşdüm. Belə bir halda mənim qanuni silaha görə polisə aparılmağım, Eldar İlyasovun 3 telefon nömrəsindən heç birinə cavab verməməsi, əsassız yerə saxlanılmağımın onun iradəsindən kənar olduğunu ortaya qoyurdu. Sonradan Eldar İlyasovun ətrafından bunu mənə deyənlər də oldu. Mən silahın qanuni olduğunu deyib məhkəməyə aparılmağımı tələb edirdim. Lakin məni məhkəməyə aparmadılar, səhər heç bir izahat almadan məni polisdən sərbəst buraxdılar. Qanuni silahımı, maşınımı isə vermək istəmirdilər. Polisdən sərbəst buraxıldıqdan sonra Kərim Məmmədovla Məhəmməd Balaqadaşov yenə peyda oldular. İsrarla İlham Əliyevin şəriklik təklifini qəbul etməyimi istədilər. Mənə dedilər ki, İlham Əliyevlə ortaqlığa razılıq verməsən, işlərin getməyəcək, yenə də problemlərin olacaq, həbs ediləcəksən. Həmin il martın 3-də İlham Əliyev artıq şirkətə gəldi, dedi ki, guya şirkətə 7 milyon manat sərmayə qoyacaq. Amma 1 manat belə pul qoymadı, üstəlik şirkətin gəlirlərini ələ keçirməyə, mənimsəməyə başladı. Bu işdə ona Kərim Məmmədov və Məhəmməd Balaqadaşov dəstək verirdilər".
İş adamı deyir ki, İlham Əliyev 2011-ci il martın 3-də onun şirkətinə heç bir sərmayə qoymadan gəlib, halbuki 7 milyon manat vəsait qoyacağını vəd etmişdi. Bundan cəmi bir neçə gün sonra - martın 10-da İlham Əliyev, "Turaz" MMC-nin adından Azərbaycan Beynəlxalq Bankından (ABB) 20 milyon manat kredit götürməyə cəhd edib:
"Bağların birində balaca bir otaq var idi, ofis kimi istifadə edirdim, sənədlərim orada idi. İlham Əliyev Vüqar adlı hüquqşünası ilə ora gəldi. Hüquqşünas sənədlər gətirdi, dedi ki, "Turaz" MMC-nin adından 20 milyon manat kredit götürəcəklər, məndən qol çəkib möhür vurmağımı istədim. Sənədi oxudum, gördüm sənəddə mənimlə yanaşı İlham Əliyevin də adı yazılıb. Hüquqşünasa dedim ki, götür sənədi, at zibil yeşiyinə, mənim bağlarım artıq gəlirə çıxıb, kreditə ehtiyacım yoxdur, sənədi imzalamayacağam. Hüquqşünas otaqdan çıxan kimi bayırda gözləyən İlham Əliyevə dedi ki, "Mansur müəllim kredit üçün sənədə qol çəkmir, möhür vurmur". O gündən aramızda açıq narazılıq başladı".
Mansur İbrahimov həmçinin bildirib ki, İlham Əliyev gələn kimi şirkətdə rəsmi hesabat aparan iki mühasibi işdən çıxarıb yerinə "uçotçik" dediyi Məsim Quliyevi gətirib. Məsim Quliyev uzun illər İlham Əliyevin faktiki olaraq zəbt elədiyi Mansur İbrahimova məxsus şirkətlərdə çalışıb, bütün "qara mühasibat" işlərini həyata keçirib. İlham Əliyevlə baş verən mübahisədən sonra Məsim Quliyev müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.
Mansur İbrahimov deyir ki, Ramiz Mehdiyev kürəkəni İlham Əliyev tərəfindən zəbt edilən, ona məxsus olan, Şabran rayonunun Gəndab kəndində yerləşən bağlara və soyuducu anbara dəfələrlə baş çəkib:
"2011-ci ilin aprel ayında Ramiz Mehdiyev şəxsən özü köhnə "Mitsubishi" markalı ciplə bağlarıma gəldi. Başında bəstəkarlarınkına oxşayan ağ kepka var idi. Maşından düşmədi, oturacağı çevirib bağlara uzun-uzun baxdı. Sonralar da dəfələrlə soyuducu anbara və bağlara gəldi. Hətta ayaqla gəzə bilmədiyi üçün onun üçün xüsusi elektromobil gətirmişdilər, anbarı elektromobillə gəzirdi. Onun kürəkəni İlham şirkətlərimi, torpaqlarımı, bağlarımı zəbt etdiyinə görə aramızda ciddi qarşıdurma yarandı. Mənə qarşı bütün güclərini səfərbər etmişdilər. Hər addımda mənə badalaq vururdular. Möhtərəm cənab Prezidentin fındıqçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq 12 hektar fındıq bağı saldırmışdım. Ramiz Mehdiyev Şabranda vaxtilə ermənilərin yaşadığı Kilvar kəndindəki evinə gedərkən yolun kənarında olan fındıq bağının qarşısında maşını saxlatdırmış, icra başçısını çağırtdırıb göstəriş vermişdi ki, bağı darmadağın etsinlər, yerinə isə arpa əksinlər. Artıq bar verən 12 hektarlıq fındıq bağımı buldozer və traktorlarla şumlatdırdı. Ramiz Mehdiyev orada da şəxsən iştirak edib, rayonun icra başçısını da ora çağırmışdı. Həmin görüntülərin diski məndə var və mətbuata təqdim edə bilərəm".
İş adamı 2011-ci ildən 2017-ci ilədək təsərrüfatı genişləndirməyə davam etdiyini, mövsümi işçilərin sayının 500 nəfərə, bağ sahəsinin isə 400 hektara çatdığını, illik gəlirin 2012-ci ildə 3,5 milyona, sonrakı illərdə isə 5,2 milyon, 6,5 milyon və nəhayət 10 milyon manata yüksəldiyini deyir. Lakin o, 2017-ci ildə təsərrüfatdan tamamilə uzaqlaşdırılıb.
Mansur İbrahimovun sözlərinə görə, onun bağlarından yığılan məhsulun əsas satışı Rusiya bazarları idi. Həmin bazarlardan gələn pullar İlham Əliyevin adamları tərəfindən mənimsənilib:
"Meyvənin hamısı Rusiyaya, Moskvadakı "Food City" bazarına gedirdi. Orada İlhamın Rəsul adlı adamı oturmuşdu - bu gün də oradadır. Rəsul meyvə satışından əldə olunan pulu birbaşa İlham Əliyevə göndərirdi. O da, şirkətə mənim tələbimlə hərdən 30-50 min manat göndərirdi. Pulun böyük hissəsi İlhamın, bir hissəsi Rusiyada 2013-cü ildən axtarışda olan Kərim Məmmədova gedirdi. Bu günə qədər mənimsənilən vəsaitin məbləği 40-50 milyon manatdan artıqdır".
İş adamı şirkətin sənədlər üzərində ələ keçirilməsi mexanizmini də açıqlayıb. Onun sözlərinə görə, vaxtilə MTN-in təzyiqlərindən yayınmaq üçün 2006-cı ildə təsis etdiyi "Turaz" MMC-ni və 50 hektardan artıq torpaq sahəsini Gəndobda müəllim olan Cavanşir Quliyevin adına rəsmiləşdirib, özü isə direktor olub.
2008-ci ilin avqustunda Kərim Məmmədov və Cavanşir Quliyev Xaçmaz notariat kontorunda saxta müqavilə bağlayaraq şirkətin möhür və ştampını Kərim Məmmədovun 4 bacısının adına keçiriblər. Daha sonra bacılar saxta "təsisçi qərarı" yazaraq Kərim Məmmədovla əlbir olan, zamanında vergi orqanlaırnda çalışmış Məhəmməd Balaqadaşovun əli ilə "Turaz" MMC-nin əmlakını 25 faiz olmaqla öz aralarında bölüşdürüblər.
Mansur İbrahimov bildirir ki, 2019-cu ildə həm özü, həm də Cavanşir Quliyev Şabran rayon məhkəməsində iddia qaldıraraq saxta əqdlərin ləğvinə nail olublar:
"Şabran Rayon Məhkəməsi əmlakın və 55 hektar bağın qaytarılması barədə mənim xeyrimə qərar çıxardı. İş Sumqayıt Apellyasiya Məhkəməsinə getdi. Orada qərar oxunmalı olduğu gün qarşı tərəfin vəkili 3 gün vaxt istədi. Həmin 3 gün ərzində İlham Əliyev, Kərim Məmmədov və vəkil Aqamov Cavanşir Quliyevi Quba "ASAN Xidmət" mərkəzinə apararaq, mənə verdiyi bütün etibarnamələrə xitam verdiriblər və notariusda dilindən iddiasının olmaması haqda ərizəsini alıblar. Hakimlər də Cavanşir Quliyevin bu satqınlığa məəttəl qaldılar, iddiaçı geri çəkildiyi məcbur olub işi baxılmamış saxladılar. Bundan sonra İlham vəkil Aqamovu Quba vəkillər bürosunun rəhbərliyinə gətirilmsinə nail oldu".
Mansur İbrahimov vurğulayıb ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə hakimlər belə qorxduqları üçün ədalətli qərar verə bilməyiblər:
"Hətta işə baxan məhkəmə sədri olan bir hakim mənə dedi ki, "otur vəkilinlə qərarı yaz, mən təsdiqləyim, amma mən də qorxuram, sağ-salamat pensiyaya çıxmaq istəyirəm". İndi Ramiz Mehdiyev vəzifədə deyil, amma onun yaratdığı cinayətkar dəstə - kürəkəni İlham Əlisəftər oğlu Əliyev, Kərim Məmmədov, Cavanşir Quliyev, Məhəmməd Balaqadaşov və Vahid Əsədov hələ də əmlakımı zəbt altında saxlayırlar".
İş adamının sözlərinə görə, hazırda "Turaz" MMC və "Dostluq Aqro" MMC-nin balansında olan ümumilikdə 600 hektar meyvə bağı, şirkətin vəsaiti hesabına tikilmiş soyuducu anbar (hansı ki, İlham Əliyevin oğlunun adına açılan "Hikmət AQRO" MMC-yə yönəldilib) və onun xüsusi mülkiyyətində olan 89 hektar torpaq sahəsi qanunsuz olaraq ələ keçirilib:
"Mənim dövlətimdən, məhkəmədən, prokurorluqdan və hüquq-mühafizə orqanlarından narazılığım yoxdur. Tələbim odur ki, bu mütəşəkkil dəstənin əlindən mənim iki şirkətim, 600 hektar meyvə bağım, soyuducu anbarım və 89 hektar şəxsi torpaq sahəm geri alınıb özümə qaytarılsın".
Musavat.com