Əli Mustafa: "8 Noyabr Azərbaycanın beynəlxalq mövqeyini kökündən dəyişdi" – ÖZƏL
14:52 Siyasət"8 Noyabr - bu tarix son iki yüzillikdə qazandığımız ən böyük qələbələrdən birinin yaşandığı gündür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan torpaqları son XIX-XX əsrlərdə Rusiya və digər dövlətlər tərəfindən təcavüzə, təzyiqlərə və təhdidlərə məruz qalmışdı. Hətta Ermənistan belə Avropadakı havadarlarının və Rusiyanın siyasi dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edə bilmişdi. Təbii ki, bunun da müəyyən səbəbləri və məqsədləri var idi. Qorbaçovun hakimiyyəti dövründə yaranmış vəziyyətdən və məğlubiyyətin yaratdığı çətinliklərdən istifadə edilərək, ona müəyyən qərarlar qəbul etdirmək kimi məsələlər də mövcud idi. Lakin 8 Noyabr bu vəziyyəti dəyişdi. Artıq torpaqlarımızın işğal altında qaldığı dövrə son qoyuldu və biz öz ərazi bütövlüyümüzü təmin etdik. Əlbəttə, bu hadisədən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi də gücləndi. Azərbaycan öz ərazilərini azad edə bilən, zəif olmayan bir dövlət olduğunu, eyni zamanda, Cənubi Qafqazın ən böyük hərbi-siyasi gücünə malik olduğunu nümayiş etdirdi. Yeni dövrdə regionda Azərbaycanın sözü və mövqeyi daha da güclənməlidir. Regionun reallıqlarını qəbul etməyən, özünü nüfuzlu hesab edən dövlətlərin münasibətində belə biz müəyyən qərəzləri görürük. Təbii ki, bölgəmiz hələ də təhlükələrdən və təhdidlərdən tamamilə xilas olmayıb. Lakin Cənubi Qafqazın lider dövlətinin Azərbaycan olduğunu hamı qəbul edir və ölkəmizlə hesablaşır. Bu, olduqca önəmli məsələdir. Bu vəziyyət yeni dövrdə düşmənlərimizi qəzəbləndirir və özü ilə müəyyən riskləri də gətirir. Amma eyni zamanda, dostlarımızı da narahat edir. Əlbəttə, Azərbaycanın bu gün belə bir ölkədə təmsilçilik imkanlarının olması olduqca önəmlidir. Nəzərə almalıyıq ki, dünya düzəni yenidən formalaşır və yenilənir. Məncə, bu proses bizim üçün bir sıra üstünlüklər yaradır. Yeni dünya düzənində biz regiondakı lider mövqeyimizdən istifadə edərək, fərqli geosiyasi şəraitdə yeni status və mövqe qazanmaq imkanlarına malikik.
Səidə Ramazanova